4 İyun 2014 10:43
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əkiz qardaşlar lazımdır

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yeni uşaq filmi çəkilir. Bu barədə qəzetimizə açıqlamasında kinostudiyanın direktoru Müşfiq Hətəmov bildirib. Onun sözlərinə görə, filmin ssenari müəllifi Anastasiya Volkova və Elza Axundovaya məxsusdur.

“Bu gün sərhədlər açılır, Azərbaycana o qədər informasiyalar daxil olur ki, bu bolluqda uşaqları düzgün tərbiyələndirmək, istiqamətləndirmək şərtdir. Mənfi halların neytrallaşdırılması üçün belə uşaq filmlərinin çəkilməsinə böyük ehtiyac var”.

Qeyd edək ki, filmin rejissor kürsüsündə Rafiq Əliyev, Cavid Təvəkkül əyləşib. Bunun səbəbini isə direktor belə izah edib:"Uşaqlarla işləmək prosesi çətin olduğuna görə biz iki rejissor təyin etdik. Cavid Təvəkkül gənc, istedadlı rejissordur. Rafiq Əliyev isə uzun illərdir ki, aktyor, rejissor sənətindən dərs deyir. Eləcə də, çoxlu sayda tammetrajlı filmlərdə ikinci rejissor kimi çalışıb. Belə qərara gəldik ki, filmin uğurlu alınması üçün iki rejissorun bir yerdə əməkdaşlıq etməsi məqsədəuyğundur".

Film hazırlıq mərhələsindədir:"Çəkilişlərə iyul ayının əvvəllərində başlanılacaq. İstehsal prosesini isə dekabr ayına kimi yekunlaşdırmaq istəyirik".

Filmin rejissorlarından biri Cavid Təvəkkül filmin süjet xətti barədə ətraflı məlumat vermək istəmədi. Sadəcə bildirdi ki, baş qəhrəman obrazına film üçün 11-12 yaşlı əkiz qardaşlar axtarılır. Onlar bir- birlərinə çox bənzəməlidirlər.

Nərmin


Müəllif: