12 Fevral 2015 16:15
484

Bu gün ATƏT Parlament Assambleyasının Büro üzvü, Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüşüb.

QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, millət vəkili A.Quliyev Azərbaycan-Ukrayna münasibətlərinin zəngin tarixi ənənələrə, dostluq və qarşılıqlı hörmətə əsaslandığını deyib. ATƏT-in Komitə sədrinin müavini Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarda birmənalı mövqe nümayiş etdirdiyini bildirib.

A.Quliyev Ukraynanın şərqində baş verən hərbi əməliyyatlar nəticəsində çox sayda insanın həlak olmasından və minlərlə ukraynalının məcburi köçkünə çevrilməsindən ciddi narahat olduğunu və bu məsələnin ATƏT PA-nın 18-20 fervral tarixində Vyanada keçiriləcək qış sessiyasında müzakirə olunacağını qeyd edib.

Səfir Aleksandr Mişenko Ukraynanın ATƏT PA çərçivəsində Azərbaycanla yaxından əməkdaşlıq etməsində və hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi istiqamətində birgə fəaliyyətin əlaqədəndirilməsində maraqlı olduqlarını bildirib. O, ATƏT-ə üzv olan hər iki ölkənin beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığının region üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

BƏXTİYAR


Müəllif: