10 Aprel 2018 09:00
1 980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin milli valyutası – lirə son vaxtlar ABŞ dolları qarşısında dəyər itirməkdədir. Əslində, bu, hardasa gözlənilən idi. Türkiyənin ABŞ-a zidd siyasət yürütməsindən sonra demək olar ki, hər kəs ABŞ-dan hansısa bir həmlə gözləyirdi.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

O əlavə edib ki, vəziyyət ötən hər gün bir qədər də gərginləşir:

“Lirənin ucuzlaşması, zənnimcə, ABŞ-ın Türkiyəyə cavabıdır. Dünya maliyyə sistemində böyük rola malik olan ABŞ üçün Türkiyəyə iqtisadi təzyiq göstərmək bir o qədər də çətin deyil”.

Z.Əmrəliyev əlavə edib ki, məsələnin digər maraqlı tərəfi bu iqtisadi gərginliyin Türkiyənin daxili siyasətinə nüfuz etməsidir:

“Bir neçə gün əvvəl Baş nazir Binəli Yıldırm Monqolustanda işgüzar səfərdə olarkən, gözlənilmədən ölkənin ən tanınmış media orqanları, – bunların arasında iqtidaryönümlü media orqanları da var idi, – baş nazirin iqtisadi məsələlər üzrə köməkçisi Məhmət Şimşəkin prezident administrasiyasından gələn təlimat əsasında istefa verdiyi barədə xəbər yaydılar. Maraqlıdır ki, həm prezident administrasiyası, həm də Mehmet Şimşəkin özü bu məlumat qarşısında sükutla dayanmaq yolunu seçdi. Ancaq Binəli Yıldırım ölkəyə dönər-dönməz – hava limanında açıqlama verərək məlumatın həqiqəti əks etdirmədiyini bildirdi”.

Ekspert hesab edir ki, bu məlumat nəbz yoxlamasına bənzəyir:

“Zənnimcə, bu yalan sifarişli idi. Mehmet Şimşək Rəcəb Tayyib Ərdoğanın qurduğu az qala bütün hökumətlərdə maliyyə sahəsinə rəhbərlik edib. İndi birdən-birə onun istefası haqqında məlumat yalan olsa belə, insanı düşünməyə vadar edir. Zənnimcə, əgər Türkiyə iqtisadiyyatında yaranmış problemlər öz həllini tapmasa, bu məlumat gələcəkdə doğru çıxa bilər. İqtisadiyyata rəhbərlik etmək isə hökumət başçısı kimi Binəli Yıldırımın bilavasitə vəzifəsidir. Əgər vəziyyət daha da gərginləşsə, bu, hətta Yıldırımın baş nazirliyinə də son qoya bilər. Baxmayaraq ki, Ərdoğan və Yıldırım prezident-baş nazir münasibətlərindən əlavə, şəxsi münasibətlərə də malikdir. Ancaq iş başqa, dostluq başqa. Türkiyənin siyasi həyatında biz belə halların şahidi olmuşuq. Məsələn, tarixdə Atatürk-İnönü gərginliyi kimi hallar olub. Təbii ki, bunlar hamısı ehtimallardır. Binəli Yıldırım təcrübəli dövlət xadimi kimi problemi tez bir zamanda həll edə və yaranmış narazılığı aradan qaldıra bilər”.

Qeyd edək ki, Türkiyə lirəsi ABŞ dollarına nəzərən sürətlə ucuzlaşır. Hazırda 1 dollar 4,05 lirədir.


Müəllif: Səxavət Həmid