21 Oktyabr 2014 17:22
22 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rufat Aliyev: “Diasporadakı 8 illik fəaliyyətim mənim üçün qürurvericidir”

O fotoqrafdır, 26 yaşı var. Vətəni Azərbaycanda onu “yəhudi turist” kimi qəbul edirlər. Bir çox insanlar onun sayəsində təhsilə yiyələnib, pulsuz tibbi, hüquqi və psixoloji yardım alıb. Rusiyada və Azərbaycanda əlil uşaqlara, böyüklərə, heyvan sığınacaqlarına köməklik edir. Bu ekstravaqant gənc Bakı aristokratını nə pul, nə də şöhrət maraqlandırır: öz həmyerlilərinə kömək edərək o, həmişə kölgədə qalmağa üstünlük verir. Onun fotoları güclü psixoloji həyəcan daşıyır və estetik zövq verir.

“Dünya incəsənət şedevrləri ilə qonşuluq hiss olunan” işlərində o, ətrafda baş verənlərə şəxsi baxışını nümayiş etdirir və “dünyanı fotokamerasız görmək” istəməsi fikrini aşılayır.

Onun fotoqrafiya ilə bağlı bütün sitatları demək olar ki, bütün Rusiyanın internet məkanında geniş yayıldı. 2007-ci ildə iki yeni fotoçəkiliş stili kəşf etdi: quruluş verilmiş reportaj və tamaşa reportaj növləri. Bunun hesabına da o, digərlərindən fərqləndi.

O, öz obyektivi ilə məşhur və nüfuzlu şəxsiyyətləri çəkib: Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, Kalmıkiya Prezidenti Aleksey Orlov, populyar müğənni, biznesmen Emin Ağalarov, “CrocusGroup”un prezidenti Araz Ağalarov, “Lukoil”un prezidenti Vahid Ələkbərov, ONEKSİM qrupunun prezidenti Mixail Proxorov, “AST” şirkətlər qrupunun prezidenti Telman İsmayılov, Moskva meri Yuri Lujkov, Rusiyanın baş ravvini Berl Lazar, “Nortqaz” şirkətinin prezidenti Fərhad Əhmədov, Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR gənclər təşkilatının rəhbəri Leyla xanım Əliyeva, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, tanınmış musiqiçi Polad Bülbüloğlu, Rusiyanın xalq artisti Gennadi Xazanov, kardioxirurq Renat Akçurin, Rusiya Rəssamlıq Akademiyasının prezidenti ZurabTsereteli, SSRİ-nin qızıl səsi, əfsanəvi müğənni Müslüm Maqomayev, eyni zamanda şou-biznes ulduzlarından – Filipp Kirkorov, Oleq Qazmanov, Lev Leşenko, İosif Kobzon, Kristina Orbakayte, Natalya Bordo, Araş, Dima Bilan, Timur Temirov, Timati, Katya Lel, “Slivki”, “Premyer-ministr”, “Çvetı” və başqa musiqi qrupları. Pianoçu və yazıçı Tamilla Mahmudova, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Yuli və Mixail Qusmanlar, kinodramaturq Rüstəm İbrahimbəyov, opera ifaçısı Zurab Sotkilava, rəssamlar Tahir Salahov, Svyatoslav Dubyanskiy, Hüseyn Axundov, Nikas Safronov və bir çox rusiyalı və azərbaycanlı siyasətçiləri, mədəniyyət xadimləri onun obyektivinə tuş gəlib. Onun adı Rüfət Əliyevdir (Rufat Aliyev).

Uzun illər Rusiyadakı Azərbaycan diasporunda fəaliyyət göstərən istedadlı fotoqraf Rufat Aliyev Teleqraf.com-un suallarını cavablandırıb:

- Rufat bəy, Sizi yaxından tanıyaq, necə oldu fotoqrafiyanı seçdiniz?
- Fotojurnalistika bizdə nəsildən-nəslə ötürülüb. Fotoqrafiyadan başqa müxtəlif sahələrdə çalışıram, o cümlədən ictimai işlərlə məşğulam. İxtisasca hüquqşünasam, eyni zamanda iqtisadiyyatla maraqlanıram. Fotoqrafiya əslində mənim hobbimdir. Foto çəkməklə stress atıram. Biznesdən və hüquqi işlərdən yorulanda foto çəkməklə və mahnı ifa etməklə rahatlıq tapıram. Mən həmişə öz həyatımda dəbli və nüfuzlu olanı deyil, istədiklərimi etməyə üstünlük vermişəm.

- Bəs fotoqrafiya ilə bağlı xüsusi təhsil almısınız?
- Əslində mən hüquqşünaslıq ixtisası üzrə təhsil almışam. Foto çəkməyi mənə atam öyrədib.

- Bakıya nə zaman gəlmisiniz?
- Bacımın toyu ilə əlaqədar 2011-ci ildə Bakıya gəldim...

- Paytaxtımızla bağlı təəssüratlarınız necədir?
- Mən Bakıdan gedəndə paytaxtımızın siması vardı, amma libası yox idi. İndi libası var, bu da simasına rəng qatıb. Bakıda danışmağa, ünsiyyət qurmağa çox az adam tapıram. Diasporda çalışdığım vaxtlarda dostluq etdiyim insanlarla əlaqəm var və onlarla ünsiyyət saxlayıram. Biz xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarındakı gənclərlə çox vaxt Bakıda görüşürük. Sanki Bakı bizim görüş mərkəzimizdir. Eyni zamanda, Aida Mahmudovanın rəhbəri olduğu YARAT təşkilatındakı gənclərlə birgə layihələrdə çalışırıq. Bakıda xoşuma gəlməyən məqamlar da var. Məsələn, insanların əksəriyyətinin ictimai yerlərdə davranışını bəyənmirəm. Düşünürlər ki, pulları varsa, istədiyi yerdə zibil ata, divarları yaza və yol hərəkəti qaydalarını poza bilərlər. Bunu görmək çox üzücüdür...

- Hazırda diaspordakı fəaliyyətinizi davam etdirirsiniz?
- Vaxt azlığı və bir çox psixoloji məqamlar səbəb olduğuna görə mən diasporadan çıxdım. Rusiyada diaspora fəaliyyətinə başlayanda yalnız bir təşkilat vardı – Azərbaycan Gənclərinin Koordinasiya Şurası (KSAM). Ardınca digər təşkilatlar, o cümlədən Leyla Əliyevanın rəhbəri olduğu Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) yarandı. Diasporadakı 8 illik fəaliyyətim mənim üçün qürurvericidir. Bu gün belə kiminsə hər hansı problemi olanda mənə müraciət edir. Məsələn, Moskvada hüquq məsələləri ilə yanaşı, təhsil almaq istəyənlər, məişət problemi olanlar, bizneslə məşğul olmaq istəyən azərbaycanlılar indiyədək mənə müraciət edirlər. Güclü kişi zəifdən nə ilə fərqlənir? Çətin zamanlarında güclü insan sənə kömək edəcək... zəif isə səndən də pis vəziyyətdə olduğunu göstərəcək. Ona görə bütün hallarda həmvətənlərimə yardım etmək mənim üçün xoşdur. Əgər mənə bütün Azərbaycan diaspor cəmiyyətlərinin birləşməsi məqsədilə gənclər siyasətində öz biliklərimdən istifadə etməyi təklif etsələr, bu əməkdaşlığa ancaq şad olacağam.

- Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə tanışlığınız AMOR çərçivəsində başladı?
- Leyla xanımla tanışlığımız AMOR-dan əvvəl baş vermişdi. 2005-ci ildə Azərbaycanın Rusiyadakı səfirliyində diasporumuz tədbir təşkil etmişdi. Orada bir çox şəxslərlə, o cümlədən səfirliyin Humanitar və təhsil sahəsi üzrə referenti, çox hörmətli Arif Əşrəfoviçlə tanış olmaq imkanım yarandı. O, mənə daha sonra səfirliyin təşkil etdiyi tədbirlərə fotoqraf kimi qatılmağa şərait yaratdı. Amma çəkdiyim fotoları icazəsiz heç bir yerdə yayımlamırdım. Sadəcə, arxivimdə saxlanılırdı. Leyla xanımla məni səfirliyin təşkil etdiyi tədbirlərin birində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, cənab Polad Bülbüloğlu tanış etdi. O vaxtdan sonra Leyla xanımla dostluq və işgüzar münasibətlərimiz başladı. 2007-ci ildə Rusiyada Moskva Dövlət Sosial-Humanitar İnstitutunun rektoru hörmətli Vaqif Bayramovun razılığı ilə əlil uşaqlar və tələbələr üçün xeyriyyə məqsədilə fotostudiya açdıq. Orada elə uşaqlar vardı ki, foto çəkməsələr belə montajla məşğul olurdular. Fotostudiyada uşaqlara təhsil verməklə yanaşı, onları işlə də təmin edirdik. Bir müddət sonra uşaqların əl işlərindən ibarət sərgi təşkil etdik. Həmin mərasimə hörmətli Leyla Əliyeva da gəlmişdi. Rusiya mətbuatı bu tədbir barədə geniş reportajlar dərc elədi. Bir neçə gün sonra NTV kanalında bir veriliş yayımlandı, orada Prezident qızlarının gördükləri işlər barədə süjet efirə getdi. Çox sevindirici idi ki, həmin verilişdə yalnız Azərbaycan Prezidentinin övladları haqqında xoş fikirlər söylənildi. Və gedən bir süjetdə bizim sərgidəki görüntülər də öz əksini tapmışdı.

- Son günlər sosial şəbəkələrdə Leyla xanım Sizin çəkdiyiniz fotoları paylaşır...
- Əslində, Leyla xanım Əliyeva adına olan Facebook səhifələrini özü idarə eləmir. Sadəcə səhifənin adminləri Leyla Əliyevanın iştirak etdiyi tədbirlərdən müxtəlif fotoları onun rəsmi saytından paylaşırlar. Onları Leyla xanımın gənclik illərindəki fotoları daha çox maraqlandırır. Buna görə də mənə tez-tez müraciət edirlər. Çünki Leyla Əliyevanın ilk gənclik fotolarının müəllif hüququ mənə məxsusdur. Bu, təsadüfən belə alınıb. Daha doğrusu, diaspora çərçivəsində təşkil olunan tədbirlərdə fotoqraflar onun portret fotolarını çəkirdilər, amma bədii fotolarını yalnız mən çəkmişəm.

- Leyla xanımın əksər fotolarında sizin imzanız var...
- Leyla xanım ictimai-siyasi fəaliyyətlə məşğuldur. Heydər Əliyev Fondunun vitse-prezidenti və AMOR təşkilatının rəhbəri kimi, bir çox tədbirlərdə, mərasimlərdə iştirak edir. Qəzet və agentliklərin qeydiyyatdan keçmiş fotoqrafları Leyla xanımın fotolarını çəkmək hüququna malikdirlər.

- Bəs indi Leyla xanımla əlaqələriniz necədir?
- Ümumiyyətlə, mən Leyla Əliyevanı həm bir insan, həm də bir ictimai-siyasi xadim kimi, çox yüksək qiymətləndirirəm. 2005-ci ildən bu günə qədər artıq 9 ildir ki, mən Leyla xanımın bütün ideyalarına və layihələrinə, o cümlədən “Baku” jurnalı, “Xocalıya ədalət” kampaniyası, ətraf mühitin mühafizəsi təşkilatı – İDEA, AMOR-dakı fəaliyyətinə dəstək olmuşam və bundan sonra da olacağam. AMOR və İDEA ilə bağlı mənim də bir çox ideyalarım var və zaman-zaman onları həyata keçirməyə çalışacağıq.

- Azərbaycan Prezidenti İlham Əliyevin də fotolarını çəkmisiniz. Ölkə başçısı barədə düşüncələriniz nədən ibarətdir?
- Hörmətli Prezidentimiz İlham Əliyev siyasətçinin üzərinə düşən missiyadan daha artıq iş görür. Cənab Prezident bizim cəmiyyətdə demokratik dəyərləri tətbiq edərək Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsi, dünya miqyasında mövqelərimizin gücləndirilməsi, respublikamızın suverenliyinin bərpası üçün çox çalışır. Və biz onun əziyyətinin bəhrəsini görürük. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 10 il ərzində Avropa Olimpiya oyunlarında uğurlar əldə edib, ilk peykimiz orbitə buraxılıb, eyni zamanda Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, Avropa İttifaqının enerji təhlükəsizliyinin zamininə və qloballaşan dünyada mədəniyyətlərarası dialoqun vasitəçisinə çevrilib. İndi Azərbaycan böyük maliyyə imkanlarına malikdir, bizim irimiqyaslı iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün heç bir problemimiz yoxdur. Ölkə başçımızın həmişə xalqın dəstəyinə ehtiyacı var. Biz hamımız onun övladlarıyıq, istənilən an Prezidentimizin, eləcə də milli maraq və ideyamızın müdafiəsinə qalxmağa hazırıq. Mən müasir incəsənət məkanıYARAT-ın rəhbəri Aidə xanım Mahmudovanın sayəsində vətənimizin çox guşələrində olmuşam. Azərbaycanın regionlarının inkişaf səviyyəsindən, Prezident tərəfindən təsdiq edilmiş sosial-humanitar proqramların reallaşdırmasından çox razı qaldım. Təkcə “ASAN Xidmət” ideyasının reallaşması barədə çox uzun danışmaq olar. Mən xidmətin sektor müdiri, gözəl insan Anar Hüseynovla tanış oldum, o mənə xidmət barədə ətraflı məlumat verdi. Onların gördükləri işləri çox təqdir etdim və əziyyəti keçən hər bir insana hörmətim sonsuzdur. Ona görə mən öz ətrafımda olan dostları bu cür layihələrdə fəal iştirak etməyə çağırıram. Harada doğulmağımız, böyüməyimiz və harada yaşamağımızdan asılı olmayaraq bizim bir Vətənimiz var. Azərbaycanlılar yaxşı gələcək üçün həmişə bir yerdə işləməyə səy göstərməlidirlər.

