29 Aprel 2014 13:52

“ATƏT artıq sülhə nail olan bir platforma kimi qəbul olunmur”

“Dağlıq Qarabağ münaqişəsinin həlli regionda sabitlik əldə etmək baxımdan çox vacibdir”. Teleqraf.com xəbər verir ki, bunu Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun III sessiyasında “Açıq cəmiyyətlər mürəkkəb vəziyyətlərdə münaqişələrin həlli kimi” mövzusunda aparılan müzakirələr zamanı xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

Cənubi Qafqazda ən təhlükəli münaqişələrdən biri olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan danışan A.Əzimov bu sahədə ATƏT-in rolu barədə məlumat verib. O bildirib ki, ATƏT-in Minsk qrupu vacib beynəlxalq institutdur, bura həm region, həm də dünyanın aparıcı dövlətləri daxildir. Minsk qrupunun bir çox üzvlərinin passiv mövqedə olması bu qurumun fəaliyyətinin tənqid olunmasına əsas yaradır.

Minsk qrupunun digər üzvləri nizamlanmada tam şəkildə iştirak etməli olduğunu qeyd edən A.Əzimov vurğulayıb ki, Türkiyə və Almaniya bu prosesə töhfə verə bilərlər. O, həmçinin, qeyd edib ki, 22 il əvvəlkindən fərqli olaraq ATƏT bu gün artıq sülhə nail olan bir platforma kimi qəbul olunmur, buna səbəb də təşkilatda təmsil olunan aparıcı dövlətlərin passiv mövqeyidir.

Səxavət


Müəllif: