26 Aprel 2014 19:35

Xəlil Rza Ulutürkə dəstək oldular

Şair Azad Yaşarın Xəlil Rza Ulutürk barəsində səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub: “Müşfiq bilirmiş ki, Sovet dövrünün axırı yoxdur. Bunu bilə-bilə ideologiyanı tərifləyən şeirləyən yazıb. Bizim bayraq şairimiz Xəlil Rza Ulutürk ”26-lar" haqqında poema yazmışdı" . Müzakirələrə Sabir Rüstəmxanlıdan sonra yazıçı Nəriman Əbdülrəhmanlı və Əyyub Qiyas da qoşulub. Onlar Xəlil Rzaya bu cür yanaşmanın doğru olmadığını deyiblər.

Yazıçı Nəriman Əbdülrəhmanlı qəzetimizə açıqlamasında məsələyə bu cür münasibət bildirib: “Sovet dövründə müəyyən dərəcədə də olsa ideologiyaya xidmət eləməyən yaradıcı adamların sayı çox azdı. Belələri sadəcə ”görməzliyə" vurulur, məhv edilirdilər. Sistemlə “dil tapmaq” həm irəli getmək, həm də özünü qorumaq vasitəsi idi. Məncə, “Sovet şineli”ndən çıxmış yazıçılara hər hansı ideoloji möhürlü əsərlərə görə yox, bütöv yaradıcılıqlarına görə qiymət vermək lazımdı. Belə olmasa, gərək o dövrdə yaranan ədəbiyyatımızdan tamamilə imtina eləyək. O cümlədən də sovet ədəbiyyatının Mixail Şoloxov, andrey Platonov, Çingiz Aytmatov kimi nəhəng simalarından. Mən bu məsələdə ifratçılığın tətəfdarı deyiləm.

Əyyub Qiyas isə ölmüş insanların ruhuna hörmətlə yanaşılmağın tərəfdarı olduğunu dedi: “Xəlil Rza Ulutürk dünyasını dəyişib, Allah ona rəhmət eləsin. Mən başa düşmürəm də ölüləri qəbirdən çıxarmaq şousu hardan qaynaqlanır. O dövrdə də, bu dövrdə də əqidəli insanlar olub, var. ”26-lar" o dövrdə xilaskar idi. İdeologiya onu elə təqdim etmişdi ki, biz onları qəhrəman kimi görürdük.Bu gün faktlar açıldı. Məlum oldu ki, bu belə olmayıb, “26-lar” düşmən olub. Onlar xəyanətkar olub.Sabah tarix nəyi diqtə edəcək onu zaman göstərər. Mənə elə gəlir ki, ümumiyyətlə dünyadan köçmüş insanaların ruhuna hörmətlə yanaşmaq lazımdı, o ki, ola Xəlil Rza!"


Müəllif: