5 May 2014 16:50
2 446

Aparıcı Mikayıl Güləddinğolunun “Space” telekanalının saytına verdiyi müsahibəsindəki bəzi fikirlər peşəkarlar tərəfindən etirazla qarşılanıb.

“Sevimli şou” verilişinə haqq qazandıran aparıcı “Niyə mənim qabağımı kəsib demirlər ki, Mikayıl niyə belə edirsən? Arxamca nə deyirlər qoy desinlər. Üzümə deyən yoxdu. Üzümə deyəni bilsinlər ki, vuracam. Kişi əqidəli insan deyə bilməz ki, Mikayılın verilişi pisdir” ifadələrini işlədib.

Televiziya tənqidçisi Qulu Məhərrəmli Teleqraf.com-a açıqlamasında sağlam medianın, qərəzsiz tənqidin olmasının vacibliyini vurğulayıb:“Sağlam media olmalıdır, qərəzsiz tənqid olmalıdır. Mikayıl kimi aparıcılar, eləcə də qeyri-aparıcılar bu tənqidi duymalıdırlar. Müəyyən mənada o haqlı ola bilər ki, onun çevrəsində bunu ona heç kim demir. Və kim deməlidir bunu? Bu tip verilişlər ictimaiyyətdə müzakirə olunurmu? Televiziyalar özü bu verilişlərin auditoriyada necə qarşılanmasına fikir verməlidirlər. Bizdə auditoriyanı səmimi, səviyyəli öyrənən dəqiq, dürüst sorğu mərkəzləri yoxdur. Televiziyaların özü də bunda maraqlı deyillər. Və ona görə də sonda onlar yalan sorğularla özlərini yüksək reytinq qazanan kimi təqdim edirlər. Dürüst sorğular olmayanda bu cür mənasız şoular və onların tərəfdarları ortada meydan sulayır. Onlar üçün də arqument odur ki, bizi heç kim tənqid etmir. Həmin insanların isə özlərinin mühitləri dar olur”.

“O aparıcı barədə təsəvvürüm yoxdur”

“Arxamca nə deyirlər qoy desinlər. Üzümə deyən yoxdur. Kişi əqidəli insan deyə bilməz ki, Mikayılın verilişi pisdir” ifadələrinə isə Q.Məhərrəmlinin reaksiyası belə olub:“Bu artıq məsələnin başqa tərəfidir: etika, əxlaq, insani tərəfidir. O verilişə baxmıram, o aparıcı barədə də təsəvvürüm yoxdur. O necə aparıcıdır ki, gedib adam vurur, təhqir edir. Bu artıq televiziya deyil, bu başqa müstəvidir. Davranış da, yanaşma da, ifadə də”.
“İctimai rəyə belə tüpürə bilməz”

“Yeni Media Jurnalistləri”

İB-nin sədri Xaqani Səfəroğlu:“Mikayıl Güləddinoğlunun müsahibəsini oxudum və böyük təəccübümə səbəb oldu. İctimai rəy bu gün Azərbaycanda sosial şəbəkələrdə əksini tapır. Əgər yüz minlərlə insan “Facebook”da bu proqram haqqında öz mənfi mövqeyini ifadə edirsə, o zaman məcbur deyil ki, gəlib Mikayıl Güləddinoğlunun üzünə o sözləri deməlidir. Bütün dünyada ictimai rəy ciddi şəkildə izlənilir. Güləddinoğlunun açıqlaması özünü sudan quru çıxarmaqdır. O ictimai rəyin tənqidlərindən nəticə çıxarmaq və bəzi düzəlişləri etmək əvəzinə ictimai rəyə prokuror kimi hökm oxuyursa, cinayət dünyasının jarqonların istifadə edirsə, bu çox iyrəncdir və özünə hörmət etməməsindən irəli gəlir. Hesab edirəm ki, intellektual biliyi olan, efirdə veriliş aparan şəxs ictimai rəyə belə tüpürə bilməz. Onun verilişinin hədəfi bəlli olmalıdır. Ucuz musiqini efirdə xalq musiqisi kimi təqdim etmək başqa bir məsələnin mövzusudur. Bu baxımdan ictimai rəyin tənqidləri yerindədir və doğrudur. Və Mikayıl da bundan nəticə çıxarmalıdır. O ki, qaldı müsahibədə yer alan digər məsələlər: çətin həyat keçirib, uşaqlığı ağır olub. Bunlar onun mənasız şousunu təbliğ etməkdə bəraət qazandıra bilməz. Bütün insanlar çətin həyat yaşayırlar, amma bu imkan vermir ki, əlinə fürsət düşən kimi bunları etməkdə özünü haqlı biləsən”.

Nərmin


Müəllif: Teleqraf.com