16 Aprel 2017 05:20
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə vətəndaşları sandıq başına gedərək ölkə üçün əhəmiyyətli olan dəyişikliklərə səs verəcəklər. Ölkə daxilində 55 milyon 319 min 222 seçici qərarlarını təsdiqlədəcəklər. Bu sayın 1 milyon 269 min 282 nəfəri referendum gününə qədər 18 yaşını tamamlayacaq olan şəxslərdir. 461-i cəza evlərində qurulmaqla ümumilikdə 167 min 140 sandıqda səs veriləcək.

Artıq kampaniyalar yekunlaşıb, siyasilər son fikirlərini söyləyib, vətəndaşların yekun seçimini gözləmək qalır.

“Evet” və “Hayır” variantlarını seçəcək vətəndaşlar, əsasən, bu dəyişikliklərlə bağlı seçimlərini edəcəklər:

1. Parlamentdə millət vəkili kürsüsü sayı 550-dən 600-ə qalxacaq;
2. Millət vəkilliyinə namizəd olmaq yaşı 25-dən 18-ə endiriləcək;
3. TBMM və Prezident seçkiləri 5 ildən bir eyni gündə həyata keçiriləcək. Prezident birbaşa xalq tərəfindən seçiləcək, bir vətəndaş ən çox 2 dəfə prezident ola biləcək. Yüz min nəfər seçici və ən az 5 faiz səsə sahib olan siyasi partiyalar namizəd təqdim edə biləcək. Prezident dövlətin başçısı sayılacaq. Baş nazirlik aradan qaldırılacaq, vəzifələri prezidentə keçəcək. Yəni parlamentar idarəçilik üsulu prezidentli idarəçilik üsulu ilə əvəzlənəcək. Prezident yenidən ali baş komandan olaraq qalacaq. Prezident icraedici funksiyaları daxilində qərarnamələr çıxara biləcək. Prezident parlamenti göndərə biləcək. Prezident partiya sədri ola biləcək;
4. Məhkəmələrin tanımlanmasında “müstəqil” sözünün yanına “tərəfsiz” ifadəsi də əlavə ediləcək;
5. Hərbi məhkəmələr ləğv olunacaq.

Referendum kampaniyası dönəmində “Evet” səslərini artıracaq xeyli hadisələr oldu. Xüsusilə, Hollandiya və Almaniya ilə bağlı yaşanan böhran, Prezident Ərdoğanın bu böhranı istədiyi şəkildə idarə etməsi Avropada və ölkə daxilində "Evet"ə xidmət etmiş oldu.

Almaniyadakı qəzetlərin türkcə “Hayır”ı dəstəkləyən manşetlər atması da, “Evet” səslərinin çoxalmasına səbəb oldu. Avropa qəzetləri türk millətinin bu manşetlərə fərqli təpki verəcəyini ya hesablaya bilmədi, ya da ki dolayı yolla Ərdoğana dəstək oldular.

Ümumiyyətlə, Türkiyədə referendum və ya parlament, bələdiyyə, prezident seçkilərində subyektlərin çıxışları çox önəmlidir. Adətən, böyük çoxluq maddələrə deyil, liderlərin çıxışlarına diqqət yetirirlər.

2002-ci ildən etibarən kütləni məharətlə idarə etmək bacarığına sahib olan Ərdoğan yenə də liderliyini qorumaqdadır. Xüsusilə, ana müxalifət partiyası liderinin bəzi yanlışlıqları, kürd əsilli vətəndaşların təmsilçisi olan HDP-nin “Hayır”ı dəstəkləməsi, MHP-nin isə “Evet”i dəstəkləməsi Ərdoğana əlavə güc verdi.

Ərdoğan ilk gündən HDP-nin “Hayır”ı dəstəkləməsini dolayı yolla Kandilin, yəni PKK-nın dəstəkləməsi kimi qələmə verdi və bu çıxışı “Evet” səslərinin artmasına xidmət etmiş oldu. Necə ki, İstanbul küçələrində bu cümləni vətəndaşlardan tez-tez eşitmək mümkün olurdu: “PKK və Amerika hayır deyir, ona görə evet deməliyik”.

AKP-nin planı

Şübhəsiz ki, referendum kampaniyasının əsas aparıcı qüvvəsi prezident R.T.Ərdoğanın özü idi. Əgər onun açıq, konkret və məqsədyönlü çıxışları olmasaydı, AKP əsla kampaniyada uğur qazana bilməyəcəkdi. Çünki Ərdoğanın istər vətəndaşları yönləndirə bilmə qabiliyyəti, istərsə də, Avropa dövlətlərinin idarəçiləri əleyhinə xalqın ürəyini oxşayan çıxışlar edə bilməsi populizmə maraqlı olan kütlə üçün çox önəm daşıyırdı. Təsadüfi deyil ki, əslində, “Evet” deyənlərin əksəriyyəti Konstitusiyaya qəbul edilən dəyişikliklərə görə deyil, sırf Ərdoğan istəyir deyə sandıq başına gedəcəklər. Çünki Türkiyə vətəndaşları üçün liderin keyfiyyəti sistemin özündən daha çox önəm daşıyır.

Əgər Türkiyə vətəndaşları bu gün dəyişikliklərə “Evet” desələr, 2019-cu ilin 3 noyabrında baş tutacaq prezident seçkilərinə R.T.Ərdoğan qatıla biləcək. Onun əvvəlki sistemdəki 7 illik prezidentlik müddəti buna mane olmayacaq.

Məhz bu fakta görə, Ərdoğanın dəyişikliklərdəki əsas məqsədinin yenidən seçkilərə qatılmaq və daha 10 il Türkiyəni idarə etmək olduğu iddia edilir.

Müxalifət kampaniya dövründə əsas ittiham kimi bu faktı önə sürdü, yeni gətiriləcək sistemin kifayət qədər səlahiyyətə malik tək adam idarəçiliyi olduğunu bildirirdi. AKP isə əksinə, ikili idarəçiliyin, koalisiyaların dövlətin idarə edilməsinə əngəl olduğunu, cumhurbaşqanlığı sistemində daha çevik qərarların alınması və dövlətin rahat idarə edilməsinin mümkün olacağını qeyd edirdi.

Kampaniya dönəmində baş nazir Binali Yıldırımın canfəşanlığı da gözardı edilməməlidir. Gözlənilənlərin əksinə olaraq Yıldırım həddindən artıq aktiv şəkildə çalışdı, kifayət qədər “Evet” səslərinin artmasına xidmət etdi.

Prezidentin danışmanlarından birinin Türkiyənin “Evet” çıxarsa, əyalət sisteminə keçə biləcəyi fikrinə qarşı Binali Yıldırım açıq şəkildə bunları dedi: “Anayasanın ilk 4 maddəsi dəyişmir. İlk dəyişiklik maddəsi 9-cu maddədir. “Məhkəmə müstəqildir” ifadəsi, “məhkəmə müstəqil və tərəfsizdir” kimi dəyişdirilir. Əgər bu Anayasanın hər hansı bir yerində əyalət varsa, əyalət sisteminə yol açacaq bir maddə varsa, mən bu gün vəzifəmdən - həm baş nazirlikdən, həm də partiya sədrliyindən istefa verərəm... MHP ilə AKP bu anayasanı hazırlayarkən qırmızı çizgimiz olaraq unitarlığı əsas götürdük”.

Əslində, Anayasa dəyişikliklərinə MHP başqanı Dövlət Baxçalının müsbət yanaşmasının kökünü məhz burada axtarmaq lazımdır.

MHP-nin planı

Anayasa dəyişiklikləri elan edildikdən bu yana hər kəsi düşündürən əsas sual bu idi: İllərdir AKP-ni və Ərdoğanı aşırı şəkildə tənqid edən, başqanlıq sisteminə qarşı olduğunu dəfələrlə deyən MHP sədri Dövlət Baxçalı nəyə görə bir anda tamamilə əks mövqe sərgilədi və MHP içində bölünməyə yol açdı?

Bu sualın bəsit cavabı, adətən, belə verilir:

- Ərdoğan MHP içində Baxçalıya qarşı olanları susdurdu, kürsüsünü az qala təhvil verməyə məcbur qalan Baxçalını xilas etdi.
- Baxçalı 2019-cu ildə qələbə qazandıqdan sonra yüksək səlahiyyətlərə malik olacaq Prezident Ərdoğanın yardımçısı vəzifəsinə təyin ediləcək.

Birinci iddiaya gəldikdə, MHP içində Meral AkşenerSinan Oğan dəstəklənən şəxslər olsalar da, onların heç biri təkbaşına MHP-ni idarə edəcək potensiala və Baxçalı kimi siyasətin hər üzünü görmüş adamı devirmək imkanlarına sahib deyillər. Necə ki, bunu bacara bilmədilər. Şübhəsiz ki, Baxçalıya müxalif olan hər iki şəxs Türkiyə siyasətində çəkisi olan insanlardırlar, “Hayır” kampaniyasında Sinan Oğan kifayət qədər iş gördü. Təsadüfi deyil ki, elə bu uğurlu kampaniyasına görə, dəfələrlə hücuma məruz qaldı, həyatına təhlükə yarandı. Amma bu da faktdır ki, hər iki şəxsin MHP içində Baxçalı qədər dəstəkçisi yoxdur.

İkinci iddiaya gəldikdə isə, D.Baxçalı əsla, başqan köməkçisi olmaq üçün Ərdoğanın kampaniyasına alət olacaq xarakterdə şəxs deyil. Daha gənc, enerjili, hakimiyyət ehtirasının daha yüksək olduğu dönəmdə Ecevitin baş nazirlik təklifini geri çevirən Baxçalının indi Ərdoğanın kölgəsi altında bir vəzifə istəməsi absurddur.

Fikrimizcə, Baxçalının belə bir qərar almasına iki hadisə səbəb olub:

1. Ötən ilin 15 iyulunda Fətullah Gülənə bağlı hərbçilərin çevrilişə cəhd etməsi, tankların xalqı əzməsi, əsgərin xalqa atəş açması, parlamentin bombalanması, xalqın seçdiyi prezidentin öldürülməsinə cəhd.

MHP fəlsəfəsinə görə, bu edilənlər əsla bağışlana bilməz, bir dövlətin məhv edilməsinə yönəlik addımı atanlar sərt şəkildə cəzalandırılmalıdırlar. Təsadüfi deyil ki, çevriliş gecəsi Baxçalının sərgilədiyi mövqe, ülkücüləri küçəyə səsləməsi, MHP-yə “bağlı” hərbçinin Ərdoğanı xilas etməsi və s. məsələlər uzun müddət müzakirə olunmuşdu. MHP üçün fövqəladə hallarda hakimiyyətdə kimin olması deyil, dövlətin təhlükəsizliyi, mövcudluğu önəmlidir. İndiki halda hələ də real təhlükə olaraq qalan FETÖ qruplaşmasının dövlət içindən tamamilə təmizlənməsi MHP üçün xüsusi önəm daşıyır, bunu da ancaq bütün səlahiyyətləri bir əlində cəmləşdirən lider edə bilər. Bu baxımdan MHP indiki halda Ərdoğana dəstək verir. Çünki dini bir qruplaşma ən pis idarəçidən də dövlətin təhlükəsizliyi üçün daha zərərlidir. Necə ki, FETÖ qruplaşması Ergenekon əməliyyatında və 15 iyulda açıq şəkildə əsl mahiyyətini göstərdi.

2. MHP və AKP dəstəkçilərinin, əslində, görüş etibarilə bir-birilərindən kəskin fərqlənməməsi nəticədə bir gün onları bir araya gətirəcəkdi. Hazırda FETÖ ilə mübarizə, PKK ilə savaş dövlətin unitarlığının qorunması məsələlərindəki ortaq düşüncə bu iki partiyanı bir araya gətirib. ​Baxçalının referenduma iki gün qala əyalət sistemi ilə bağlı sərt danışması da buna görədir.

MHP Türkiyənin daxil olduğu yeni yolun idarəçilərindən olmaq, bu yola FETÖ qruplaşmasının, HDP-nin daxil olmasının qarşısını almaq üçün fərqli taktika seçib.

Çünki 15 iyul hərbi çevrilişə cəhd məsələsi, Türkiyəyə xas klassik bir hərbi çevriliş deyildi. Bu hərbçilərin deyil, Fətullah Gülən dini icmasının onlara bağlı hərbçilər vasitəsilə hökumət devirmək cəhdi idi. Bu baxımdan MHP-yə görə, faktiki mübarizə aparılmalı güc AKP deyil, Fətullah Güləndir.

CHP-nin planı

CHP sədri Kamal Kılıçdaroğlu referendum kampaniyasında bəzən xətalar etsə də, kifayət qədər uğurlu nəticələr göstərdi. Təsadüfi deyil ki, başda Ərdoğan olmaqla “Evet”çilər dəyişiklik etmək istədikləri maddələri xalqa anlatmaq əvəzinə, çıxışlarını Kılıçdaroğlunu tənqid etmək üzərinə qurdular. Amma dəfələrlə açıq debat təklif etməsinə rəğmən heç biri Kılıçdaroğlu ilə TV-yə müzakirəyə çıxmadılar. Kampaniya dönəmində Kılıçdaroğlu iki böyük xəta etdi. Xüsusilə, bu xətalar referenduma qısa müddət qalmış edildiyi üçün “Evet” səslərinin artmasına xidmət edəcək. Kılıçdaroğlunun xalqın həssas olduğu 15 iyul hadisəsi ilə bağlı “kontrol edilən çevriliş” ifadəsini işlətməsi, referenduma iki gün qala hərbi hissələrdən birində törənlə qarşılanması politik xəta idi. Necə ki, Ərdoğan bundan məharətlə istifadə etdi.

CHP “Hayır” kampaniyasını aparan əsas güc oldu. CHP-yə görə, Anayasada prezidentə veriləcək bu qədər yetkini dövləti quran Mustafa Kamal Atatürk belə istəmədiyi halda, Ərdoğan istəyir. CHP-yə görə, bu dəyişikliklər rejim dəyişikliyidir, padşahlıq və xilafət arzusundan doğan istəklərdir.

CHP-nin digər bir iddiasına görə, yeni sistemdə Türkiyənin əyalətlərə bölünməsi məsələsi nəzərdə tutulub, indi inkar etsələr də, parlamentdə də bu məsələ AKP-lilər tərəfindən dəfələrlə səsləndirilib.

Amma CHP-nin bu iddiasının Binali Yıldırımla yanaşı Ərdoğanın Konyadakı mitinqdə açıq şəkildə inkar etməsi böyüməsinə mane oldu. Mitinqdə Ərdoğan bunları dedi: “Əyalət, federasiya gündəmimizdə yoxdur, olmayacaqdır da”.

AKP-nin bu çıxışları referendum gününə qədər keçərli olması iddiasına gəldikdə isə, dövlət məsələləri bu qədər bəsit deyil, belə bir hərəkət edilərsə, başda MHP olmaqla sərt müxalifətlə qarşılana bilər. Üstəlik əvvəlki illərlə müqayisədə nə PKK-nın, nə də HDP-nin gücü qalmayıb.

CHP-nin qarşı çıxdığı digər bir önəmli məsələ də, yeni sistemdə Prezidentə Məclisi göndərmə səlahiyyətinin verilməsidir. AKP bu faktı inkar etməyi çalışsa da, yayımladıqları broşürlərdə bu məsələ açıq şəkildə qeyd olunub.

HDP-nin planı

CHP-dən sonra “Hayır” kampaniyasını aparan əsas güc HDP-dir. Digər kiçik sol qruplar və kiçik partiyalar da “Hayır” kampaniyası aparsalar da, onların fəaliyyəti HDP qədər gözə çarpmır. HDP həmsədri Səlahəddin Dəmirtaşın həbsdə olması, kampaniya müddətində bu partiyaya kifayət qədər təsir göstərdi. Çünki kampaniya müddətində əsas aparıcı füqurlar liderlərin özləri idi, bu baxımdan HDP çox geridə qalırdı.

HDP yeni Anayasa dəyişiklikləri ilə yanaşı, mövcud Anayasaya da “yox” deyir, hərbi çevrilişdən sonra hazırlanan Konstitusiyanın onların maraqlarına zidd olduqlarını qeyd edirlər.

Bəzi iddialara görə, əslində, “Evet”in çıxması HDP-yə və kürdlərə daha çox faydalı olacaq, ona görə də HDP siyasi təqiyyə edərək gerçək məqsədini gizlədir. Amma burası həqiqətdir ki, yeni sistemdə CHP kimi partiyanın belə nüfuzunun azalacağı bir məqamda HDP-nin nələrsə qazanacağı imkansızdır. Üstəlik yuxarıda qeyd etdiyimiz kimi, MHP ilə bağlanan ittifaq anlaşmasına görə, AKP əsla əyalət sistemini gətirə bilməyəcək. Ona görə də indiki parlamentar sistem HDP-yə daha çox sərf edir.

Nəticə

Əvvəlki seçkilər və referendumlardan fərqli olaraq, indiki referendumun nəticələrinin necə çıxacağını proqnozlaşdırmaq olduqca çətindir. Çünki ortada çox maraqlı bir mənzərə var. MHP AKP-nin yanındadır, amma partiya içində etirazçı təbəqə var. MHP-də liderə itaət kültürü olsa da, ülkücülərin Ərdoğanı sevməməsi sandıqda “Hayır” səsi vermələrinə səbəb ola bilər. AKP içində də hələ ki, açıq büruzə verilməsə də, narazılıq var. Xüsusilə, Davutoğlu, Gül və daha keçmiş dönəmdə olan şəxslərə simpatiyası olan kəsim mövcuddur, həmçinin yeni dəyişikliyin partiyaya zərər verəcəyini də düşünənlər var. Ərdoğanın hakimiyyətdən getmək istəməməsi faktını da bura əlavə etsək, narazıların ola biləcəyi ehtimalı artır.

ABŞ-dakı son prezident seçkilərində Trampın seçilməsi ilə anket şirkətlərinin alt-üst olması, “utanqaç seçici” qavramının ortaya çıxması Türkiyədəki referendum üçün də keçərlidir. Yəni, anket şirkətlərinə “Evet” deyib, sandıqda “Hayır” səsini verəcək olan kəsimlər var.

Digər tərəfdən referendumun nəticələrinə həlledici təsir edə biləcək “qərarsızlar” təbəqəsi var ki, onların sandıq başında hansı qərarı verəcəyi hələ də bilinmir.

Bu baxımdan Ərdoğan da narahatlıq keçirir, “Hayır”ın çıxması onun 15 il ərzində yüksələn xətlə gedən siyasi karyerasında ilk böyük zərbəni almasına səbəb ola bilər.

Amma bunlara baxmayaraq “Evet”in qazanması ehtimalı daha çoxdur. Çünki Türkiyədəki seçkilərdə və referendumlarda həlledici səs Anadolu və mühafizəkar bölgələrin səsləridir.

Dilqəm ƏHMƏD

Teleqraf.com-un Türkiyə təmsilçisi


Müəllif: