22 İyul 2014 14:26

Cavanşir Paşazadə: “Bəzi məmurlar elə bilirlər ki, onların əməllərindən kiminsə xəbəri yoxdur”.

Teleqraf.com Milli Məclisin deputatı Cavanşir Paşazadənin AzNews.az-a verdiyi müsahibəni təqdim edir:

- Ölkədə dini mühitdə gərginlik hiss edirsinizmi?

- Bu məsələnin detallarına getmək istəmirəm. Çünki dərinlikləri bilmirəm. Ola bilər, verdiyim açıqlamada hər hansı səhvlər olsun və bu da ümumi işə ziyan vursun. Bütövlükdə götürdükdə, ölkədə dini zəmində hər hansı gərginlik yoxdur. Bizim ölkəmizdə baş verənlər bütün dünyada cərəyan edir. Dinlərini, təriqətlərini dəyişmə insanlar arasında adi hala çevrilib. Əslində, bu, normal haldır. Hər kəsin müstəqil seçimi var. Azərbaycanda da bu proseslər baş verir. Belə halların kütləvi olması isə boşluqlarla bağlıdır. Ölkədə maarifləndirmə işləri aparılmalıdır. Bu yük məmurların üzərinə düşür.

- Asandırsa, bəs niyə etmirlər?

- Paytaxtda və bölgələrdəki icra strukturları bu işləri yerinə yetirməlidirlər. İnsanları yetkinlik yaşına çatana qədər maarifləndirmək lazımdır. Bunun üçün təhsilə xüsusi diqqət yetirmək lazımdır. Bir daha deyirəm, insanların hansısa təriqətlərə üz tutması boşluqlarla bağlıdır. Həmin insanlar maariflənmədiklərinə görə təsir altına tez düşürlər. Amma bu məsələlərlə bağlı həyacan təbili çalmağa da ehtiyac yoxdur. Yəni, təhlükəli bir məqam da yoxdur. Təbii ki, çalışırıq xırda, xoşagəlməz halları da aradan qaldıraq.

- Yəqin ki, bir müddət əvvəl Sabirabadda baş verənlərdən məlumatınız olub. Ümumiyyətlə, hadisələrin bu həddə çatdırılmasında məmurların nə dərəcə günahı var?

- Bilirsiz, insanları ağıllarına görə rəhbər seçirlər. O da tabeçiliyindəki insanları özünə cəlb etmək üçün ağlından istifadə etməlidir. İdarəçilikdə güc tətbiq etmək olmaz. Elə olacaqsa, fəsadları yaranacaq. Onlar insanları sülhə dəvət etməlidir. Bəzi məmurlar elə bilirlər ki, onların əməllərində kiminsə xəbəri yoxdur. Sabiradda baş verənlər isə xırda məsələdir. İndi kim saqqal saxlayırsa, ona vəhhabi deyirlər. Bu, düzgün deyil. Saqqal kişilik rəmzidir. Saqqalı təkcə azərbaycanlılar saxlamır ki... Saqqal saxlayanları vəhhabi kimi qələmə vermək doğru deyil, bu, sübut olunmalıdır. Belə təxribati işlər yolverilməzdir.

- Bəziləri iddia edir ki, bu cür hadisələr xüsusilə təşkil olunur...

- Buna inanmıram. Çünki bu, sadəcə iki nəfərin davasıdır. Bunun xüsusi təşkil olunmasına nə ehtiyac var ki?! İki nəfərin davasını bu qədər qabartmaq olmaz. Belə şeylər hər bir ölkədə olur. Dövlət təhlükəsizliyi kifayət qədər güclü fəaliyyət göstərir. Narahatlığa əsas yoxdur.

- Azərbaycanda bu və ya digər məsələlərdə problemlərin yaradılmasında maraqlı olan dövlətlər varmı?

- Əlbəttə, var. Bizə əli çatan, qonşu olan dövlətlər Azərbaycandakı bu sabitlikdən narahat olurlar. Hansı dövlət istəyər ki, qonşuluğunda Azərbaycan kimi sabit dövlət olsun. Ölkəmiz 20 ildə xeyli inkişaf edib, turistlər bura gələndə məmnun qalırlar. Hamı bu inkişafı görür, sadəcə, demək istəmirlər. Belələri həm xaricdə, həm də ölkə daxilində var. Paxıllıq etməkdən başqa iş bacarmırlar. Onlar günəşi də qəbul etmirlər, qaranlığı sevirlər.

- Deputat seçildiyiniz bölgədə bununla bağlı hansı işləri görürsünüz?

- Bəzi şeylər var ki, yerində deyil. Bilirsiz ki, təhsildə hələ ki boşluq var. Çalışdığım qədər əhalinin problemləri ilə yaxından maraqlanıram, iradlarını, təkliflərini dinləyirəm. Hesab edirəm ki, deputat seçildiyim bölgədə dediyiniz məsələ ilə bağlı o qədər də ciddi problemlər yoxdur. Deputat olaraq, əsas təhsil sahəsinə diqqət yetirirəm. Bu il orada 5 məktəb binası tikilib, istifadəyə verilib. Bundan əlavə, kəndlərin qaz, işıq problemləri həll edilib. Çatışmazlıqları biz həll etmirik, bu, işimiz deyil. Sadəcə, məsələ qaldıra bilərik, onu da edirik, cənab prezident də problemlə bağlı dərhal göstəriş verir. Prezidentdən çox razıyıq, rayonlara səfər zamanı həmişə deputatlarla görüşür. Müzakirə olunan məsələləri də diqqətdə saxlayır. Bir misal çəkim, prezident Vilvan kəndi ilə bağlı iki sərəncam imzaladı və 6 milyon manat ayrıldı. Bu, az məbləğ deyil.

- Ölkədə baş verən hadisələrlə bağlı hər hansı narahatlığınız yoxdur?

- Heç bir narahatlığım yoxdur. Ölkə xeyli inkişaf edib. Bu qədər inkişaf edən ölkənin problemi olar? Dünyanı gəzirik, ölkələr arasında fərqlilikləri görürük. Azərbaycanın inkişaf etməsi ilə bağlı kiminsə şübhəsi olmasın. Ölkədə inkişafın olmadığını deyənlər, dünyada baş verənlərdən xəbərsizdirlər. Azərbaycan çox uğurlu siyasət yürüdür, biz də ona dəstək olmalıyıq.

- İraqda baş verənlərlə bağlı nə deyə bilərsiniz?

- Görürsünüz, necə narahatsınız... Biz də əvvəldən bunu deyirdik. “Ərəb baharı” adı altında ölkələri dağıtdılar, Liviyanı, Misiri, İraqı, Əfqanıstanı bərbad vəziyyətə saldılar, qardaşı qardaşla düşmən etdilər. Baxın, həmin ölkələrdə abad bina görə bilərsinizmi? İnqilabların, müharibələrin nəticəsi budur. Ölkələrində sabitlik olan xalqlar bunu görməlidirlər, anlamalıdır ki, o cür inqilabların müsbət nəticəsi olmur. Hər şey sivil şəkildə həll edilməlidir. Problemlər varsa, bunu zamanla yoluna qoymaq lazımdır. Biz təkamül yolu ilə inkişafın tərəfdarıyıq. Demirəm ki, xalq susmalıdır, tələblərini çatdırmamalıdır. Tələbə etsin, amma o ölkələrdəki kimi deyil, daha sivil qaydalara üstünlük vermək lazımdır. Ümumiyyətlə, xalq təxribatçılara uymamalıdır. İraqda belə vəziyyət hələ bir müddət davam edəcək. İraq və başqa dağılmış ölkələri elə xalq özü bərpa edəcək, amma həmin ölkələr 100 il geri düşdü. Təbii ki, adlarını çəkdiyim ölkələrdəki baş verənlər Azərbaycanda təkrarlana bilməz. Ukraynada da vəziyyət acınacaqlıdır. İnanmıram ki, o ölkədə yaxın zamanlarda sabitlik olsun. Hazırki rəhbərlik də tam oturuşmayıb. Ukrayna xalqı ciddi düşünməlidir, ölkəni məhvə aparmaq olmaz. Azərbaycan isə heç bir ölkədən asılı deyil və müstəqil xarici siyasət yürüdür. Cənab prezident balanslı siyasət aparır. Ona görə də Azərbaycan vəziyyət sabitdir.

- Sadaladığınız hadisələrin səbəbləri nədir?

- Səbəbkarı Amerikadır. Müharibədən sonra ölkə dağıldı, yeni rəhbərlik də idarə edə bilmədi. Onunla razılaşmayan qüvvələr ortaya çıxdı, yenidən ölkə qarışdı. Çünki dövlət çox zəifdir, mübarizə apara bilmədi. Təəssüflənirəm ki, orada dinc əhali qırılır. Hamısı müharibələrin nəticələridir.

- Azərbaycandan da həmin bölgəyə döyüşməyə gedənlər var...

- İnsanların psixologiyası müxtəlifdir. Onlar vuruşmağa deyil, pul qazanmağa gedirlər. Bəlkə də həmin insanlar öz kəndlərindən kənara çıxmayıblar, küyə düşüb gedirlər. Onların addımları heç şəriətdə də yoxdur. İnsan vətən uğrunda döyüşər. Problemlərdən biri də gedənlərin ailələrini də özləri ilə aparmalarıdır. Ailə başçısı isə döyüşdə öldürülür, ailə küçələrdə qalır. Bu, yolverilməzdir. Axı sən qadını, qızı ora necə apara bilərsən?

- Onlar döyüşə gedirlərsə, deməli, ölkədə təbliğat işləri aparılır...

- Əlbəttə, təbliğat işləri aparılır. Təbliğat aparanlar da pul alırlar, xarici dövlətlərə işləyirlər. Cənab prezidentin özü, yerli orqanlar da bununla bağlı ciddi işlər görürlər. Bu işlər davam etdiriləcək. Dövlət hansı tədbirlər vacibdirsə, onu da görür.

- Qəzzada dinc sakinlər məhv edilir, Türkiyə müəyyən qədər təpki göstərib, amma nədənsə Azərbaycan addım atmır. Bunun səbəbi nədir?

- Yox, sizinlə razılaşmıram. Biz də orada insanların qırılmasını istəmirik. Azərbaycan onlara kifayət qədər dəstək olur. Düzdür, Türkiyə onlara böyük dəstək verir. Amma bəzi məsələlər var ki, sərt reaksiyalar vermək olmur. Amma siz dediyiniz kimi susmuruq, nə bacarırıqsa, onu da edirik.

- Azərbaycanın beynəlxalq aləmdə fəaliyyətini necə qiymətləndirirsiniz?

- Xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığımız mövcuddur. Biz də çalırıq ki, isti münasibətləri qoruyub saxlayaq. Bötüvlükdə, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu qənaətbəxşdir. Cənab prezident bir neçə gün öncə İtaliya səfər etdi. Səfər çox uğurlu keçib. Azərbaycanı tənqid edənlər ölkəmizin inkişafından narahat olanlardır. Elələrinə fikir vermək lazım deyil.


Müəllif: