15 İyul 2016 13:40

“Mən teraktların olacağını bildirmişdim. Çünki Fransa kəşfiyyatı və digər Qərb ölkələrinin xüsusi xidmət orqanları ifadə etmişdilər ki, İŞİD-in frankofon döyüşçüləri Fransa və Belçikada terror əməliyyatları keçirməyi planlaşdırırlar. İyulun 14-də Fransanın Ankaradakı səfirliyi və İstanbuldakı konsulluğunun qapadılması və Fransanın müstəqillik günü ilə bağlı planlaşdırılan tədbirin təxirə salınması da təsadüfi deyildi. Görünür, fransız kəşfiyyatında terror olacağı haqda məlumat olub, lakin hansı yerdə keçiriləcəyini bilməyiblər”.

Bunu milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər dünən gecə saatlarında Fransanın Nitsa şəhərində 80 nəfərin ölümü və yüzlərlə insanın yaralanmasına səbəb olan terror aktını şərh edərkən deyib.

Teleqraf.com-a danışan mütəxəssis əlavə edib ki, terror hücumunun Fransaya qarşı olacağına dair informasiya olub, lakin bu hücumun harada və kim tərəfindən həyata keçiriləcəyinə dair məlumat isə olmayıb: “Əgər fransız kəşfiyyatında bununla bağlı konkret informasiya olsaydı, belə qanlı hadisə baş verməzdi”.

S.Əkbər əlavə edib ki, terror hücumları davam edəcək: “Əvvəla beynəlxalq terror təşkilatlarına qarşı effektiv mübarizə aparılmır. Xüsusilə, biz bunu Suriyada görmürük. Dünyanı idarə edən güclər arasında Suriyanın gələcəyinə dair razılıq əldə edilməsə, terror qurumlarına qarşı effektiv mübarizə aparılmayacaq.
İkincisi, terror artıq qlobal bir təhlükə və problemdir. Buna görə terrora qarşı qlobal koalisiya qurulmalı və bu koalisiya səmimi olmalıdır.

Üçüncüsü, terrorun harada baş verməsindən asılı olmayaraq ona qarşı münasibət yekdil olmalıdır, ikili standartlara yer olmamalıdır. Hələlik ümumi terror anlayışı mövcud deyil. Hər ölkənin özünə və marağına görə terror anlayışı var. Ümumi bir terror anlayışı olmayana qədər terror təşkilatlarının ümumi siyahısı da olmayacaq. Çünki hərənin bir anlayışı var və bu anlayışa uyğun gələn təşkilatlara terrorçu deyilir. İlk olaraq ümumi anlayışı yaratmaq, daha sonra bu anlayışa daxil olan terror qruplarının ümumi siyahısını hazırlamaq və sonda buna qarşı qlobal mübarizə şəbəkəsini qurmaq lazımdır. Qlobal koalisiya yaranmayana qədər terrorla effektiv mübarizə aparmaq mümkün olmayacaq.

Dördüncüsü, İŞİD adlı qurum və digər terror təşkilatları Suriya, habelə İraqda sıxışdırıldıqca, onların nəzarət etdiyi sahələr daraldıqca, heç şübhəsiz ki, bu terror qurumları dünyaya yayılacaq və geniş əməliyyat keçirməyə çalışacaqlar”.

Sülhəddin Əkbər əlavə edib ki, İŞİD-in həyata keçirdiyi terror aktlarında başlıca məqsəd dövlətləri qorxutmaqdır: “Bu terror hücumlarında məqsəd hazırda antiterror koalisiyasına iştirak edən dövlətləri qorxutmaq və onları terror koalisiyasından çıxmağa zorlamaqdır. İŞİD-in strategiyası bundan ibarətdir. Məhz bu səbəbdən də İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatlar genişləndikcə, terror qurumunun xarici ölkələrdə terror törətmək ehtimalı artacaq”.

Nemət


Müəllif:
Загрузка...