3 May 2017 16:46
1 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair-publisist Faiq Balabəylinin “Bayıldan bayıra” kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə xalq şairi Sabir Rüstəmxanlı, Seyran Səxavət, İlqar Fəhmi və digər ədəbiyyat xadimləri iştirak edib.

İlqar Fəhmi Faiq Balabəylinin ədəbi mühit illər boyu gözəl lirik şair kimi tanındığını vurğulayıb: “Şeirləri dövri mətbuatda mütəmadi çap olundu, diqqət çəkdi, bəyənildi. Daha sonra onun bir neçə şeirlər kitabı işıq üzü gördü. Lakin görünür ki, uzun illər boyu Faiq Balabəylinin yaradıcı təfəkküründə poeziyaya sığışdıra bilmədiyi mövzular yığılıb qalıbmış. Çünki təxminən beş-altı il əvvəl nəsr yazmağa başlayandan sonra sürət və rahatlıqla çoxsaylı hekayə və povestlər yazdı, müxtəlif dərgilərdə, saytlarda çap elətdirdi. Başqa sözlə desək, Faiqin şeirdən nəsrə keçid prosesi çox rahatlıqla baş verdi.

“Bayıldan Bayıra” kitabındakı povest və hekayələrin qəhrəmanları həyatın ən ağır sınaqlarından keçən, gah dəyişən, gah uyğunlaşan, gah mübarizə aparan insanlar olsalar da, əsərlərin ümumi ab-havasında bədbinlik, ağırlıq yoxdur.

Faiqin realist hekayə və povestlərinin qəhrəmanları da - Şirxandan tutmuş Akula Tolikəcən, cibgir Pərvizdən tutmuş Xaqana kimi - əslində cəmiyyətin ucqarlarında mövqe tutan insanlardı”.

Xalq şairi Sabir Rüstəmxanlı və tanınmış yazıçı Seyran Səxavət müəllifin həssaslığından, müşahidə qabiliyyətindən söz açıb.

Şair Bilal Alarlı bildirib ki, kitabda yazılanları tam dərk etmək üçün həmin hadisələri yaşamaq lazımdır:
“Bu həyatı mən də iki il yaşamışam. Buna görə də kitabı tamamilə dərk edirəm. Faiq bəy həbsxana həyatının bütün cizgilərini ustalıqla əks etdirib”.

Qeyd edilib ki, kitabda müəllifin şəxsən görüşüb söhbət etdiyi, məhbəs həyatı keçirmiş qəhrəmanların gerçək həyatından bəhs edən povest, hekayə və publisistik yazılar toplanıb.

Pərvin


Müəllif: