16 İyul 2014 13:59

AXCP Ali Məclisinin sədri Həsən Kərimov BQP başqanı, millət vəkili Fazil Mustafanı Elçibəy ideyalarına sadiq olmamaqda, partiyasının proqramından və nizamnaməsindən Elçibəyin adını çıxarmaqda ittiham edib.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən F.Mustafa deyib ki, Əbülfəz Elçibəyin adının nizamnamədə yer alması ilə bağlı bir durum yoxdur: “Ayrı-ayrı şəxslərin adına nizamnamə olmur ki? Əbülfəz bəy böyük bir lider idi, amma partiyanın nizamnaməsinə liderin adı həkk olunmur. Bu tamamilə yanlış bir yanaşmadır”.

Millət vəkilinin sözlərinə görə, bu cahillər başa düşmürlər ki, bizim partiya AXCP mirasını daşıyan partiya deyil. F.Mustafa deyib ki, BQP Əbülfəz Elçibəyin ideyaları əsasında fəaliyyət göstərmir:

“Bizim partiya tamamilə yeni partiyadır. Nizamnamədə şəxslərin adının olması, ümumiyyətlə doğru deyil, nizamnamə ümumi prinsipləri müəyyən edir və buna uyğun olaraq üzvlər hərəkət edirlər. Bizim partiyada heç keçmiş AXCP üzvləri yoxdur, yeni insanlardır. Onlar deməzlər ki, biz AXCP yolu getmirik, tamamilə başqa yolu gedirik. Ona görə də bu qədər cahilcəsinə məsələyə yanaşmaq, açığı mənim üçün gözlənilməz oldu. Çünki əvvəldən belə bir şey nəzərdə tutulmamışdı, heç adda salmamışıq. Biz daha çox prinsip olaraq, Xudu Məmmədovun fəlsəfi görüşlərini daha çox önə çəkmişik və belə bir model ortaya qoymuşuq. Hesab edirəm ki, belə bir ittiham tamamilə absurd və əsassızdır. Onların özləri Əbülfəz bəyə münasibətlərini göstəriblər. Hörmətsizliklə. Ona görə də, indi başqa bəhanə tapa bilmirlər, bu ifadələri işlədirlər. Fikrimcə, bu kimi tədbirlər Azərbaycan cəmiyyətində əslində bölünməyə xidmət edən bir vəziyyətə gətirib çıxarıb. Bu baxımdan belə yubileylərin qeyd edilməsinin heç bir mənası yoxdur”.

F.Mustafa bildirib ki, Elçibəyin əksər ideyaları bu gün həyata keçirilməsi aktual olmayan ideyalardır:

“Amma Elçibəy bəlli bir dönəmin tarixinə damğa vurmuş, bir nəslin yetişməsində müstəsna rolu olmuş bir şəxsiyyətdir. Onun bütün görüşlərinin bu gün reallaşacağı ilə bağlı bir tələb yoxdur. Bütöv Azərbaycan ideyasının da fəlsəfi əsaslandırılması mümkün olmadı. Çünki bu günün reallıqlarında hər hansı bir şəkildə birlik modelini yaratmaq özü də cəmiyyətin faydasına uyğun olub-olmayacağı bilinmir. İndi yeni çalışmalarımda bunun Azərbaycan üçün indiki şərtlərdə məqbul olmadığı görüşünü ortaya qoyuram. Bu baxımdan onun ideyalarına sayğı ilə yanaşılmalıdır, bunlar öz dövrü üçün müsbət bir yenilik idi. Amma indiki dövrdə bir sıra məsələlər var ki, onların gerçəkləşməsi real deyil və bunu bir hədəf kimi götürmək doğru olmaz”.

BƏXTİYAR


Müəllif: