8 İyun 2017 10:52
5 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com əməkdar artist Fərqanə Qasımova ilə müsahibəni təqdim edir.

– Fərqanə xanım, yaxınlarda Alim Qasımovun 60 ilik yubileyinə həsr etdiyiniz konsertiniz baş tutdu. Maraqlıdır, hədiyyə atanızın xoşuna gəldimi?

– Konsertin reklamları, anonsları əvvəlcədən verilirdi. Afişalar çıxdığına görə biz bu konserti ad günü sürprizi kimi hazırlaya bilmədik. Konsert həm atamın yubileyinə, həm də islam oyunlarına görə Azərbaycana gəlmiş qonaqlara hədiyyə kimi hazırlanmışdı. Konsert Mədəniyyət və Turizm Nazirliyinin, V kanalının, 106, 106.3 FM radiolarının, ASAN xidmətin və “APA Holdinq”ə daxil olan saytların dəstəyi ilə təşkil olundu.

– Alim Qasımov atanız olmasaydı, öz gücünüzə indiki Fərqanə xanım ola bilərdinizmi?

– Atam körpəliyimdən istedadımı kəşf edib və bütün əməyini, zəhmətini mənim üçün ortaya qoyub. Çünki bilirdi ki, qızının gələcəyi var. Yadımdadır, həmişə mənə deyirdi ki, vaxt gələcək, qızım böyük səhnələrdə oxuyacaq, mənimlə birlikdə dünyanı gəzəcək. Çox şükür, bu günləri də gördü.

Atamın sənətə gəlməyində kənar şəxslərin rolu böyükdür. Məsələn, musiqi məktəbinə qəbul olmağında Siyavuş Aslanın çox köməyi olub. Amma mən musiqinin beşiyində, muğamın içində doğulub böyüdüyümə görə həyatım tamam fərqli olub.

– Ailədə təkcə sizmi istedadlı idiniz? Bacı və qardaşınızda bu sənətə maraq yoxuydu?

– Atam çox istəyirdi onlar da bu sənətə gəlsin. Hətta bacımla qardaşımı musiqi alətləri dərslərinə qoymuşdu. Atam fikirləşirdi ki, bacın kamançada, qardaşın tarda, mən də ifaçı kimi səfərlərə birgə gedərik. Amma onlar istəmədilər. Çünki daxili aləmlərində o istək, coşqu yox idi.

– Oxuduğunuz bütün muğamlarda, mahnılarda Alim Qasımov nəfəsi, detalları, notları hiss olunur. Bəs sizin özəlliyiniz nədədir? Sizi Fərqanə Qasımova edən avaz, detal varmı?

– Azərbaycanda elə bir xanəndə yoxdur ki, Alim Qasımovun muğamlarına qulaq asmasın, onun üslübundan xəbərsiz olsun. Gizlin də olsa, onun bulağından su içiblər. Azərbaycanda muğam deyən kimi Alim Qasımovun dəst-xəttini öyrənirlər, amma heç kim onun kimi oxuya bilmir. Həftənin özünəməxsus tərzi var. Mən də onlardan biriyəm, necə hiss edirəmsə, o cür oxuyuram. Əgər fərqli nəfəs yaranırsa, bu, düşünülmədən olur.

– Deyirsiniz ki, Azərbaycanda Alim Qasımovun muğamlarını dinləməyən yoxdur. Sizcə, dinləyənlər hamısı bəyənirmi? Yoxsa qəbul etməyənlər də var?

– Ən pisi odur ki, sevdiyin şeyə görə özün-özünə zidd gedirsən. Yəni səni bəyənirəm, amma üzünə deyirəm ki, səndən xoşum gəlmir. Bu, özünə qarşı hörmətsizlikdir. Azərbaycanda bilə-bilə zidd gedən adamlar çoxdur. Ancaq mən bilirəm ki, hamı öz içində Alim Qasımovu sevir və qiymətləndirir. Çünki insan özündən heç nəyi gizlədə bilməz. Dahilik, ucalıq hər kəsə verilmir, hamıya paylanılmır.

– Yəni Alim Qasımovu sevməmək olmaz, eləmi?

– Ola bilər sevməsinlər. Sadəcə, sevərək sevmədiyini deyənlərin sayı daha çoxdur.

– Bardaş qurub muğam oxumaq ənənənizdən danışaq. Buna görə sizi qınayanlar çox oldu. Deyirdilər, muğamı yerdə oturub oxumazlar...

– Bilirsiniz, bunlar dahiliyə yaraşan əməllərdir. Yeniliklər yaratmaq, forma dəyişiklikləri etmək və sair. Amma bu, muğamın formasının dəyişməsinə aid deyil. Alim Qasımov muğamın formasında heç bir dəyişiklik etməyib, sadəcə, hislə oxuyub, hissini ortaya qoyub.

Yerdə oturub oxumaq ənənəsinə gəldikdə, Alim müəllimə qədər heç kim bardaş qurub oxuya bilməzdi. Amma biz icazə veririk, bundan sonra kimin ürəyi istəsə, yerdə oturub oxuya bilər.

– Axı, səhnədə oturub oxumaq Alim Qasımovdan əvvəl də olub. Amma bildiyim qədəri ilə yerdən oturub oxumaq çox çətindir...

– Əlbəttə... Söhbət də elə bundan gedir. Hər adam bunu bacara bilməz ki... Bu, çox çətin prosesdir.

– Fərqanə xanım, xarici səfərlərə həmişə atanızla birgə gedirsiniz? Tək getdiyiniz vaxtlar olmayıb?

– İş orasındadır ki, atamı mənsiz heç yerə çağırmırlar, bizi bir-birimizdən ayırmaq istəmirlər. Atamsız heç yerə getmək istəmirəm. Onunla yol getmək mənim üçün tarixdir, şərəfdir. Həmişə düşünürəm ki, mən Alim Qasımovun gələcəyi, davamçısıyam. O, günəşdir, mən onun zöhrəsiyəm. Ən azından mən onun ürəyinin parasıyam. Mən nə edirəmsə, atamın və muğamın adı üçün edirəm.

– Belə çıxır ki, özünüzü Alim Qasımovun sənət varisi hesab edirsiniz?

– Bunu mən özüm üçün deyə bilmərəm. Yenə də deyirəm, təkcə onu bilirəm ki, mən onun ürək parasıyam.

– Sizin uşaqlarınız necə, muğama, sənətə meyillidirmi?

– Üç qızım, bir oğlum var. Dördü də musiqi içində böyüyürlər. Desəm ki, klip çəkin, mahnı oxuyun, bu saat hazırdılar. Hamısı da istedadlıdır. Amma mən istəmirəm ki, onlar da bu çətin həyata qədəm qoysunlar.

Çünki sənət aləmi çətindir, qurban tələb edir. Ona görə istəyirəm, özlərini başqa sahələrdə sınasınlar. Görək necə olur. Amma sənətə gəlmək istəsələr də qarşı çıxmaram.

– Böyük qızınızın neçə yaşı var?

– On altı.

– O da hicablıdır?

– Xeyr, hələ hicab geyinməyib.

– Özü istəmir, ya necə?

– Necə ki mən heç kəsin diqtəsi ilə dinə gəlməmişəm, eləcə də onlar. Mən övladlarıma azad seçim hüququ vermişəm. Heç vaxt məcbur etmərəm. Özləri sevsələr, hicablanarlar.

– Xarici ölkələrə səfər zamanı hicablı olmağınız heç sizə mane olubmu?

– İndiyə qədər mənə hicabın xeyrindən başqa heç bir ziyan gəlməyib. Mən bu yolda ölümə belə gedərəm.

– Heç sizə terrorçu deyən, terrorçu kimi baxan olubmu?

– Xeyr, heç vaxt. Bilirsiniz, bu siyasətdir. Küçədə, yolda xarici insanlar mənə gülümsəyir, salamlaşır, hörmət ifadə edirlər. Hicab qadının libasıdır, sadəcə libas.

– Hazırda evinizdə ailənizlə birgə yaşayırsınız?

– Bəli, yoldaşım işdədir, uşaqlarsa, məktəbdə və bağçada. Axşam çağı hamımız bir yerə yığışacağıq.

– Siz də işləyirsiniz?

– Bəli, Asəf Zeynallı adına musiqi məktəbində on beş ildir muğam müəlliməsi işləyirəm. Həm sənətkar, həm də müəllimə kimi əlimizdən gələni edirik.

– Fərqanə xanım, çox maarqlıdır, xarici müğənnilərlə duet ortağı olmaq, muğamı onlarınm mahnıları ilə sintez etmək Alim Qasımovun öz təşəbbüsü ilə baş verdi?

– Təklif bizdən olunsa, daha çox şeylər edərdik. Əlbəttə, təklif onlardan gəldi. Əfsuslar olsun, biz heç kimə dəvətnamə göndərmirik, elə bir işçimiz də yoxdur ki, xarici areanlara çıxarsın.

– Azərbaycanda neçə illərdir ard-arda beynəlxalq musiqi, idman yarışmaları keçirilir. Alim Qsasımov isə muğam ifaları ilə o yarışmaların həm açılış, həm də qapanış mərasimlərinin üzünə çevrilib. Sizcə, başqa muğam ustalarımız bu işin öhdəsindən gələ bilməzdilərmi? Niyə məhz Alim Qasımov?

– Alim Qasımov səhnədə həmişə cəngavər, sərkərdə olub. Dövlətimizə çox təşəkkür edirəm ki, məhz layiq olan insanı seçiblər. Çünki xalça üstündə Alim Qasımov olmalıdır. Onu xalçanın üstünə çıxardan sənətidir. Alim Qasımov muğamın simvoludur. Azan vermək həmişə atamın arzusu olub. Allah onu bütün arzularına çatdırır. Allah onu ucaltdı, minarəyə çıxartdı. O, bütün gözəl titulların hamısını alıb və hamısına layiqdir.

– Amma sizə hələ xalq artisti adı verilməyib. Əməkdar artistsiniz.

– Xalq artisti adını səbrsizliklə gözləyirəm. Çünki bir əsgər kimi biz bu yolda çox çalışmışıq. O ad da mənə bir stimul, dəstək, qürur olar. Amma bir az gecikir. Ümid edirəm ki, bu yaxınlarda sevinəcəm. İnşaallah...


Müəllif: Çinarə Böyükçöl