22 Aprel 2014 17:33
1 204

Ədalət Yusifov: “Fraksiya 25 rayon təşkilatını əhatə edir”

2011-ci ildə KXCP daxilində yaradılan Demokratik Birlik Fraksiyası yenidən öz fəaliyyətini bərpa edib. Bu haqda fraksiyanın təsisçilərindən olan, KXCP-nin Salyan rayon təşkilatının sədri Ədalət Yusifov bildirib. Həmsöhbətimiz deyib ki, hazırda rayondadır və fraksiyanın toplantısında iştirak etmək məqsədilə yaxın günlərdə Bakıya gələcək: “Fraksiya faktiki olaraq fəaliyyətdədir, qarşısına qoyduğu məqsədlərə çatmaq məqsədilə ardıcıl iclaslarını keçirir, baş verən hadisələrə münasibətini ifadə edir”.

Ədalət Yusifov bəyan edib ki, Demokratik Birlik Fraksiyası minimum ayda bir və ya iki dəfə toplaşır: “İdarə Heyətinin toplantısı hər ay keçirilir. Bizim çevrəmiz 25 rayonu əhatə edir. Bu və ya digər məsələlərlə bağlı rəsmi münasibətimiz sosial şəbəkələrdə və ya mətbuatda işıqlandırılır. Bizim ən çox diqqət ayırdığımız məsələlər partiyadaxili münasibətlərlə əlaqədar olur”.

Fraksiya ilə KXCP daxili münasibətlərdən danışan Ədalət Yusifov söyləyib ki, münasibətlərin normal məcraya düşməsi üçün cəhdlər göstərilir: “Ancaq təəssüflər olsun ki, buna adekvat münasibəti ala bilmirik. Düzdür, hələlik narazılıq doğuracaq bir şey yoxdur. Söhbət fraksiyalaşmanın tələblərindən gedir. Bunun həyata keçirilməsi üçün təşəbbüslərimizə pozitiv münasibət ifadə olunmur. Bu təşəbbüslər yalnız mediada ifadə olunur, amma konkret müzakirə aparmaq üçün masa arxasında əyləşib fikir mübadiləsi aparmaq təşəbbüsünə cəhd göstərməmişik. Bizim KXCP rəhbərliyi ilə ancaq telefon vasitəsi ilə əlaqələrimiz olur, eləcə də, toplantılarda, xeyir və şər işlərdə görüşürük. Şəxsi və fərdi münasibətlərimiz normaldır. İctimai-siyasi münasibətlərə gəldikdə deyim ki, hələlik aramızda elə bir fikir ayrılığı yoxdur. Fraksiya KXCP-nin Salyan, Xətai, İmişli, Siyəzən, Bakı Dövlət Universiteti təşkilatını əhatə edir. Ancaq digər rayon təşkilatlarında tərəfdarlarımız var. Bu da ümumilikdə 25 rayon təşkilatını əhatə edir”.

Ədalət Yusifov üzvü olduğu Milli Şuradan da danışıb. Deyib ki, Milli Şuranın fəaliyyəti vəziyyətə adekvat olsa da, qurumun fəaliyyətsizliyi, bu düşərgənin apatiya vəziyyətində olması haqda tənqidi fikirləri də rədd etmək niyyətində deyil: “Milli Şura əlahiddə güc sahibi deyil ki, haradansa güc alsın və münasibət göstərə bilsin. Milli Şura ictimaiyyətdən güc alır. İctimai aktivlik dərəcəsi hansı səviyyədədirsə, Milli Şuranın fəaliyyəti də ona uyğundur. Qeyd edim ki, gözləntilər çox olub. Bu gözləntilər baş verməyəndə bu və ya digər söz-söhbətlərin ortaya çıxması baş verir. Deyilənlərin əksəriyyətini haqsız saymıram. Biz siyasi qüvvə olaraq yönəldici gücə malik olmalıyıq. Hazırda təsir imkanlarımızı yetərli saymıram”.

Sonda Ədalət Yusifov bildirib ki, əgər qarşıdan gələn bələdiyyə seçkilərində fraksiya ayrıca, KXCP ayrıca, digər partiyalar isə təklikdə seçkiyə getsə, bu zaman uğur haqda danışmaq ciddi məsələ olmaz: “Məncə, bütövlükdə müxalifət düşərgəsinin bu prosesdə iştirakını təmin edəcək formatın seçilməsi daha məqbul olar”.

Cavidan


Müəllif: