17 İyul 2015 19:12

"Kimsə geyinirsə, mən də geyinməliyəm" fikri ilə yaşamıram. Hər zaman geyim tərzim öz xarakterimə uyğun gəlir".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova deyib.

Onun sözlərinə görə, geyim baxımından kiminləsə bəhs etməyi sevmir: "Özünəməxsus geyim tərzim var. Səhnə geyimlərimlə gündəlik geyimlər fərqlidir. Səhnə üçün milli geyim tikdirəndə mütəxəssislərə müraciət edirəm. Çünki milli geyimlərdə çox incəliklər olur və məsləhət olunmadan tikiləndə səhvlərə yol verilir. Ona görə də məsləhət üçün qədim miniatürlərimizi, milli geyimlərimizi gözəl bilən insanlara müraciət edirəm.

Rənglərin hamısını sevirəm, qatıldığım məclislərə, verilişlərə uyğun olaraq geyimi və onun rəngini müəyyənləşdirirəm. Libaslarımın çox fərqli qiymətləri olub. 500 manatdan 1500 manata qədər səhnə geyimlərimə pul xərcləmişəm. Amma gündəlik geyimim üçün xoşuma gələn 20 manatlıq köynəyi də almışam.

Səhnə geyiminə mütləq fikir verilməlidir. Düşünürəm ki, mentalitetə uyğun olmayan səhnə geyimi ilə tamaşaçıların qarşısına çıxmaq düz deyil. Bu zamana kimi şalvarla muğam ifa etməmişəm. Amma biədəb geyimlərdənsə abırlı şalvar və köynək geyinmək daha yaxşıdır. Mən gəncləri də anlayıram, cavandırlar, şıltaq görünmək istəyirlər. Bəzən onlara elə gəlir ki, müasir, bir az açıq-saçıq geyinmək olar. Yetər ki, hər geyimdə insan çərçivədən kənara çıxmasın".

Nərmin


Müəllif:
Загрузка...