18 İyun 2014 17:23

“Vaxt Anara işlədi”

“Azərbaycan Yazıçılar Birliyinin qurultayı nəhayət baş tutdu. Birliyin üzvlərindən daha çox, Birliyin üzvü olmayıb ona müxalifətdə dayananları bu qurultay daha çox maraqlandırır, narahat edirdi. Əsas səbəb də Anarın sədrlikdə qalıb qalmayacağı ilə bağlıydı. Anar qaldı, həqiqətən “vaxt Anara işlədi” deyənlər haqlı çıxdılar. Açıq səsvermə də göstərdi ki, qurultay iştirakçılarından bir adam belə Anarın əleyhinə səs vermədi, heç bitərəf də olmadı”.

Bunu Teleqraf.com-a açıqlamasında yazıçı, dramaturq Əli Əmirli deyib. Onun sözlərinə görə, indiki halda həqiqətən Anarın özü səviyyəsində alternativi yoxdur:

“Onu sevənlər də, sevməyənlər də bu reallıqla hesablaşmağa məcburdurlar. Mənə də qurultayda çıxış etmək şərəfi nəsib oldu və qısa çıxışımı belə yekunlaşdırdım: “Mən qurultaydan radikal dəyişikliklər gözləmirəm və buna ehtiyac da duymuram. Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi başda Anar müəllim olmaqla islahatlara və yeniliklərə açıqdır. Yaxşılığa ümid eləyək.” Anarın və onun komandasının bundan sonra necə işləyəcəyini isə zaman göstərəcək, amma mən bir şeyi yada salmaq istəyirəm. Ötən qurultayda Birliyə yenidən sədr seçilən Anar yekun sözündə ona etimad göstərən qurultay nümayəndələrinə təşəkkür etdikdən sonra heç kəsə heç bir söz, vəd vermədi, sadəcə belə bir cümlə işlətdi və dedi ki, bu vaxta qədər necə işləmişdimsə bundan sonra da o cür işləyəcəyəm. Əslində bu tutduğu yola, məqsədə, şəxsi bacarıq və səriştəsinə, həm də üzünü tutduğu auditoriyaya hörmət və inam hissinin təzahürü idi. Mən Anar müəllimi yenidən sədr seçilməsi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, qazandığı bütün uğurlarının davamlı olmasını arzulayıram. Həqiqətən kim nəyə layiqdirsə onu da alır”.

Nərmin


Müəllif: