22 Aprel 2014 11:39
961

Millət vəkili: "Partiya qurmaq qeyri-realdır"

"Bu məsələnin müxtəlif kütləvi informasiya orqanlarında gündəmə gətirilməsinin səbəbləri mənə bəlli deyil. Şəxsən heç zaman partiya üçün təşəbbüs göstərməmişəm".

Bu sözləri mətbuatda partiya yaratması ilə bağlı yer alan fikirlərə qəzetimizə münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, partiya quruculuğu böyük zəhmət, fədakarlıq, insan resursu və bunlarla paralel böyük maliyyə imkanları tələb edir:

"Mən Azərbaycanın siyasi sistemində mövcud olan partiyalardan daha böyük iddia göstərib, fərqli nəyi ortalığa qoymalıyam ki, qeydə alınmış bir siyasi təşkilatdan daha üstün ciddi bir siyasi imkanlara, mühüm sosial dayaqlara malik olsun və hiss olunsun, fərqlənsin və s. Onsuz da əksər siyasi təşkilatlar ümumxalq təşkilatı formasında yox, yalnız birinci insanların üzərində formalaşır. Mən isə parlament üzvüyəm və burada mühüm bir tribunamız var. Cəmiyyətimizin həyatından, istərsə də mediadan gələn müxtəlif baxışları, sorğuları, müraciətləri dəyərləndiririk və buna adekvat olaraq fəaliyyətimizi qururuq. Belə demək mümkünsə, bu bir nəfərin partiyası sayıla bilər. Ancaq bir az irəli gedib siyasi həmfikirlərimizlə, silahdaşlarımızla bir partiya quruculuğuna dair heç zaman qərar verməmişik. Bu yöndə planlarımız həqiqətən olmayıb. Baxmayaraq ki, prezidentliyə namizədliyim dövründə kömək edən və kifayət qədər təfəkkürləri ilə seçilən gənclər daha sonra bir yerdə çalışmağı istəyirdilər.

Onlar siyasi analitik qurum və ya partiya fəaliyyəti olsun, fərq eləməz, yetər ki, bir yerdə çalışmaq istəyirdilər. Təəssüf olsun ki, bunları gerçəkləşdirmək üçün bəlli tələblər lazımdır. Ona görə də hələ biz bu yöndə qərar verməmişik, müəyyən bir addım da atmamışıq".

Z. Oruc bildirib ki, fəaliyyətinin istiqamətindən, funksiyasından asılı olmayaraq, ümummilli lider Heydər Əliyevin kursuna bağlıdır. Onun fikrincə, bu yöndə güclü bir hakimiyyət partiyası var ki, bu, Yeni Azərbaycan Partiyasıdır:

"Bundan kənarda hansı formada addım atmalısan ki, özünün gələcəyini, həyat baxışlarını sizinlə bərabər görən insanlar olsun və həm də bu kursa xidmət amalını daşısınlar. Açıq demək lazımdır ki, bu asan məsələ deyil. 2, 3, 4 və ya 5-ci hakimiyyət partiyası qurmaq qeyri-realdır. Rusiyada, İngiltərədə fərqli modellər var, amma Azərbaycanda güclü hakimiyyət partiyası, zəif müxalifət, ümumiyyətlə zəif qüvvələr formatı mövcuddur. Bunun da səbəbləri bəllidir, çünki prezident hansı siyasi qüvvəyə başçılıq etsə, o təşkilat da güclü olacaq. Mən daxil olmaqla, həmin şəxsiyyətin liderliyini qəbul etmişik, bu kursun yaşarlığını istəyirik. Ona görə də hər hansı siyasi partiya yaratmaq haqqında olan informasiyalar doğru deyil".

BƏXTİYAR


Müəllif: