8 May 15:46
2 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə İstanbul Universitetinin Ədəbiyyat fakültəsində Türk Tarix Qurumunun sabiq sədri Əli Birincinin bir mühazirəsinə qatıldım. Yazdığı bioqrafiyalar və hazırladığı xatirə ədəbiyyatı ilə türk tarixşünaslığında özünəməxsus yeri olan professorun mühazirəsinin mövzusu da elə bunlar idi.

Əli bəy türk tarixində önəmli yeri olan yüzdən çox şəxsiyyətin bioqrafiyasını yazıb. Son qələmə aldıqları arasında Əhməd bəy Ağaoğlunun da yeni məlumatlarla zəngin həyat hekayəsi vardır. Xüsusilə Osmanlının son dövrlərində və Cümhuriyyətin ilk illərində fəaliyyət göstərmiş şəxslərin bioqrafiya və xatirələrini hazırlayan professor tarixdə cüzi xidməti də olmuş şəxslərin haqlarının ödənməsi üçün yazmağın vacib olduğunu bildirdi.

Professora qulaq asdıqca nələr düşündüm? Azərbaycan tarixşünaslığında bioqrafiya və xatirələrə nə qədər önəm verilir? Son illərdə nələr yazılıb?

İlk yadıma düşən professor Ədalət Tahirzadənin hazırladığı kitablar oldu: Oğuztoğrul Tahirli ilə birgə yazdığı “Cümhuriyyət tələbələri”, akademik Misir Mərdanovla birgə ərsəyə gətirdiləri 10 cildlik “1920-ci ilədək ali məktəbdə oxumuş azərbaycanlılar” adlı əsərlər. Hər iki əsərdə ümumilikdə minə yaxın tələbənin bioqrafiyası təqdim olunub. Bu iş üçün Rusiya və postSovet ölkələrinin arxivlərində aylarla çalışılıb. Eləcə də professor Cəmil Həsənlinin Əlimərdan bəy Topçubaşının geniş bioqrafiyasını, ictimai-siyasi fəaliyyətini ehtiva edən “Tarixi şəxsiyyətin tarixi” adlı əsəri nümunə təşkil etməkdədir. Həmçinin Mehriban Vəzirin tərtib etdiyi Həmidə xanım Cavanşirin xatirələri də dövrü öyrənmək baxımından olduqca önəmli mənbədir. Mərhum Ənvər Çingizoğlunun şəxslər, nəsillər, şəcərələr barədə hazırladığı çoxsaylı kitablar da təqdirəlayiqdir. Əlbəttə ki, Sovet dönəmində senzuradan keçən xatirə kitablarının da əhəmiyyətini danmaq olmaz... “Xan” nəşriyyatının “Xatirə ədəbiyyatı”, “Çapar” nəşriyyatının “Memuar ədəbiyyatı” və “Bioqrafiya” seriyaları da bu yöndə uğurlu addımlardandır.

Amma bütün bunlara baxmayaraq Azərbaycan tarixşünaslığında bioqrafiya və xatirə ədəbiyyatının zənginliyindən danışmaq olmaz. Məsələn, Cümhuriyyətin ilk Baş naziri Fətəli xan Xoyski haqqında geniş bir çalışma yoxdur. Cümhuriyyət hökuməti nazirləri, əməkdaşları haqqında yetərli bioqrafik kitablar yazılmayıb. Hətta Cümhuriyyətin qurucusu Məhəmmədəmin Rəsulzadənin 52 illik ictimai-siyasi həyatını ehtiva edən abidə bir kitab yoxdur. Halbuki Əli Birincinin də dediyi kimi bioqrafiya yazmamaq qul haqqına girmək kimi bir şeydir. Xüsusən də dövlət quruculuğunda iştirak edən şəxslərin həyat hekayələri yazılmalı, təbliğ edilməlidir. Rusiyada yüz ildən çoxdur ki, bioqrafiya yazmaq adəti var, bu mövzuda çıxan kitablardan ayrıca bir kitabxana yaratmaq mümkündür. Vaxtilə bizdə də “Dünyanın görkəmli adamları”, “Azərbaycanın görkəmli şəxsiyyətləri”, “Məşələ dönmüş ömürlər” kimi seriya kitablar vardı. O seriyadan çıxan kitablar hələ də əskikliklərinə rəğmən orijinallıqlarını qorumaqdadırlar.

Ötən il Məhəmmədəmin Rəsulzadə mövzusunda üç cildlik xatirə kitabı hazırladım. Oxucuların bu kitablara rəğbəti bir daha xatirə ədəbiyyatının önəmini anlamağıma səbəb oldu. Çünki tarixi şəxsiyyətlərin ictimai-siyasi fəaliyyəti ilə yanaşı onların özəl həyatları, çətinlikləri, ağrı-acıları da oxuculara maraqlıdır.

Professor Əli Birincinin mühazirəsindən sonra bir daha anladım ki, tarix böyük şəxsiyyətlərin bioqrafiyalarının bir parçasıdır.


Müəllif: Dilqəm Əhməd