17 May 2014 11:25
811

Rasim Ağayev: “Laçının strateji əhəmiyyəti onun təbii dəhliz olmasındadır”

Zərdüşt Əlizadə: “Laçının işğalından sonra Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa quru əlaqə yarandı”

Sabah Azərbaycanın daha bir dilbər güşəsinin - Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 22 il keçir. 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib.

Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.

Laçının hərbi-strateji əhəmiyyəti

Qeyd edək ki, Laçın rayonu Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar prosesində həmişə əsas mübahisə doğuran rayon olub. 2007-ci ildə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən iclasında irəli sürülən və sonradan “Madrid prinsipləri” adı alan təkliflər paketində Laçın və Kəlbəcərin statusu ilə bağlı məsələyə xüsusi diqqət yetirilib. Sonradan bu prinsiplərə əlavə olaraq irəli sürülən və “yenilənmiş Madrid prinsipləri” adı alan təkliflər paketində də Laçın və Kəlbəcər məsələsi xüsusi olaraq öz əksini tapıb. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə bildirib ki. danışıqlar masasında olan təklifdə Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi nəzərdə tutulub. Dövlət başçısı dəfələrlə qeyd edib ki, sülh sazişi imzalansa, beş rayon dərhal azad olunacaq, qısa müddət ərzində isə Laçın və Kəlbəcər Azərbaycana qaytarılacaq. Bəs, bu iki rayonun, xüsusilə sabah işğalının ildönümü qeyd ediləcək Laçının Azərbaycan üçün siyasi və hərbi-strateji əhəmiyyəti nədən ibarətdir?

“Laçına təhlükəsizlik zolağı kimi baxırlar”

Bu istiqamətdə suallarımızı cavablandıran politoloq Rasim Ağayev bildirib ki, Laçının strateji əhəmiyyəti onun təbii dəhliz olmasındadır. O qeyd edib ki, ermənilər Laçına hər zaman Dağlıq Qarabağla Ermənistanı birləşdirən yol kimi baxırdılar: “Şuşa şəhərinin işğalından sonra erməni hərbi qüvvələri Şuşa-Laçın yolunu bağlayaraq birbaşa Ermənistan ərazisindən Laçın şəhərini güclü top atəşinə tutdular. Erməni hərbi qüvvələrinin məqsədi işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək üçün onların arasında dəhliz açmaq idi. Bu yolda iki respublikanın arasında yerləşən Azərbaycan şəhəri - Laçın əsas maneə idi. Şuşa işğal edildikdən az sonra, qısa müddət ərzində, yəni mayın 18-də Laçın şəhəri də Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirildi. Laçının işğalı müharibənin keçmiş muxtar vilayət sərhədlərindən çıxdığını və Ermənistanın işğalçılıq niyyətinin böyük olduğunu göstərdi”.

R.Ağayev deyib ki, Ermənistan Laçına iddiadan əl çəkən görünmür: “Onlar Laçına Qarabağın ətrafında yaranmış təhlükəsizlik zolağı kimi baxırlar. Bununla onlar özlərini ifşa etmiş olurlar. Çünki hər bir dövlət özü üçün bir təhlükəsizlik zolağı yaratsa, gərək digər ölkənin torpağını işğal etmiş olsun. Gürcüstan, Türkiyə və Azərbaycan belə bir zolaq yaratsalar, o zaman Ermənistanda Yerevandan başqa heç nə qalmayacaq. Bu isə bütün beynəlxalq qanunlara tamamilə zidd olan bir şeydir. Amerika da Ceyms Uorlikin timsalında Dövlət Departamentinin Qarabağın statusunun bir, işğal olunmuş ərazilərin isə tamam ayrı məsələ olduğunu deyib. Bu iki məsələni bir-birinə qatmaq lazım deyil. Nəhayət ki, Qərbdə bunu yavaş-yavaş başa düşməyə başlayıblar. Söhbət əslində başa düşməkdən də getmir. ABŞ da, Rusiya da əvvəldən bilirdilər ki, söhbət nədən gedir. Sadəcə, özlərini bilməzliyə qoyurdular. İndi isə vəziyyət dəyişilir. ABŞ-ın Cənubi Qafqazda istəyi böyükdür. Burada rəqabət daha da ciddiləşir. İran məsələsi, Rusiyanın bu regiondan sıxışdırılıb çıxarılması ortaya çıxır. Azərbaycan prezidenti də Praqada keçirilən sammitdə bildirdi ki, nə vaxtadək bu oyunları oynayacaqsınız? Krıma gələndə bar-bar bağırırsınız ki, bu, işğaldır, separatçılıqdır, yolverilməzdir və Rusiyaya sanksiya tətbiq edirsiniz. Ancaq eyni şeyi Ermənistan da Azərbaycana qarşı tətbiq edib. Nəyə görə Ermənistana gözün üstə qaşın var demirsiniz? Hanı Ermənistana tətbiq olunan sanksiyalar? Mən millətimi necə başa salım ki, bu, nə olan şeydir? Ona görə də Amerika yavaş-yavaş Ermənistanı qıcıqlandırmağa başlayıb. Məncə, Azərbaycan Rusiyanın özünə və Amerikaya da çox böyük təzyiq göstərməlidir ki, bu məsələlərdə Ermənistanı yerində oturtsunlar.

“Laçının işğalı Qarabağı anklav olmaqdan qurtardı”

Politoloq Zərdüşt Əlizadə isə bildirib ki, Laçının işğalından əvvəl Dağlıq Qarabağla Ermənistan arasında quru yolla əlaqə yox idi. O qeyd edib ki, Dağlıq Qarabağ anklav idi və hər tərəfdən Azərbaycan Respublikasının əraziləri ilə əhatə olunmuşdu: “Laçının işğalından sonra Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa quru əlaqə yarandı”.

Z.Əlizadə Laçının danışıqlar prosesindəki hazırkı rolundan da danışıb: “Danışıqlar zamanı Ermənistan israrla tələb edir ki, Kəlbəcər də olmasa, Laçın mütləq müstəqil Dağlıq Qarabağın tərkib hissəsi olmalıdır. Ermənilərin bu tələbi də onunla bağlıdır ki, Dağlıq Qarabağ onların təbirincə desək, ana vətən - Ermənistanla bağlansın”.

Müsahibimiz həmçinin Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın bugünlərdə erməni xalqına müraciətlə yazdığı bir məqaləsindən bəhs edib: “O, erməni xalqına müraciətlə yazır ki, ay erməni xalqı, öz aranızdakı münaqişələri arxa səfə çəkin. Çünki bu, Dağlıq Qarabağ məsələsində Ermənistan üçün ağır nəticələrə gətirib çıxara bilər. İndi Ermənistan tərəfi bizə çox ağır şərt irəli sürür ki, Dağlıq Qarabağı, habelə Kəlbəcər və Laçını qaytarmırıq. Ermənistan yalnız 5 rayonu qaytarmağa razıdır. Əgər xaricdən təzyiq olsa, Ermənistan deyər ki, Kəlbəcəri də qaytarırıq, amma Laçından söhbət gedə bilməz”.

“Ermənistan rəhbərliyi qəfəsdə oturub”

Qeyd edək ki, bir neçə il əvvəl Ermənistan Laçının 13 kəndini boşaltmağa razılıq vermişdi, sonradan isə bu təklif geri götürüldü: “Bu təklif artıq keçmişdə qalıb. Çünki ermənilər indi bütövlükdə Kəlbəcər və Laçın rayonlarını tələb edir. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistana xarici təzyiq olsa və onlar geri çəkilsə, Kəlbəcər rayonu geri qaytarılacaq. Ancaq belə bir təzyiqin olacağını da ehtimal etmirəm. Vəziyyətin donmuş olaraq qalması Rusiyanın xeyrinədir. Ermənistan rəhbərliyi münaqişə ilə bağlı nə müsbət, nə də mənfi istiqamətdə heç bir dəyişiklik olmayacağına dair Rusiya qarşısında öhdəlik götürüb. Əgər Ermənistanda bu vəziyyəti kimsə dəyişmək istəsə, o saat nə isə baş verəcək. 1998-ci ildə Levon Ter-Petrosyan Azərbaycana təklif elədi ki, gəlin güzəştli sülhə razı olaq. Erməni generalları girdilər prezidentin kabinetinə, onlar çıxandan sonra Petrosyan istefaya getdiyini elan etdi. Yaxud, Vazgen Sərkisyan-Karen Dəmirçiyan cütlüyü Rusiyadan asılı olmayan hansısa bir siyasət yürütmək ehtimalı yaranan kimi parlamentdə güllələndilər. 2008-ci ildə müxalifət hakimiyyəti götürmək imkanı qazanan kimi Köçəryanın əmri ilə ordu oturaq mitinqi dağıtdı və 10 nəfər müxalifətçi öldürüldü. Yəni, bunlar kifayət qədər şəffaf eyhamlardır ki, Ermənistan hakimiyyətindəkilər bu eyhamları anlasınlar və bilsinlər ki, onlar qəfəsdə oturublar. Bu qəfəsin qapısının açarı Rusiyanın əlindədir”.

Səxavət Həmid


Müəllif: Teleqraf.com