1 May 2014 10:28
754

Məmməd Süleymanov: “Pənah Hüseyn 1992-ci ildə uşaq deyildi ki, indi böyüdüyünü və səhvini etiraf edir”

“Təbliğat və ideoloji sahədə Qərb Rusiyaya uduzub”

Bu gün “Bir may”dır. Bütün dünyada sol qüvvələr “Bir may”ı bayram kimi qeyd edir. Ancaq Azərbaycanda zəhmətkeşlər günü çoxdan ləğv edilib, bu günün yalnız nostalji hissləri qalıb. Amma buna baxmayaraq ölkədə fəaliyyət göstərən sol yönümlü qüvvələr hər il bir may gününü öz imkanları çərçivəsində qeyd edirlər. “Bir may” günü və sol ideologiya üzərində köklənən zəif siyasi qüvvələr mövzusunda suallara solçu yazar Məmməd Süleymanov cavab verib.

- Məmməd bəy, “Bir may” bayramı daha çox nə ilə bağlıdır və bu bayramın üstün tərəfləri nədən ibarətdir?

- “Bir may” əzilən sinfin həmrəylik bayramıdır. İlk dəfə Çikaqoda baş verən hadisə ilə əlaqədar 1881-ci ildən qeyd olunur. Bu zaman gülləbaran baş verib, arxasınca isə beş monarxist edam olunub. “Bir may” bir növ xatirə bayramı kimi əvvəl Amerikada, sonra isə bütün dünyada qeyd olunmağa başladı. Haradasa bunu bayram kimi deyil, yaddaş, xatirə və matəm kimi qeyd olunurdu. Sonradan daha çox birlik simvolu kimi ortaya çıxdı. Kuba inqilabçısı Xose Martini bir may bayramını zəhmətkeşlərin döyüş gücünün nümayişi adlandırırdı. Yəni bu bayramı özünəqapanma deyil, hücum bayramı kimi təqdim edirdi. “Bir may”ın yaranma səbəbi budur. Əvvəlcə ölən insanların üzərində qurulan xatirə günü idi, daha sonra isə birlik bayramı formasını aldı.

- Bu günün sol ideologiya ilə hər hansı bir bağlantısı varmı?

- Əslində yox. Bu bayram həmin dövrdə əzilənlərə aid olub. Əzilənlər isə müxtəlif əqidə daşıyıcısı da ola bilər. Həm də muzdlu sinfin içində hər cür adam var: siyasətdə olan da, bunu qəbul etməyən də, kapitalizmin pis olduğunu düşünməyənlər də. Bu mənada “Bir may” bütün muzdlu sinfin övladlarına aiddir. Lakin tarix elə gətirdi ki, əzilən sinfin hüquq və mənafeyini qoruyacaq qüvvə kimi sol qüvvələr çıxış edə bildi. Buna görə də bu günü daha çox solun adına çıxırlar. Amma siz diqqət edin, dünyanın 200 ölkəsindən 120-də bu gün qeyd olunur, nümayişlərlə müşahidə olunur.

- Ancaq bu gün daha çox parad keçirilir...

- Baxır hansı dövlət bunu necə qeyd edir. Məsələn, SSRİ-də bu daha çox parad xarakterində idi. Bayramı qeyd edən dövlətlərdə bu dinc parad kimi qeyd olunur. Bu günün qeyd olunmadığı bəzi ölkələrdə isə mitinqlər keçirilir. Məsələn, uzun illər Türkiyədə dövlət səviyyəsində bu günün qeyd olunması qadağan edilmişdi. Yalnız 1977-ci ildə buna icazə verildi. Ancaq həmin ildə millətçilər gülləbaran etdilər və “Bir may” yenidən ləğv edildi. Yalnız 1990-cı ildə bu gün yenidən qeyd olundu.

- Bizdə SSRİ zamanı bu bayram qeyd olunurdu, necə oldu ki, sonradan ləğv edildi?

- Bizdə bunu 1992-ci ildə Xalq Cəbhəsi ləğv etdi. Artıq 1993-cü ildən bu bayram qeyd olunmadı. Həmin hakimiyyətin baş naziri Pənah Hüseyn bunu sovet dövrünün bayramı adlandırırdı. Əslində isə bu bayramın başlanğıcı sovetlərdən gəlmirdi. Hələ 1910-cu illərdə bu bayram Bakıda qeyd olunurdu. Əslində, onlar simvolik mənada haqlı idi. Çünki Azərbaycana kapitalizmin gəlişi ilə iqtisadiyyat dağıldı. Ləğv etdilər və həmin dövrdən bu gün qeyd olunmur.

- Ancaq indi Pənah Hüseyn bu bayramın qeyd edilməsinin tərəfdarı kimi çıxış edir...

- Tamamilə haqlısınız. Bir neçə il əvvəl Pənah Hüseyn bu günü ləğv etdikləri üçün peşman olduqlarını söylədi. Və dedi ki, gərək bunu etməyəydik.

- Bu səmimi etirafdır?

- Bu insanlar 1992-ci ildə uşaq deyildilər ki, indi desinlər ki, o vaxt səhv etmişik, indi böyümüşük və səhvimizi etiraf edirik. Biz nəzərə almalıyıq ki, bu adamlar sovetin şinelindən çıxmışdılar və böyük əksəriyyəti də 1988-ci ildə guya Kommunist Partiyasının əleyhinə ona görə getmişdilər ki, partiyanın tərkibində karyera qura bilməyən “uğursuz” kommunistlər idi. Başqa sözlə, bunların hamısı partiya üzvü olan insanlar idi. Bütün bunlardan sonra yarımsaniyəlik maraqlara görə, həmin günü ləğv etmək və indi demək ki, biz səhv etmişik, fikrimcə, bu uşağa yaraşan hərəkətdir. Artıq həddi buluğa çatan, xüsusilə siyasətlə məşğul olan şəxsə belə açıqlama başucalıq gətirə bilməz.

- Bu gün 1 mayı qeyd edəcəksinizmi?

- Mən bildiyim qədər qeyd olunmayacaq. Ola bilsin ki, kommunist qruplar balaca formatda bunu qeyd edəcəklər. Bəlkə də, hansısa abidənin qarşısına toplaşacaqlar və ya konfrans keçirəcəklər. Amma ötən il qeyd edilmişdi. Bu il isə çoxsaylı formada qeyd edilməyəcək. Adətən, bu tədbir Azad Fəhlə heykəlinin qarşısında qeyd edilir. Əslində solçu düşüncəli şəxslər bir neçə qrupda birləşir və fərqli ünvanlarda toplaşırlar.

- Niyə solçular bir neçə qrup halındadır?

- Əslində, bir neçə qrup halında deyillər, bəlkə də, daha çoxdurlar. Sadəcə ona görə ki, bu qruplar niyə yarandığını bilmirlər. Həm də bir-birindən nədə fərqli olduqlarını bilmirlər. Bir çoxları özlərini siyasətçi adlandırırlar, hətta partiyaları da olur. Halbuki özlərinin fikirləri və partiyalarının formatları klassik mənada partiya qəliblərinə uyğun gəlmir. İndi bunların da hərəsi bir təşkilat yaradıb, çoxu da bir-iki nəfərdən ibarətdir. Bir-birlərindən də fərqləri yoxdur. Niyə birləşmədiklərini də bilmirlər. İndi əslində ənənəvi müxalifət də bu gündədir.

- Niyə sol partiyalar sağ partiyalardan dəfələrlə zəifdir?

- Birinci səbəb təşkilatlanmanın olmaması ilə bağlıdır. Ənənəvi müxalifət 1990-cı illərdə təşkilati forma aldı və özünü siyasətdə elan etdi. Solla isə məşğul olan olmadı. Sovet İttifaqının dağılması isə böyük pessimizm yaratdı. Üstəlik, böyük təbliğat aparıldı və bu effekt verdi. İndi sol düşüncəli adamlar bir-bir yığılırlar. Azərbaycanda isə solçular var və çoxdur, amma sol hərəkat yoxdur. Çünki sol təşkilat yoxdur. Böyük və güclü təşkilatın olmaması belə görüntü yaradır ki, bizdə sol düşüncəli insanlar yoxdur. Amma mən bunun əksini düşünürəm.

- Niyə sol ideologiyanı qəbul edən qruplar və siyasi partiyalarda xarizmatik liderlər yoxdur, sizə elə gəlmirmi ki, zəifliyin səbəb, də bundadır?

- Deməzdim ki, sola xarizmatik lider lazımdır. Xarizmanın rolu nə birincidir, nə də sonuncudur. Bu sadəcə olaraq lazımdır. Amma islamçılar, liberallar və millətçilərin də xarizmatik liderləri yoxdur. Sadəcə olaraq ideologiya geniş yayılmayıb, təbliğat zəifdir. Xarizmatik lider ola da, olmaya da bilər. Təşkilat kollegial da idarə oluna bilər. Həm də klassik solçuluğun mahiyyətində xarizmatik lider anlayışı yoxdur.

- Siz hesab edirsiniz ki, AXCP, Müsavat, ADP, AMİP və digər partiyalarda da xarizmatik lider yoxdur?

- Əslində, hər bir təşkilatın üzvləri üçün onların liderləri əsl xarizmatik liderdir. Onlar bu cür görürlər. Ancaq söhbət ümum Azərbaycan miqyasında götürüləcək liderdən gedirsə, bu yoxdur. Əgər olsaydı, bu effektini verərdi. Praktik, xarizmalı lider olsaydı, çoxdan parlamışdı.

- Bir zamanlar Azərbaycanda solçuluqla Zərdüşt Əlizadə, Arzu Abdullayeva, Leyla Yunus, Ayaz Mütəllibov və digər şəxslər məşğul olurdular. Onların sol təmayüldən imtina etməsi bu ideologiyanın perspektivinə inamsızlıqdan irəli gələ bilərmi?

- Əvvəla, solçu anti-kapitalist olmalı, onunla iş birliyinə getməməlidir. Bu baxımdan adını saydığınız adamların heç biri solçu deyillər, olmayıblar və özləri də solçu olduqlarını ifadə etməyiblər. Onlar hakimiyyətlə müəyyən sazişə getməyə hazırdırlar. Söhbət onların nə vaxtsa sosial-demokrat olmasından gedirsə, artıq sosial-demokratlar 1970-ci ildən sonra Marksdan və Engelsdən əl çəkiblər. Onlar İncildən daha çox sitat gətirirlər, nəinki Marksdan. Baxın, Türkiyədə Cümhuriyyət Xalq Partiyasına. Onu nə dərəcədə sol partiya adlandırmaq olar? Bu partiya kapitalizmlə dinc və yanaşı yaşamağa çalışır. Eyni sözü Züqanovun rəhbəri olduğu Kommunist Partiyasına da şamil etmək olar. Yəni kimsə özünə sosial-demokrat deyirsə, dərhal sol sözünü qabartmaq lazım deyil. Sosial-demokratlar solun ideyalarını çoxdan satıblar.

- Rusiya-Ukrayna münasibətinə yanaşmanız necədir?

- Bizim üçün istənilən məsələyə sinfi baxış var. Sinfi baxanda bəlli olur ki, baş verənlərin kökündə yeni siyasi bölgü dayanır. İndiyə qədər bir qüvvə kimi qəbul olunan ABŞ və Qərb mövcud idi. İndi isə Rusiya baş qaldırır və daha çox qoparmağa çalışır. Birinci və ikinci dünya müharibəsində səbəblər nə idisə, indi də o cürdür. Bunun solçuluğa, antikapitalizmə heç bir dəxli yoxdur. Həm də indi Rusiya millətçi ad altında hərəkət edir və Ukraynanı götürür. Bunun da SSRİ-yə heç bir dəxli yoxdur. Yəni indi baş verənlər millətçi xətt üzrədir. Başqa sözlə, iki qüvvə dalaşır, ortada isə xalqların vəziyyəti pisləşir.

- Bu mübarizədə qazanan tərəf kim olacaq?

- Rusiya.

- Nəyə görə, belə düşünürsünüz?

- Ona görə ki, son 20 il ərzində Qərb demokratiyası iflasa uğrayıb və bunun fonunda güclənən Rusiyanın qarşısına hansısa bir silah qoymaqda acizdir. İndiyə kimi qərb dünyanı hansı taktika ilə zəbt edirdisə, indi bu taktika və təbliğat üsulları ilə Rusiya hərəkət edir. Amerika deyəndə ki, bu işğaldır, Rusiya bildirir ki, işğal İraqda baş verib. ABŞ deyəndə ki, bu millətlərin məhvidir, Rusiya bildirir ki, siz deyənlər Suriyada və Əfqanıstanda baş verir. Yəni Rusiya ABŞ-ı öz silahı ilə vurur. Təbliğat və ideoloji sahədə qərb Rusiyaya uduzub. Qeyd edim ki, Rusiya Ukraynanı götürməyəcək. Sadəcə olaraq Krımı və onun ətrafında bufer zona yaradacaq ki, NATO gəlib onun burnunun içinə girməsin. Fikrimcə, qərb əlindən gələni etdi ki, Ukraynada qarşısına Rusiya çıxsın. Əslində isə Varşava Müqaviləsi Təşkilatı ləğv ediləndə NATO da ləğv olunmalı idi. Ancaq sosialist bloku ləğv edildi, əvəzində isə NATO Şərqi Avropada inkişaf etdi və indi də Rusiyanın sərhədinə gəlib çatır. Rusiya Şərqi Ukraynanı qeyri-rəsmi formada təsir dairəsində saxlayacaq ki, qərblə özünün arasında sədd çəkə bilsin.

Nemət Hüseynli


Müəllif: