25 Fevral 2015 21:21
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niyaməddin Orduxanlı: "Küçə müxalifəti olduqlarını nümayiş etdirirlər"

Əli Kərimlinin müavini olmuş Razi Nurullayevin istefa verməsi və onun partiya sədri Əli Kərimli ilə bağlı veridiyi şok açıqlamalar qarşılıqlı ittihamlarla davam etməkdədir. Razı Nurullayevin bu cür açıqlamalarına münasibət bildirən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Razi Nurullayevə cavab verməklə yanaşı digər şəxsləri - Azər Həsrəti, Aynur Camalqızını, Taleh Şahsuvarlını, Niyaməddin Orduxanlını, Rauf Arifoğlunu və digərlərini ittiham edib.

Fuad Qəhrəmanlının bu ittihamına cavab verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Teleqraf.com-a bildirib ki, bununla bağlı facebook.com sosial şəbəkəsində status da yazıb və bir daha təkrar edir ki, vaxt gələcək Əli Kərimliyə ən sərt sillə vuran Fuad Qəhrəmanlı olacaq: "Fuad Qəhrəmanlı Əli Kərimlinin yanında çox qalmayacaq və o da istefa verəcək. O da Əli Kərimlinin əsl simasından danışacaq. Necə ki, bu gün Razi bəy və digərləri danışır. Fuad Qəhrəmanlı özü də yaxşı bilir ki, Əli Kərimli yeganə şəxsdir ki, onunla uzun yol getmək mümkün olmur və o hər kəsə xəyanət etməyi bacarır. Əli Kərimli kimlərə xəyanət etməyib ki?! Əbülfəz Elçibəy başda olmaqla, tələbə yoldaşlarına, dost dediyi şəxslərə, onun ailəsini və özünü qoruyan insanlara. Bu siyahını uzatmaq da olar. Əli Kərimli bolşevikdir. Kim onunla deyilsə, düşməndir. Bu adam üçün heç bir mənəvi tellər qalmayıb. Sözün həqiqi mənasında Əli Kərimli iliyinə qədər siyasiləşmiş adamdır. Ona yaxşılıq edən adamı bir saat ərzində düşmən edir. Baxın, Razi bəyin acıqlamalarına. Neçə ola bilər ki, ondan imtina edən hər kəs - müavinləri olmuş Asəf Quluyev, Razi Nurullayev və müşavirləri Şakir Abbasov, Zərifə Məhədinova, Rəsul Mirhəşimli eyni ittihamları səsləndirir?

Fuad Qəhrəmanlı Aynur Camalqızını da ittiham edib. Başa düşə bilmirəm, əgər Aynur xanımın fəaliyyəti siz qane etmirsə, necə ola bilər ki, Fuad Qəhrəmanlının həyat yoldaşı Aynur xanımın rəhbərlik etdiyi media qurumunda çalışıb? Bunu necə başa düşək?"

Niyaməddin Orduxanlı qalmaqallı kaset məsələsinə də toxunub: "Əli Kərimlinin müşaviri olmuş Zərifə xanım deyir ki, Əli Kərimli onu porno kasetlə şantaj edir. İndi bunun günahı bizdədir? Bu anormallıqdır ki, Əli Kərimlinin müavinlərinə, müşavirlərinə qarşı tutduğu mövqeyə görə kimisə ittiham edəsən.

Bir məqama da toxumaq istəyirəm. Artıq Razı bəyin özü də acıqlamasında bildirib ki, Facebook-a saxta profilləri gətirən və idarə edən şəxs Əli Kərimlidir. Öz ətrafında olan 5-10 nəfərin hər birinə 100-200 saxta profillər açdırıb insanları təhqir edirlər. Bu göstərişi də verən Əli Kərimlidir. Kişi kimi acıq mübarizədən qaçanlar bilməlidir ki, həmin ptofillərlə yazdığınız təhqirlərlə siz hansı tərbiyənin sahibi olduğunuzu göstərirsiniz. Neçə deyərlər, küçə adamları küçə müxalifəti olduqlarını nümayiş etdirirlər".

Teleqraf.com


Müəllif: