8 İyul 2014 15:31

“Madrid sülh planında da Dağlıq Qarabağın statusu ilə bağlı məsələ sona saxlanılıb”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Elxan Mehdiyev deyib. Onun sözlərinə görə, əgər ABŞ-ın Ermənistandakı səfiri bunun əksini deyibsə, bu prinsiplərə uyğun deyil:

“Azərbaycan tərəfinin də mövqeyi odur ki, torpaqlar azad olunur, sonra məcburi köçkünlər qayıdır, kommunikasiyalar açılır və Dağlıq Qarabağın statusu sonda müəyyən olunur. Əslində amerikalı səfir ABŞ dövlətinin siyasətinə zidd fikirlər səsləndirməməlidir. Ancaq bu fikrin haradan qaynaqlandığı məlum deyil”.

E.Mehdiyev əlavə edib ki, heç bir sülh planında status müəyyən olunandan sonra köçkünlərin köçürülməsi məsələsi qoyulmayıb. Onun sözlərinə görə, bu ziddiyət təşkil edir: “Çünki Dağlıq Qarabağın statusundan danışdıqda burada rəyin öyrənilməsi üçün referendum keçirilməsi nəzərdə tutulur.

Qarabağdan olan məcburi köçkünlər Bakıda ola-ola bu proseslərdə necə iştirak edə bilər. Bu baxımdan səfirin fikri ziddiyətlidir”.

Millət vəkili Rasim Musabəyov deyib ki, ABŞ-ın Ermənistandakı səfiri Qarabağ problemini həll etmək iqtidarında deyil: “Onun fikirləri o demək deyil ki, bu Amerikanın qəti mövqeyidir. Səfirin fikirləri ilə tanışam və buradan kimlərsə, təkcə Qarabağ yox, digər işğal olunmuş ərazilərlə alver aparmaq istəyir, vəssalam. Bundan artıq burada nə isə axtarmağa dəyməz”.

Milli Məclisin üzvü Aydın Mirzəzadə ABŞ-ın Ermənistandakı səfirinin fikrini şərh edərkən bildirib ki, diplomatın səsləndirdiyi sözlər Amerikanın rəsmi mövqeyinə zidd fikirdir. Onun sözlərinə görə, işğal faktından asılı olmayaraq, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir: “Azərbaycanın məcburi köçkün düşmüş əhalisi öz yurd-yuvalarına qayıtmalıdır. Bu gün status müəyyənləşdirilməsi üzərində iş gedir. Azərbaycan tərəfinin təklifi ondan ibarətdir ki, birinci növbədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf işğal olunmuş ərazilərdən Ermənistan qoşunları çıxarılır, əhali qayıdır və sonra status müəyyənləşdirilir. Ermənistan tərəfinin mövqeyi isə əksinə, yəni status müəyyənləşdirəndən sonra qoşunlar çıxarılır. Göründüyü kimi ABŞ-ın Ermənistandakı səfirinin mövqeyi ilə Ermənistanın mövqeyi ilə üst-üstə düşür. Halbuki əvvəllər ABŞ tərəfdən rəsmi şəkildə fikir bildirilməyib. Hesab edirəm ki, burada iki variant ola bilər. Birincisi, ABŞ səfirinin fikrini Ermənistan mətbuatı bilərəkdən təhrif edib. Belə variantlara dəfələrlə rast gəlmişik və sonradan düzəlişlər verilib, ya da ümumiyyətlə belə fikir səsləndirilmədiyi qeyd edilib. İkinci variant isə, mümkündür ki, Amerikalı səfir erməni auditoriyasına xoş gəlmək üçün belə bir bəyanat versin. İstənilən halda bizim üçün vacib olan ABŞ-ın rəsmi mövqeyidir. Rəsmi mövqe isə Ermənistandakı səfirin mövqeyi ilə üst-üstə düşmür”.

BƏXTİYAR


Müəllif: