20 Sentyabr 08:45
1 839

Teleqraf.com şair Mahir Mehdi ilə müsahibəni təqdim edir.

– Mahir bəy, həbsxanadan yeni çıxmısınız. Azadlığa çıxdığınızı hiss edirsinizmi?

– Əslində, mənim üçün içəri ilə çölün heç bir fərqi yoxdur. Çöl də elə içəridir. Sadəcə, həbsxana için kiçildilmiş formasıdır. Min nəfərdən çox adam orda iç-içə yaşayır, hamı bir-birinin hər üzünü bilir. Orda gizlənmək mümkün deyil. Az bir vaxtda nəsənsə o da olursan, lüt, anadangəlmə...

– Ümumiyyətlə, bir il altı ay il necə keçdi, şair həbsxanada nə işlə məşğul olurdu?

– Min nəfərlik kişi cəmiyyətində yaşamaq zordur. Kişilərin ayıbını örtən qadınmış. Qadınsız bir kişinin necə anlamsız bir varlıq olduğunu həbsxanada gördüm...

– Qadın da yox... Bəs bu qədər vaxtda sizi nə yaşatdı?

– Orda məni ədəbiyyat yaşatdı. Oxudum, yazdım, bir də baxdım ki, çölə – azadlıq adında dustaqxanaya çıxmaq zamanı gəldi...

– Maraqlıdır, təzədən içəridən ötrü darıxırsınız?

– Yox... Mən ki çölə çıxmamışam. Sadəcə, bir içəridən başqa bir içəriyə keçmişəm, daha geniş müstəviyə.

– Həbsxanada şeir yazırdınızmı?

– Orda əllidən çox müəllifin xeyli nəsr əsərini oxudum. Ona da deyim ki, içəridə kitablar tamam başqa cür oxunur. Çox qəribədir, adam kitabın içinə daha sıx girir. Mətni, romanı cümlə-cümlə yaşayır, içir...

– Azərbaycan yazıçılarını oxuyurdunuz?

– Düzü, Azərbaycan müəlliflərini az oxudum. Ancaq Haqverdiyevdən təzədən zövq aldım. Axı o da qalalıdır. Sonra bizimkilərdən Pərviz Cəbrayılın “Yad dildə” romanını oxudum, çox ləzzət elədi.

Şeir kitabı oxumadım. Çünki əlimə mənim şairlərim keçmədi. Ona görə də oxumaq istədiyim şeirləri özüm yazdım. Düzdür, Bakıda çantam oğurlandı, dörd dəftər qeydlərim getdi işinin dalınca, ancaq şeirlərin bəzisi yadımda qalmışdı, gələn kimi yadımdan çıxmamış təzədən yazdım.

– Həbsxanada olduğunuz müddətdə qələm dostlarınızdan sizə baş çəkən oldumu ?

– Yox, gələn olmadı. Mən heç kəsi qınamıram. Çünki mən də Rafiq Tağı tutulanda baş çəkməmişdim, ürəyimdən keçsə də. Bir şey də deyim, həbsdə Rafiqin nə yaşadıqlarını anladım, onun kimi həssas bir adamın çəkdiyi çətinlikləri duydum, hiss elədim. Allah Rafiq Tağıya rəhmət eləsin.

– Mahir bəy, sizcə, yaşadığınız bir şair taleyidirmi?

– Şair hər şeyi, həyatın hər üzünü görməlidir. Şair var orden alır, şair də var həbslə mükafatlandırılır. Mən buna təbii baxıram. Hər şairin öz həyatı, öz taleyi var. Mən də öz həyatımı yaşayıb, öz şeirlərimi yazıram. Həbsxanada özümü həzrəti İsa, Nəsimi kimi hiss edirdim. Mənə dustaqlar da, zabitlər də hörmətlə yanaşırdılar.

– Baxanda çox kimsəsiz bir insan kimi görünürsünüz. Atanız, ananız, bacı-qardaşınız, xanımınız, övladınız yoxdurmu?

– Kimsəsizlik mənim içimdən gəlir. Valideynlərim və qardaşım ölüb, amma bacılarım var. Hər kəs öz həyatını yaşayır.

– Yəni qayğınıza qalan bir kimsə yoxdurmu?

– Mənim qayğıma qalan və mənə dəyər verən Afət xanım var. Çox şükür... O, mənim ruhumun xanımıdır.

– Afət xanım kimdir? Oxucu üçün qaranlıq qalır...

– Sevdiyim xanımdır. Daha burda qaranlıq nə var ki? (gülür) Düzdür, məndən çox cavandır. Amma sevgiyə nə yaş? Birinə iyirmisində, birinə qırxında gəlir.

– Mahir bəy, bildiyimizə görə işsizsiniz. Bəs necə dolanırsınız, nə yeyib-içirsiniz?

– Həbsxanadan çıxdığım hələ bir ay deyil. Bacımla birlikdə atamdan qalma evdə yaşayıram. Hələ ki, onların hesabına dolanıram. Oğlu pensiya alır.

– Bakıda yaşamırsınız, elə?

– Yox, rayondayam. Özümlə məşğulam, yazıram, iynə vurdururam... Kitabımı çapa hazırlamaq istəyirəm.

– Mənim üçün maraqlıdır, özünüz haqqınıda fikriniz nədir, siz necə bir şair, necə bir insan, necə bir şəxsiyyətsiniz?

– Hər bir adam kim olduğunu çox gözəl bilir. Mən hamının fikirləşdiyi bir insan deyiləm. Hər şeyə öz münasibətim var. Hər şeyə öz baxışım var. Xorla danışanlar mənlik deyil. Özümü bu cəmiyyətin adamı saymıram. Mənə verilən qədər şair, verilən qədər şəxsiyyət, verilən qədər də insanam. Nə bir qıram artıq, nə də bir qıram əskiyəm.

– Bu cəmiyyətdə özünüzə oxşatdığınız insan, yaxud insanlar varmı?

– Açığı, fikir verməmişəm. Yəqin ki, onlar da mənim kimi öz qınlarına çəkilib. Ona görə də görüb özümə oxşada bilmirəm. Ancaq yəqin ki, elə insanlar var. Mənim görmədiyim o qədər şeylər var ki... Hələ ən pisi odur ki, bəlkə də gördüklərim hələ gördüyüm deyil.

– Siz Yazıçılar Birliyinin üzvüsünüz?

– Hə, üzvüyəm. Amma “Ulduz”dan çıxandan sonra oralara getməmişəm. Ədəbi orqanlarında isə çap olunmuşam.

– Yazıçılar Birliyi sizin həbsinizlə bağlı hansısa reaksiya verdimi? Ümumiyyətlə, o qrumdan nəsə umurdunuzmu? Yaxud həbsxanada olduğunuz müddətdə AYB sizlə maraqlandımı?

– Yox, Yazıçılar Birliyindən nə maraqlanan oldu, nə reaksiya verən, nə də mən nəsə umdum. Çünki mən çoxdandır heç kimdən heç nə ummuram. Belə ziyanlı şeyləri tərgitmişəm. Ümumiyyətlə, mənim kitabımda ummaq sözü yoxdur.

– Kitab demişkən, çap oluncaq kitabınız neçəncidir?

– Birinci... Mənim indiyəcəm kitabım çıxmayıb. Hər dəfə hazırlamışam, amma bir iş çıxıb, yarımçıq qalıb. Məclislərdən vaxt tapmamışam. Ya da pulum olmayıb...

- Bayaq dediniz ki, kitabımı çap etdirmək istəyirəm. İndi pulunuz varmı?

– İndi yoxdur. Ancaq şeirləri yığacam, kitabı hazırlayacam dursun. Bəlkə bu dəfə baş tutar. Düzü, kitab olmadan yazıçıya, şairə dəyər vermək çətin məsələdir. Kitab hislərin saxlancıdır.

– Sullarımıza çox qısa cavablar verirsiniz, sanki, danışmağa ərinirsiniz. İl yarımdan çox həbsdə qalmısınız, doğrudanmı, deməyə sözünüz yoxdur?

– Danışmağa sözüm çoxdur. Sadəcə, danışmaq məni yorur, ona görə çox uzatmıram. (gülür) Mən ümumiyyətlə, məclislərdə də danışmağı xoşlamıram. Dinləməyə, öyrənməyə üstünlük verirəm.

– Mahir bəy, siz fikir adamsınız, belə şeyləri yaxşı bilərsiniz. Adamlar niyə yaşamaq istəmir, niyə intihar edir?

– Yaşamaq istəməmək istəyinin nədən qaynaqlandığını bilmək üçün o anı keçirmək lazımdır. Mən isə heç vaxt elə bir hiss keçirməmişəm. Görünür, insan o psixoloji məqamı ötüşdürə bilsə, intihar etməz. Bəlkə də sonralar düşdüyü bu fikrə gülər də.

Mən Mövlud Mövludun özünü öldürdüyünü içəridə eşitdim, çox pis oldum. Cavan və istedadlı bir yazar niyə yaşamaq istəmədi? Deməli, həyatında nəsə çatmırmış, yaxud da onu bu fikirdən daşındıracaq əl yoxmuş.

– Sizcə, intihar günahdırmı?

– Yox. Mən intiharı dinlərin buyurduğu kimi günah-zad hesab etmirəm. Əksinə, özünə qəsdi ən çətin, psixoloji bir iş hesab edirəm. Oxudqlarıma və gördüklərimə əsasən deyə bilərəm ki, adamlar olub ki, illərlə intihara hazırlaşıb, özünü intihara kökləməyə çalışıb, ancaq baş tutmayıb. Adam da var, qərar qəbul etdiyi an özünü istəyinə çatdırır. Açığı, mən şeirin nə olduğunu bilmədiyim kimi, bu sualların da cavabını düz-əməlli bilmirəm. Yalandan fəlsəfə açmağın, Freyddən misallar gətirməyin mənası yoxdur.

– Mahir bəy, sonda... Hər şey niyə belə oldu?

– Hər şey həmişə belə olur. Birinci dəfə deyil ki... Hər şeydə nəsə çatışmayanda işlər beləcə qurtarır. Ancaq mənim hər şeyim heç nəyimə təndir...


Müəllif: Çinarə Böyükçöl