10 İyun 2014 12:36

İşğal olunmuş Azərbaycan ərazilərində qurulmuş separatçı-terrorçu “Dağlıq Qarabağ Respublikası”nın nümayəndə heyəti Rusiyanın işğalı altında olan Gürcüstan torpağı Cənubi Osetiyaya gedib.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətinə qondarma respublikanın “Milli Məclisi”nin dövlət-hüquq məsələləri daimi komissiyasının sədr müavini Ovik Civanyan, qondarma respublika “prezidenti”nin məsləhətçisi Georgi Petrosyan, qondarma respublika “Milli Məclisi” sədrinin müşaviri Karen Topçyan və “DQR” “Xarici İşlər Nazirliyi”nin baş katibi-aparat rəhbəri, “DQR” “Mərkəzi Seçki Komissiyası”nın üzvü Semen Afyan daxildir.

Səfər Cənubi Osetiyada iyunun 8-də keçirilmiş “parlament seçkisi”ni müşahidə etmək məqsədi daşıyıb.
Nümayəndə heyətini qəbul edən Cənubi Osetiyanın separatçı lideri Leonid Tibilov onlara seçkidə müşahidəçilik missiyası həyata keçirdikləri üçün təşəkkür edib. L.Tibilov, həmçinin iki “respublika” arasında xarici siyasət sahəsində əlaqələrin gələcək inkişafına ümid etdiyini bildirib.

Qarabağ separatçılarının nümayəndə heyətinin başçısı Semen Afyon isə L.Tibilovu seçkinin “uğurla” yekunlaşması münasibətilə təbrik edib. S.Afyon qeyd edib ki, “seçkinin nəticələri Cənubi Osetiya demokratik cəmiyyət quruculuğu istiqamətində irəliyə doğru atılmış vacib addımdır”.

Onu da bildirək ki, iyunun 8-də Cənubi Osetiyada keçirilmiş “parlament seçkisi”nin ilkin nəticələrinə görə, işğal bölgəsinin Rusiyaya birləşdirilməsinə tərəfdar çıxan “Vahid Osetiya” Partiyası 44,11 faiz səslə inamlı qələbə əldə edib. Xalq Birliyi Partiyası 16,43 faiz, Xalq Partiyası 7,54 faiz səs alıb. Qalan 6 partiya 7 faizlik səddi keçə bilməyiblər.

Qondarma Cənubi Osetiya Respublikasının qanunverici orqanı 34 deputatdan ibarətdir. Seçki proporsional sistem üzrə keçirilir.

“Vahid Osetiya” Partiyası qarşısına tezliklə bölgədə Rusiyaya birləşmək barədə referendum keçirilməsi məqsədi qoyub.

Səxavət


Müəllif: