8 Avqust 2017 17:08
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:55

Bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri başlayıb.

Teleqraf.com-un məlumatına görə, iki gün davam edəcək səfər çərçivəsində Türkmənistan prezidenti Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Q. Berdiməhəmmədovu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.

Qeyd edək ki, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektri üzrə müzakirələr nəzərdə tutulub. Tərəflərin Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya nəqlinin mümkünlüyü, o cümlədən Xəzər dənizində sərnişin və yük dövriyyəsinin artırılması və Xəzərin hüquqi statusuna dair fikir mübadiləsi aparması planlaşdırılıb.

Görüşün yekununda bir sıra ikitərəfli sənədin imzalanacağı gözlənilir.

***

10:09

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.

Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycan və Türkmənistan prezidentləri rəsmi foto çəkdiriblər.

***

10:52

Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub.

***

12:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.

***

14:27

Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.

***

“Bu gün danışıqların böyük hissəsi nəqliyyat məsələlərinə həsr edilib. Həm Türkmənistanda, həm Azərbaycanda yeni dəniz ticarət limanları tikilir və yaxın zamanlarda istifadəyə veriləcək. Bu, yük daşımalarının həcminin artırılmasına gətirib çıxaracaq. Eyni zamanda, bu gün müzakirə edilən mövzulardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun inşasıdır. Bu yol həm Türkmənistanın, həm Azərbaycanın tranzit imkanlarını böyük dərəcədə artıracaq”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimindən sonra mətbuat üçün bəyanatında deyib.

Dövlət başçısı qeyd edib ki, energetika sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var: “Bu gün imzalanan Memorandum gələcək fəaliyyətimiz üçün yaxşı əsas yaradır. Biz bütün sahələrdə, təbii ki, humanitar sahədə uğurla əməkdaşlıq edirik. İctimaiyyət onu da görür ki, bizim üçün tərcüməçi də lazım deyil. Biz cənab Prezidentlə söhbət əsnasında dedik ki, əgər bizim vətəndaşlar bir ay bir-birinə qonaq getsələr onda heç, ümumiyyətlə, tanış olmayan kəlmə də qalmaz. Yəni, bu oxşarlıq bizim böyük sərvətimizdir. Tarix, mədəniyyət, etnik köklər birdir və biz fəaliyyətimizi bu möhkəm təməl üzərində qururuq. Türkmənistan bizim üçün yaxın, dost, qardaş ölkədir, türkmən xalqı bizim qardaş xalqımızdır. Biz bunu yüksək qiymətləndiririk. Mən xüsusilə Prezident Berdiməhəmmədovun fəaliyyətini bir daha qeyd etmək istərdim. Çünki bizim uğurlu əməkdaşlığımızın tarixi hadisəsi 2008-ci ildə baş verib. Həmin ilin may ayında ilk dəfə olaraq Türkmənistan Prezidenti Azərbaycana səfər edib və ondan bir neçə ay sonra - 2008-ci ilin noyabr ayında mən Türkmənistana səfər etmişdim. O səfərlər dönüş nöqtəsi idi. O səfərlərdən sonra geniş əməkdaşlıq formatı formalaşdı, yaradıldı və biz bu gün onun gözəl bəhrəsini görürük. Cənab Prezident, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminliyimi ifadə etmək istəyirəm ki, səfərinizin çox gözəl nəticələri olacaq. Türkmənistan və Azərbaycan bir-birinə daha da yaxın olacaq”.

***

“Bu gün Türkmənistan ilə Azərbaycan arasında ən yüksək səviyyədə danışıqlar aparıldı. Həmin görüşlər zamanı ikitərəfli münasibətlərin durumu və perspektivləri, regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu, gələcək qarşılıqlı fəaliyyətimizin konkret istiqamətləri təyin edildi. İki ölkə arasında ənənəvi olan qarşılıqlı inam və açıqlıq mühitində keçən danışıqların konstruktiv və məzmunlu xarakterini xüsusilə qeyd edirəm. Görüşlər zamanı bu gün bütün istiqamətlərdə - siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə aparılan ikitərəfli dialoqun indiki səviyyəsini yüksək dəyərləndirdik. Azərbaycan ilə əlaqələrimiz qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik və yüksələn xətlə inkişaf edir”.

Bunu Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimindən sonra mətbuat üçün bəyanatında deyib.

“Hörmətli azərbaycanlı dostlarımız, hörmətli qardaşlarımız, Azərbaycan bizim mühüm və etibarlı tərəfdaşımızdır. Biz Mərkəzi Asiya, Xəzər hövzəsi zonasında sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, burada səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması üçün müvafiq şəraitlərin yaradılması məqsədilə fəal şəkildə birgə çalışırıq. Türkmənistan və Azərbaycan arasında qarşılıqlı addımlar bu gün strateji sabitlik və regional proseslərin müsbət inkişaf amilidir. Hər iki ölkə Xəzəryanı məkanın Avrasiyada uzunmüddətli sabitliyin mənbəyinə, geniş beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarıdır”, - deyə o bildirib.

Q. Berdiməhəmmədov qeyd edib ki, keçirilmiş danışıqlarda iki ölkənin nüfuzlu beynəlxalq və regional strukturlar - Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etməsinə hazırlıq vurğulanıb: “Türkmənistan ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli tərəfdaşlıq çərçivəsində davam edəcək. Mən bir daha təkrar etmək istəyirəm ki, bu əməkdaşlıq beştərəfli əməkdaşlıqdır. Biz iqtisadi əməkdaşlıq məsələlərini təfərrüatı ilə müzakirə etdik və iki dövlətin güclü sənaye və infrastruktur potensialına uyğun olaraq bu sahədə qarşılıqlı fəaliyyətin artırılmasının zəruriliyi haqqında ümumi rəyə gəldik. Danışıqlar zamanı Türkmənistan ilə Azərbaycan arasında ticarət sahəsində tərəfdaşlığa, qarşılıqlı mal dövriyyəsinin artırılması və şaxələndirilməsinin zəruriliyinə xüsusi diqqət yetirildi. Biz qarşılıqlı ticarətin genişləndirilməsi, sənaye, xidmətlər və aqrar kompleks sahələrində geniş birgə layihələrin həyata keçirilməsi üçün sərmayə siyasətinin fəallaşdırılması məqsədilə tədbirləri nəzərdən keçirmək barədə razılığa gəldik. Bu baxımdan iki ölkənin biznes qurumlarının xətti ilə qarşılıqlı fəaliyyət mühüm rol oynamalıdır”.

Türkmənistan prezidenti qeyd edib ki, əməkdaşlığımızın strateji istiqamətləri energetika və nəqliyyatdır: “Türkmənistan və Azərbaycan enerji daşıyıcılarının istehsal həcminə görə Avrasiyada lider mövqeləri tutur. Bizim müasir infrastrukturumuz var və söhbət nəinki Avrasiya və regiondan gedir, mən söyləyə bilərəm ki, bütün dünyada ölkələrimiz məhz enerji daşıyıcılarının istehsal həcminə görə lider mövqeyindədir. Müvafiq infrastrukturumuz var, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası ilə bağlı ümumi rəyimiz mövcuddur. Enerji və nəqliyyat axınlarının şaxələndirilməsi baxımından biz öz potensialımızın davamlı istifadəsi, yeni, birgə layihələrin reallaşması üçün bütün imkanlardan istifadə edəcəyik. Danışıqlar zamanı iki ölkə arasında geniş mədəni, humanitar, elmi, təhsil və idman əlaqələrinin daha da inkişafı və həvəsləndirilməsi üzərində ümumi razılıq əldə olunub. Hörmətli azərbaycanlı dostlarımız və qardaşlarımız, nümayəndə heyətimiz bugünkü görüşlərin nəticələrini yüksək dəyərləndirir. Yekun olaraq, böyük ikitərəfli sənədlər paketi imzalandı. Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, Türkmənistan Azərbaycan ilə münasibətlərinə xüsusi əhəmiyyət verir, onu qardaş dövlət sayır. Ölkələrimiz və xalqlarımız əsrlər boyu formalaşmış yaxşı qonşuluq, ümumi tarix, mədəniyyət, dil və mənəvi dəyərlər ənənələri ilə bağlıdır. Biz bu irsi xüsusi olaraq qoruyub saxlayırıq, ona müasir reallıqlar ruhunda yeni məzmun gətiririk. Qarşımızda duran əsas məqsəd ənənələrimizin və ən ülvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasından ibarətdir. Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlıq bütün istiqamətlər üzrə durmadan inkişaf edəcək. Bu, iki ölkənin və xalqın uzunmüddətli maraqlarına cavab verir, beynəlxalq proseslərin müsbət inkişafının güclü amilidir. İkitərəfli əlaqələrin gücləndirilməsində, Türkmənistanla əməkdaşlıq məsələlərinə daimi diqqətin göstərilməsində Azərbaycan prezidentinin böyük şəxsi xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Hörmətli İlham Heydər oğlu, icazə verin, Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq əlaqələrinin inkişafına göstərdiyiniz yüksək diqqətə görə sizə dərin minnətdarlığımı bildirim”.


Müəllif: Nərgiz