- Bəs ümummilli lider Heydər Əliyev haqda nə deyə bilərsiniz?
- Sözsüz ki, əziz babamız Heydər Əliyev bu ölkənin müstəqilliyinin bərpasında, ölkəmizin millətlər içərisində tanınmasında əvəzsiz rol oynayıb. Onun yeri Azərbaycan tarixində müstəsnadır!

- Qayıdaq AMOR rəhbəri Leyla Əliyeva ilə işbirliyinizə. Siz Leyla xanımın gənclik fotolarının müəllifi olduğunuzu söylədiniz. Adətən, qadınlar foto çəkilən zaman kaprizli olurlar...
- Leyla xanım qətiyyən kaprizli deyil. Çox mehribandır, gülərüzdür. O, heç vaxt xahiş etməyib ki, fotoları çəkəndən sonra ona göstərim. Seçimi mənim öhdəmə buraxıb. Mən də çəkdiyim fotoların bədiiliyinə və keyfiyyətinə baxıb qərar verirəm. Diaspordakı fəaliyyətimiz çərçivəsində bizim dostluq əlaqələrimiz yarandı. O, çox gənc idi, Moskvada təhsil alırdı və bütün tədbirlərdə onu rəsmi şəxslər, yüksək rütbəli insanlar əhatə edirdi. Mən təkcə fotoqraf kimi yox, həm də onun diaspordakı fəaliyyətini dəstəkləyənlərdən biri idim. Mən ona və həyat yoldaşı Eminə sevinc bəxş etməyi çox sevirəm. Onlarla vaxt keçirmək, işləmək çox zövqlüdür.

- Heç Leyla Əliyevanın fotolarını saymısınız?
- Bir dəfə buna cəhd elədim, amma gördüm ki, həddən ziyadə çoxdur... (gülür).

- İndi Bakıda hansı işlərlə məşğul olursunuz?
- Bakıya gələndən sonra YARAT-ın tədbirlərinə qatıldım. Bu təşkilatda görülən işlərlə tanış olmağı çoxdan arzu edirdim. YARAT-ın unikal layihələri daha çox ziyalı təbəqənin marağındadır. Mən də bu təşkilatın tədbirlərində iştirak edə-edə, belə demək mümkünsə, parladım. Aida xanım Mahmudova ilə tanış olduğuma çox şadam. Bu qısa zamanda onu da çox sevdim. Aida xanım çox sadə və pozitiv insandır. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan xalqı neft, müharibə ilə deyil, mədəniyyət vasitəsilə bir yerə cəm olacaq. Bilirsinizmi, insanın vəzifə borcu şöhrətinin susuzluğuna qalib gəlməkdir. Aidə xanım məhz belə insandır: düzgün prioritetlər müəyyənləşdirir, plana uyğun şəkildə hərəkət edir və layihələrini zəncirvari inkişaf etdirir. Mən onun ideyalarına inanıram və bütün yeniliklərini dəstəkləyirəm. Hazırda YARAT milli adət-ənənələrimizlə bağlı yeni “ARTIM” adlı layihə həyata keçirir. Layihəyə 32 nəfərdən ibarət fotoqraf, heykəltəraş, rəssam, musiqiçi, bir sözlə, incəsənətin müxtəlif sahələri ilə məşğul olan gənclər cəlb olunub. Layihə çərçivəsində hər bir iştirakçıya müvafiq tapşırıqlar verilib. Mənim tapşırığım isə Azərbaycan lavaşı və çörəkləri ilə bağlıdır. Məlumdur ki, ermənilər Naxçıvan lavaşını özününküləşdirib dünyaya öz məhsulları kimi təqdim edirlər. “ARTIM” vasitəsilə həm Naxçıvan lavaşı, həm də milli adət-ənənələrimiz barədə dünyaya dolğun məlumatlar çatdıra biləcəyik. Həmçinin layihə erməni yalanlarını da üzə çıxaracaq. Yeri gəlmişkən, layihənin kuratoru bizim hörmətli Səbinə xanım Şıxlınskayadır. O, öz işinin peşəkarıdır və bizi hər zaman dəstəkləyir. Aida xanım Mahmudovanın sayəsində mən və layihənin digər üzvləri Azərbaycanın bir çox regionlarında – Lahıc, Şamaxı, Şəki, Gəncə, Qobustan, Atəşgah, Yanardağ, Oğuz, Ağsu, İsmayıllı, Corat, Ağdam, Xızı, Tovuz, Qax, Qəbələ, Basqalda olduq. Demək olar ki, bütün muzeylərə baş çəkmək şansı əldə elədik. Muzeylərin tarixi ilə maraqlandıq, həmin şəhər və kəndlərin adət-ənənələri ilə yaxından tanış olduq.

- Dediniz ki, Ağdamda olmusunuz. Bəs Qarabağ yaradıcılığınızda hansı yeri tutur?
- Qarabağla bağlı çəkdiyim fotolar var. Ağdama səfər edəndə Ərgi və Çəmənli kəndlərində olduq. Ərgi kəndi daşlardan ibarətdir, indi ermənilər tərəfindən tamamilə dağıdılıb. İnanın, Ərgiyə baxanda gözümün qabağında Ağdamın işğal olunmuş görüntüsü canlanır. Ağdamdan qayıdanda biz Şuşa Laçın, Xocalının icra hakimiyyətlərinin yerləşdiyi ərazilərdə olduq və fürsətdən istifadə edib bir neçə kadr da çəkdim. Hətta arxivimdə Şuşanın yanacaq doldurma məntəqəsindən olan kadrlar da var. Allah mənə ömür versə, Qarabağla bağlı fotolarımı geniş ictimaiyyətə nümayiş etdirəcəyəm. Onu deyim ki, ölkəmiz 10-15 il öncəki Azərbaycan deyil. Dövlətimiz bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edir, dünyanın bütün ölkələri Azərbaycanımızı tanıyır. Əgər 10 il əvvəl müharibə başlasaydı, bəlkə də bizim ölkəmizi dəstəkləyən tapılmayacaqdı, amma indi Azərbaycanı tanıyan, onu dəstəkləyən ölkələr çoxdur və bu say günü-gündən artır. Bu mənada beynəlxalq tədbirlərin əhəmiyyəti əvəzolunmazdır. Bildiyiniz kimi, bu il Azərbaycanda bədii gimnastika üzrə 30-cu Avropa çempionatı keçirildi və Bakı 2014-cü il bədii gimnastikanın Avropa paytaxtı elan olundu. Gələn il ölkəmiz I Avropa Olimpiya Oyunlarına, “Formula 1 Avropa Qrand-pri” yarışlarına, 2017-ci ildə dördüncü İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək, həmçinin Azərbaycan FIFA-2020 oyunlarını Bakıda keçirmək hüququnu qazanıb. Tədbir çərçivəsində dünyanın ən müxtəlif ölkələrindən Azərbaycana gələn yüzlərlə jurnalist ölkəmiz haqqında çoxsaylı reportajlar hazırlayacaq. Hətta onların sosial şəbəkədə yazdıqları statuslar, paylaşdıqları fotolar belə ölkəmiz haqqında müsbət imic yaradacaq.

- “ARTIM” layihəsində Qarabağımıza aid hansı element öz əksini tapacaq?
- “ARTIM” layihəsini çərçivəsində tapşırıqlardan biri Qarabağ atları ilə bağlıdır. Aysel Nağıyevanın layihəsinin adı belədir: “Məcburi köçkün” – “qaçış atları”. Bu konsepsiya Qarabağ cinsinə məxsus qaçış atlarının yox olmaq təhlükəsi qarşısında qalan növünə ictimaiyyətin marağını cəlb etməkdən ibarətdir. Şəhər qaçış atları üçün dözülməz olan bir şəraitdə bu atlar qırmızı kitaba düşmək iddialarını saxlaya bilirlər. Şəhər şəraitində bu cinsi saxlamaq üçün çətin mübarizə aparırlar, onların sayları getdikcə azalır. Bu atların yetişdirilməsində vaxtilə öz zəngin torpaqlarını erməni anneksiyasına görə tərk etmək məcburiyyətində qalan Atayevlər ailəsi məşğul olur. Onlarla tanış olmaq mənə də qismət oldu. Bundan başqa qeyd edim ki, Qırmızı kitaba düşmüş zəngin flora və fauna növlərimiz ermənilərə məxsus məhsul kimi daxil edilib. Bunlar Qarabağ üzümlükləri, Xarıbülbül çiçəyi, nadir dəmir və çoxillik qoz ağacları, un məmulatlarından Qarabağ çörəyi olan “yuxa”dır. Azərbaycan tarixi və mədəniyyətinin bu anneksiyasından ancaq Qarabağ atı xilas ola bilib. Mən Aysel xanıma bu layihə çərçivəsində öz tapşırığını yerinə yetirməkdə kömək etməyə çalışıram. Çünki mən milli ideologiya, mədəniyyət və tarixə olan layihələri bütün qəlbimlə dəstəkləyirəm. Əlbəttə, istərdim ki, bizim uşaqlar və gələcək nəsil Qarabağ qaçış atlarının mövcudluğu haqda daha çox bilsinlər və Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini nəinki kitablar və saytlardan, həmçinin tarixdən öyrənsinlər.

- Belə çıxır ki, sizi Azərbaycanda saxlayan YARAT-ın layihələridir?
- Bəli, hazırda YARAT-la birgə çalışıram. YARAT vasitəsilə Azərbaycanın milli adət-ənənələri ilə bağlı çox şeylər öyrənmişəm. Gələcəkdə xeyriyyə məqsədilə ödənişsiz foto məktəb açmaq istəyirəm, ümid edirəm ki, Aida xanım Mahmudova bu işdə mənə dəstək olacaq. Təəssüf edirəm ki, Azərbaycanda bir fotoqraf ictimaiyyətdə tanınmağa, populyarlaşmağa başlayanda digərləri qısqanclıqdan onun imicini korlamağa çalışırlar. Həmin insanların açdıqları foto məktəblər həm bahalı olur, həm də lazımınca təhsil vermir. Bu sənətin incəliklərini öyrənmək istəyənlər bununla heç bir şey əldə edə bilmirlər. Bunu da deyim ki, əgər səni tənqid edirlərsə, deməli, sən düzgün yoldasan.

- Bizim fotoqraflardan kimləri bəyənirsiniz?
- Azərbaycanda fotojurnalistikanın əsasını qoyanlardan biri, xətrini çox istədiyim Fərid Xayrulini çox bəyənirəm. Onun fotoları populyar olmaqla yanaşı, həm də Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edir. Bilirsiniz, biz fotoqraflar öz aramızda həmişə fotoya imzamızın həkk olunmasının vacibliyi barədə tez-tez müzakirələr aparırıq. Çünki imzanı həkk etməyəndə gələcəkdə onun müəllif hüququ itə, başqası öz adına çıxara bilər. 20 Yanvar hadisələri zamanı Azadlıq meydanında insanların şəhidləri çiyinlərində daşıdıqları anı Fərid Xayrulin çəkib. Həmin fotonu 20 Yanvar hadisələrinin ildönümündə bütün saytlar yayımlayır. Fərid müəllim heyfslənir ki, saytlar fotonu paylaşanda onun imzasını qeyd etmirlər.

- Bayaq qeyd etdiniz ki, həm də musiqilər ifa edirsiniz. Bu işlə peşəkar məşğul olmaq niyyətiniz var?
- Emin Ağalarovun yaradıcılığını çox bəyənirəm, demək olar ki, onun fanatıyam, həm də yaxın münasibətlərimiz var. Ukrayna və Rusiyada “Qolos” proqramı olduğu kimi, Azərbaycanda da rəsmi “Səs” yarışması keçiriləcək. Müsabiqə dövlət kanalı olan AzTV-də nümayiş olunacaq. Artıq həmin yarışmada ilkin mərhələdən keçmişəm, münsiflərin səsini qazanmışam.

- Yeri gəlmişkən, Moskvada uzun illər yaşadığınız halda Azərbaycan dilini də unutmamısınız...
- Fikrimi bir o qədər də yaxşı ifadə edə bilməsəm də, azərbaycanca təmiz başa düşürəm.

Nərmin Muradova,
Nərgiz Ehlamqızı

Teleqraf.com Rufat Aliyevin çəkdiyi fotoları təqdim edir. Fotoqrafın digər əl işlərini raphoto.ru saytından izləyə bilərsiniz.


Müəllif: