22 İyul 2017 13:21
1 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Mətbuatın 142-ci ildönümündə dövlət başçısı İlham Əliyev 255 jurnalistə mənzil hədiyyə etdi. Prezidentin bu təşəbbüsü ölkədə müxtəlif təbəqələr tərəfindən təqdir edilir. Qeyd olunur ki, bu addım ölkədə medianın inkişafına dövlət dəstəyinin bariz nümunəsidir.

Millət vəkili, professor Nizami Cəfərov hesab edir ki, artıq bu hadisə ənənə halını alıb. O, Teleqraf.com-a bildirib ki, bu addım faktiki olaraq, prezidentin jurnalistlərə münasibətinin göstəricisidir: “Hesab edirəm ki, bu, prezident tərəfindən böyük jestdir. Dövlət rəhbərliyinin mətbuata verdiyi qiymət və dəyərdir. Əlbəttə, prezidentin mətbuat adamlarına, publisistlərə belə şərait yaratması ona hesablanır ki, bu insanlar rahat yaşayaraq yazıb yaratsınlar. Bu, dünyanın heç bir yerində olmayan bir hadisədir. Bir daha qeyd edim ki, bu xeyirxah iş faktiki olaraq, prezident səviyyəsində dövlətin çevik düşüncə sahiblərinə qoyduğu qiymətdir”.

Nizami Cəfərov əlavə edib ki, bu yanaşma qələm əhli arasında çox müsbət qiymətləndirilir: “Belə təşəbbüslər düşüncə sahibləri arasında da pozitiv qiymətləndirilir, onların prezidentə və dövlətə inamını daha da artırır. Mən prezidentin bu təşəbbüsünü təqdir edirəm. Bu həm də bayrama bayram qatır, demokratik ab-hava yaradır”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da prezidentin jurnalistlərə belə səmimi münasibət bəsləməsini təqdir edib: “Ölkə prezidenti tərəfindən 255 jurnalist ailəsinin evlə təmin olunması haqda xəbərə sevindim. Xüsusilə evlə təmin olunan jurnalistlər siyahısında kifayət qədər jurnalistikamızda layiqli imza ilə tanınan personalar olduğuna görə bu jestin dəyəri ikiqat artır. Mənzillə təmin olunan bütün jurnalist dostlarımızı, onların ailə üzvlərini təbrik edirəm. Xeyirli olsun, necə deyərlər qız köçürüb, gəlin gətirəsiniz. O mənzillər həm də ailə səadətinizin şahidi olsun”.

Deputat Çingiz Qənizadə də prezident səviyyəsində bir qrup jurnalistin evlə təmin edilməsini sevinclə qarşıladığını ifadə edib. O, bu təşəbbüsü dəstəkləddiyini və artıq bunun ənənə halına gəldiyini xüsusilə vurğulayıb.

Çingiz Qənizadə Azərbaycan prezidentinin jurnalistlər üçün daha bir bina inşa etməklə bağlı verdiyi sərəncamı da yüksək dəyərləndirib: “Möhtərəm prezidentə təşəkkür edirəm. Dünyada iqtisadi çətinliklər tüğyan etdiyi bir zamanda növbəti 255 mənzilli binanin tikintisi üçün təməl qoyulması və vəsaitin ayrılması Azərbaycanda azad mətbuata olan diqqət və qayğının təzahürüdür”.


Müəllif: Cavad