5 May 2016 16:29
1 519

Amerikada Demokratlarla Respublikaçılar arasında növbəti prezidentin kim olacağı uğrunda rəqabət davam edir. Birləşmiş Ştatların yeni prezidentinin kimliyi oktyabrda bəlli olacaq. 2016-cı ilin yanvarında isə prezidentlik kürsüsünə çıxan şəxsin inauqurasiya mərasimi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Respublikaçılarla Demokratlar arasında qeyri-rəsmi debatlar gələn həftə start götürəcək. Çünki həftə ərzində bu partiyaların vahid namizədlərinin kim olacağı prinsipcə bəlli olacaq. Buna qədər isə namizədlər öz partiyalarından olan rəqiblərini sıradan çıxarmalıdır.

Sensasiyalı namizəd Donald Tramp dünən İndiana ştatında qəti qələbəsi ilə təmsil etdiyi Respublikaçılar Partiyasından əsas namizəd olacağını təmin edib. Onun rəqibi olan Ted Kruz artıq seçki kampaniyasını dayandırdığını elan edib. Beləliklə, Respublikaçılar Donald Trampın liderliyi ilə seçkilərə qatılacağını müəyyənləşdirib.

Demokratlarda isə vəziyyət bir qədər fərqlidir. Hazırda bu partiyanın vahid namizədi olmaq uğrunda sabiq dövlət katibi, vaxtilə Amerikanın birinci xanımı statusunda olan Hillari Klintonla Berni Sanders arasında mübarizə gedir.

Berni Sanders İndiana ştatında rəqibi Hillari Klinton üzərində cüzi səs çoxluğu ilə qələbə qazanıb. Qələbəsinə rəğmən Sandersin Klintonun Demokrat Partiyasından nominasiya almaq üçün irəliləməsinin qarşısını alması müşkül görünür. Rəy sorğularına əsasən də Demokratlar Partiyasında çoxluq hesab edir ki, Trampın qarşısında ancaq Hillari Klinton dayana bilər.

Siyasi təhlilçi Con Fortiyer “Amerikanın səsinə” deyib ki, Trampın gözlənilməz xarakteri nəzərə alınsa, seçkilər namizədlər arasında çox kiçik fərqlə gərgin keçə bilər: “Lakin Donald Trampla bir şəxsiyyət kimi rəqabət aparmaq çətindir və o, bunu partiyada göstərdi. Əgər seçkilərdə fərq az olsa, bu, onun istifadə edə biləcəyi güclü tərəfidir”.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Ərəstun Oruclu isə Teleqraf.com-a açıqlamasında deyib ki, Amerikanın növbəti prezidentinin Berni Sanders olacağı daha real görünür. Onun fikrincə, bunu seçki kampaniyasının məntiqi deyir: “Mən öncə qeyd etmişdim ki, bu seçkilərdə qeyri-partiya namizədlərin populyarlığı yüksək ola bilər. Bu da, onunla bağlıdır ki, ABŞ-da olan ənənəvi Respublikaçı və Demokratlar partiyaları cəmiyyətlə ayaqlaşa bilmir, sosial dayaqlarını itirirlər. İndi ortada olan əsas namizədlərin heç biri əslində partiyalı namizəd deyil. Berni Sanders ömür boyu müstəqil senator olub. Onun namizədliyi sadəcə olaraq Demokratlar Partiyası tərəfindən irəli sürülüb.

Donald Trampın isə ümumiyyətlə, Respublikaçılar Partiyasına aidiyyəti olmayıb. Trampın da namizədliyi bu partiya tərəfindən irəli sürülüb. ABŞ qanunvericiliyi imkan verir ki, müstəqil siyasətçi partiya namizədi olaraq praymerizlərə qatılsın və qalib gələcəyi təqdirdə partiyanın prezidentliyə vahid namizədi olsun”.

Politoloq hesab edir ki, Demokratlar Partiyası sonda Hillari Klintonu kənara qoyaraq əsas namizəd kimi üstünlüyü Berni Sandersə verəcək: “Öz solçu baxışlarına rəğmən Sanders hazırda ABŞ rəy sorğularında ən öndə gedən namizəddir. İkinci yerdə isə Respublikaçıların namizədi Tramp gedir. Bundan sonra xanım Klinton və seçki marafonunu dayandıran Ted Kruz gəlirdi”.

Ərəstun Oruclu deyir ki, Demokratların Sandersi seçki marafonundan kənarlaşdırması və xanım Klintonu əsas namizəd qismində irəli çəkməsi bu partiyanın məğlubiyyətinə gətirib çıxara bilər: “Nəzərdən qaçırmayaq ki, prezident seçkiləri ilə yanaşı Senat və Konqresin üçdə ikisi də seçiləcək. Bu variant Demokrat Partiyası üçün iki seçkini uduzmaq demək olardı. Məntiq deyir ki, Demokratlar Sandersin namizədliyinə üstünlük verməlidir. O cümlədən Hillari Klinton da bu dəstəyini ifadə etməlidir.

Və ya Sanderslə Klinton öz aralarında razılığa gələ bilər. Əgər anlaşa bilərlərsə və Klinton namizəd kimi qalacaqsa, Sandersin tərəfdarları onu dəstəkləməlidir. Əgər bu dəstək olmasa və senatorun tərəfdarları seçkini boykot etsə, bu zaman Klintonun məğlubiyyəti qaçılmaz olacaq. Bu halda Ağ Evin qapıları Respublikaçı namizəd Tramp üçün açıq olacaq. Yəni vəziyyət çox mürəkkəbdir və hər şey Demokrat Partiyasından asılı olacaq. Əgər Demokratlar öz aralarında razılığa gələ biləcəksə və Sandersin namizədliyi üzərində dayanacaqsa, fikrimcə, bu şəxs ABŞ-ın növbəti prezidenti olacaq”.

Politoloq hesab edir ki, ABŞ-da keçiriləcək prezident seçkiləri, kimin prezident olacağının Azərbaycanda maraqla izlənməsi normal prosesdir. Onun fikrincə, ABŞ super dövlətdir və bütün ölkələr burada yeni prezidentin kim olacağı ilə maraqlanır: “Burada həm də iki ölkə arasında münasibətlər məsələsi də var. Şəxsi qənaətimə görə, ABŞ prezidentinin kim olacağından asılı olmayaraq Azərbaycan-Amerika münasibətlərində müəyyən korrektələr ola bilər, lakin ana xətt heç bir halda dəyişməyəcək”.

Nemət


Müəllif: