26 Aprel 2014 20:09

Məmməd Əlizadə: “Müxalifət gənclərə yol açmasa, perspektiv olmayacaq”

“Prezidentin Sərkisyana cavabı ürəyimizi dağa döndərib”

Neçə vaxtdır ki, Demokratik Azərbaycan Dünyası Partiyasının qurucusu və ilk sədri Məmməd Əlizadə görünmür. Qeyd edək ki, M. Əlizadə 2012-ci ildə partiya sədrliyindən istefa verərək siyasətdən getdiyini elan edib. Onun istefasından sonra partiya iki yerə parçalanıb. Ancaq buna baxmayaraq partiyanın ilk sədri və qurucusu təşkilatda baş verən prosesləri kənardan izləməyə üstünlük verib. Dünən isə Məmməd Əlizadə suallarımıza cavab verərək bir sıra məsələlərə aydınlıq gətirib. Müsahibimiz əsasən nurçularla DADP arasında olan münasibətdən, müxalifətin durumundan, “Xalq diplomatiyasından” danışıb.

- Məmməd bəy, neçə müddətdir ki, mətbuatda görünmürsünüz. Buna səbəb nədir?

- Hazırda yaradıcılıq işləri ilə məşğulam. Bu müddət ərzində bir kitabım Türkiyədə, iki kitabım Azərbaycanda nəşr edilib. İndi isə Milli Azadlıq Hərəkatı ilə bağlı tarixi prosesləri yazıram. Bundan başqa, Heydər Əliyev haqqında kitabımı yekunlaşdırıram. Bir sözlə yaradıcılıq işləri ilə məşğulam. İkincisi, 2012-ci ildə siyasətdən və partiya sədrliyindən gedəndə DADP-də xoşagəlməz hadisələrlə bağlı münasibət ifadə edən bir qrup insanların başqa ölkələrin əlində oyuncağa çevrildiyi haqqında qənaətimi bölüşdüm. Mənim dediklərimdən az sonra nurçu təriqətinə məxsus şəxslərlə DADP daxilində olan bir qrupun münasibəti öz təsdiqini tapdı. Biz bütün bunları zaman-zaman görür və deyirdik. Siyasətdə də belədir ki, gördüyün işin effekti dəyərləndirilmirsə, əksinə, sənə qarşı məqsədli və qərəzli kampaniya təsdiq edilirsə, bu zaman siyasətdən kənara çəkilmək lazımdır. Ortada çox müqəddəs sevgi və istək var. Bu sevgi və istək Azərbaycan dövləti, dövlətçiliyidir. Odur ki, ən yaxşı yol siyasətdən kənara çəkilmək idi ki, mən də bu addımı atdım.

- Demək istəyirsiniz ki, 2012-ci ildə DADP-də baş verən proseslərlə nurçular arasında əlaqə mövcud idi?

- Tamamilə haqlısınız. Bu belə idi.

- Söhbət hansı əlaqələrdən gedir?

- Söhbət o əlaqələrdən gedir ki, cəmiyyətin içində qarşıdurmalar yaradılsın. Onlar DADP-də müəyyən hərəkətlər edirdilər. Düzdür, həmin dövrdə mənim partiya ilə əlaqələrim yox idi. Ancaq kimlərinsə oyunları və fitvaları əsasında partiya müəyyən addımlar atır, fikir çaşqınlığı yaradırdı. Belə ki, biz seçkilərdə iqtidarın namizədini dəstəkləsək də, partiyanın daxilindən çıxan bir qrup ortaya fərqli mövqe qoydu. Hesab edirəm ki, bütün bunlar əslində qarşıdurma yaratmaq üçün atılan addımlar idi.

- Hazırda sizin DADP ilə əlaqələriniz varmı?

- Yoxdur. Partiyanın işlərinə qarışmıram, heç bir münasibətim və əlaqəm də yoxdur. Vaxtımın çox hissəsini yaradıcılıq işlərinə həsr edirəm. Heç bir siyasi gedişlərə, xüsusilə, DADP daxilində gedən proseslərə müdaxilə eləmirəm.

- Bəs siyasi proseslərlə maraqlanırsınızmı?

- Əlbəttə, maraqlanıram. Bunsuz ola bilməz. Bu bizim həyatımızdır. Azərbaycanın müstəqilliyi uğrunda bir faiz də olsa, xidməti olmuş insanlardanıq. Həyatımız buna görə, həbslərdə, Lefortovo zindanından keçdi. Qüdrətli, müstəqil Azərbaycan uğrunda çarpışdıq. İndi bunu görəndə ürəyimiz dağa dönür, bunun sevinc hissini yaşayıram. Mən varlığım, əxlaqım və düşüncə tərzimlə dövlətçiliyə, millətə bağlı insanam. Bu baxımdan Azərbaycanda baş verən prosesləri mütəmadi şəkildə izləyirəm. Cənab prezidentin dünən etdiyi çıxış, ermənilərə qətiyyətli və kəskin cavab verməsi ürəyimizi dağa döndərdi. Biz bir türk kimi qürur duyuruq ki, müstəqil Azərbaycan dövlətinin Prezidenti müstəqil siyasət yürüdür və özümüzü müdafiə etməyi bacarırıq. Bu məsələnin bir tərəfi. İkincisi, Azərbaycanda kimsə qarşıdurma yaratmaq niyyətinə düşəcəksə, biz kənarda dura bilmərik. Hər zaman meydana atılaraq siyasəti, dövləti və dövlətçiliyi müdafiə edənlər sırasında olmalıyıq. Mən bütün varlığımla bu prosesdəyəm.

- Demək siyasətlə məşğulsunuz...

- Təbii. Əgər mən bu gün Milli Azadlıq Hərəkatının tarixini yazıramsa, Heydər Əliyevin keçdiyi ömür yoluna bir daha nəzər salıramsa, bu elə siyasətdir. Sadəcə olaraq bir var siyasətlə məşğul olasan, öz münasibətini bildirəsən, “atam mənə kor deyib, gəlib-gedənə vur deyib” prinsipi ilə hərəkət edəsən, bir də var sadəcə olaraq ağılı hərəkətə gətirəsən. Biz bu gün siyasi fəaliyyətimizdə ağıla söykənərək addımlar atmağın tərəfdarıyıq.

- İndi əsas müzakirə edilən mövzulardan biri “Xalq diplomatiyasıdır”. Sizcə, Azərbaycandan jurnalistlərin, ictimai xadimlərin Ermənistana səfər etməsi nə dərəcədə doğrudur, biz sivil cəmiyyət səviyyəsində ermənilərlə əlaqə qurmalıyıq?

- Bir ziyalı və azərbaycanlı kimi bunun əleyhinəyəm. Niyə? Çünki bu missiyanı cənab prezident yüksək səviyyədə aparır, milli maraqlarımızı lazımi qədər müdafiə edir. İkincisi, biz nə qədər desək də, torpaqlarının 20 faizi işğal olunan xalqıq. Belə olan təqdirdə hansı diplomatik danışıqlara gedə bilərik? “Xalq diplomatiyası” əvəzinə bu gün xalq yumruğunu bir yerə vurub erməniyə deməlidir ki, biz savaşmaq, torpağımızı azad etmək istəyirik. Siyasət bu formada olmalıdır. Ola bilməz ki, xalq diplomatiyasını irəli sürənlər Prezidentin ortaya qoyduğu qətiyyətli mövqeyin yumşalmasına səbəb olsun, özümüzün məğlubiyyətini boynumuza aldırsın. Belə şeylər mümkün deyil. Əgər bu gün Prezident ən mötəbər kürsüdən ermənilərə kəskin və ciddi cavab verirsə, hansı xalq diplomatiyasından söhbət gedə bilər? Prezident xalqın iradəsini təmsil və ifadə edir. Bir qrup insan isə “Xalq diplomatiyası” adı altında danışıqlara getmək xəttini seçirlər. Sən danışıqlara gedib nə əldə edəcəksən? Danışığa getdiyin kimlərdir? Ermənistanın özünün ordusu, topu, topxanası yoxdur. Amma buna rəğmən Ermənistan dövlət səviyyəsində Azərbaycanın torpaqlarını işğal edib. Bu danışıqlarda dövlət səviyyəsində getməlidir və gedir də.

- Necə düşünürsünüz, İrəvana gedən jurnalistləri, QHT nümayəndələrini Ermənistan xüsusi xidmət orqanları əməkdaşlığa cəlb edə bilərmi, yoxsa bundan çəkinərlər?

- Bunlar gözləniləndir. Şantaj və cürbəcür vasitələrlə buna cəhd edə bilərlər. Erməni auditoriyasına gedib oradan təmiz çıxmaq çətin məsələdir. Təsəvvür edin ki, Rusiya imperiyasının içinə daxil olan ermənilər bu imperiyanı istədiyi səmtə yönəldə bilir. Ukraynada gedən proseslərdə ermənilər özünü göstərə bilirsə, Türkiyə kimi böyük dövlətçilik tarixi olan ölkəyə müxtəlif istiqamətlərdə təzyiqlər göstərə bilirlərsə, Azərbaycanın iki jurnalisti İrəvana gedib nə edə bilər? Təbii ki, bu zaman erməni tərəfi şantaj yolu ilə ələ almağa, özümüzdən-özümüzə qarşı istifadə etməyə çalışacaqlar. Bir məqamı da qeyd edim. Bizi ciddi şəkildə inandıra bilərlər. Hətta əlaqə olmasa belə, müəyyən yalan informasiya sızdıraraq sıradan çıxara bilərlər. Erməni xislətini bildiyimiz üçün bütün bunlar gözləniləndir. Hesab edirəm ki, Ermənistana getmək lazım deyil. Buyurub ermənilər bura gəlsinlər. Erməni gəlirmi? Gəlsə də qalib kimi hiss edir özünü. Məğlub tərəf kimi Ermənistana gedib nə deyəcəklər? Deyəcəklər ki, mənim torpağımı qaytarın? Bunlar sənin torpağını işğal edib. O, bura gəlib deməlidir ki, gəlin barışaq, torpağınızı qaytarırıq, dostluq münasibəti yaradaq və s. Hesab edirəm ki, bu, boş şeydir, cəfəngiyyatdır. Azərbaycanı qorxaq şəkildə aşılamaq olmaz və bu, bizə lazım da deyil.

- Müxalifət düşərgəsində vəziyyəti necə qiymətləndirirsiniz?

- Müxalifət özünü müxalifət kimi göstərə bilməyəcək. O zamana qədər ki, milli azadlıq hərəkatında olan şəxslər partiya rəhbərliyindən geri çəkilərək yerini gənclərə verməsələr. Bunların artıq gücləri tükənib, partiyaları idarə etmək gücündə deyillər. Üstəlik, müxalifət liderləri arasında hələ 1988-ci ildə yaranan konfliktlər ucbatından bir-birinin əleyhinə işləyirlər. Üzdə dostuq, birgəyik desələr də, ürəklərində bir-birlərinə qarşı böyük nifrətləri var. Belə olan halda onlar heç vaxt səmimi birliklər yarada bilməzlər. Yaratsalar da, bunun perspektivi olmayacaq. Çünki hansısa siyasi mərhələdə biri digərinin ayağından çəkəcək. Bu artıq son 20 illik siyasi təcrübədən dəfələrlə çıxıb. Bu baxımdan artıq zaman yetişib, hər kəs özündə cəsarət taparaq istefaya getməlidir. Şəxsən mən DADP-də səhvimi və işlərin öhdəsindən gələ bilmədiyimi görərək istefamı verdim. İndi barəsində danışdığım siyasi liderlər də bu addımı atmalıdırlar. Əks təqdirdə bu partiyaların heç bir perspektivi olmayacaq. Müəyyən insanlar da uzun müddətdir ki, bu partiyalarda ac, susuz, işsiz fəaliyyət göstərirlər və bəzən dövlətçiliyin əleyhinə olan xəttə düşürlər. Onlar da elə bu formada yaşlaşıb sıradan çıxacaqlar. Eləcə də, bu kimi neqativ halların qarşısını almaq üçün Asan Xidmət kimi qurumlar yaradılır. Bu reallıqdır. Biz bunun nəticəsini açıq-aydın görürük.

- Siz hazırda hansı siyasi xətti müdafiə edirsiniz?

- Mən qürurla və şərəfimlə deyə bilərəm ki, bu günə qədər dövlətin, dövlətçiliyin yanında olmuşam, Heydər Əliyevin siyasi xəttini dəstəkləmişəm və bu gün də dəstəkləyirəm. Eyni zamanda hər bir məsələyə doğru və obyektiv münasibətimi bildirmişəm. Bu gün də həmin mövqedəyəm. Həm də nəzərə almaq lazımdır ki, oğrunun oğru, əclafın əclaf adı var. Bu adı da demək lazımdır. Mən bunun tərəfdarı olmuşam. Mən məhz obyektiv fikirlər söylədiyim səbəbindən hörmət qazanmışam. Elə bu səbəbdəndir ki, partiyadan istefa verəndən sonra yüzlərlə jurnalist mənə zəng edib maraqlandı. Hesab edirəm ki, düzgün siyasi yol tutmuşam və indi də bu yolla gedirəm.


Müəllif: