13 Noyabr 12:48
130

Hazırda Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində baş verən qaz partlayışının səbəbi araşdırılır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, hadisənin nədən baş verdiyini hüquq-mühafizə orqanları aydınlaşdıracaq: “Qəza sakinə məxsus evin mətbəxində baş verib. Səbəbi hüquq-mühafizə orqanları araşdırır”.

Zəyəm Cırdaxan kənd bələdiyyəsinin müavini Rahilə Həsənova isə bildirib ki, 3 ay bundan qabaq ərazidə qaz sızması barədə xəbərdarlıq nişanı qoyulsa da, təmir işləri aparılmayıb: “Ailə də bilməyib ki, qaz onların evinin altından sızır. Partlayış evin altından olub, zərbə döşəməni qaldırıb. Mətbəxdə olan Məhbubə İsgəndərli xəsarət alıb, yuxarı mərtəbədə otaqda yatan 10 yaşlı Mehrabı çölə atıb. Hazırda onların vəziyyətləri kafidir. Mehrabın qolu sınıb, üzü və qolu isə yanıb. Məhbubənin də azca üzü və qolu yanıb”.

Qeyd edək ki, Zəyəm Cırdaxan kəndində kənd sakini, 1972-ci il təvəllüdlü İskəndərli Məhbubə Nəriman qızı yaşadığı evdə qaz sobasını yandırmaq istəyən zaman partlayış olub. Hadisə zamanı mətbəxin divarı uçub və təzyiq qadını evdən bayıra atıb.

Partlayış zamanı digər otağın döşəməsi qalxıb və qadının orada yatan 1997-ci il təvəllüdlü oğlu İskəndərli Mehrab Elçin oğlu da xəsarət alıb. Ana və oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Müəllif: Şəfiqə Nazimqızı