24 İyun 2014 11:01
686

Hafiz Səfixanov: “Mina hadisəsi gələcəkdə də olacaq”

Dünən Azərbaycan Ordusunun hərbçisi minaya düşərək ağır yaralanıb. Hadisə cəbhənin Qazax istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, kiçik çavuş Orxan İlqar oğlu Hacıyev mina partlaması nəticəsində xəsarət alıb. Yaralı hərbçi hospitala yerləşdirilib, vəziyyəti ağırdır. Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov səbəb kimi təhlükəsizlik qaydalarına riayət edilib-edilməməsi ilə bağlı konkret fikir söyləyə bilməyəcəyini deyib. Onun sözlərinə görə, minaya düşən şəxs hərbçidir və hadisə sırf əməliyyat şəraitində də ola bilər:

“Hələ ki bizdə dəqiq məlumat yoxdur. Mina hadisəsi bizdə olub, indi də var və ola bilsin gələcəkdə də olacaq. Çünki bizim müharibəmiz hələ bitməyib. Ona görə də Müdafiə Nazirliyinin sərəncamında olan ərazilərdə minaların təmizlənməsi əməliyyatını aparmaq məqsədə müvafiq deyil”.

BƏXTİYAR


Müəllif: