18 May 2017 21:12
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran seçkilərindən iranlı seçicilər bir şey gözləmir, biz nə gözləyə bilərik? Onlarda özləri bilirlər ki, qarşılıqlı razılaşma ilə məsələ həll ediləcək. Ona görə də, bizim gözləntilərimizin o qədər də əhəmiyyəti yoxdur”.

Bunu Teleqraf.com-a sabah İranda keçirilək prezident seçkilərindən gözləntilərini açıqlayan KXCP sədri Mirmahmud Mirəlioğlu deyib.

Mirmahmud Mirəlioğlu bildirib ki, İranda seçkilər yüksək səviyyədə razılaşdırılır, bölgü aparılır və məsələ bu şəkildə həll olunur: “Əlbəttə, seçkilərdə mühafizəkar və islahatçı namizədlər olur. Bununla həm də dünyaya mesaj verilir ki, bizdə mühafizəkarlar da, islahatçılar da var. İranın indiki prezidenti Həsən Ruhani islahatçı düşərgənin nümayəndəsidir. O, islahatçı kimi neyləyib, hansı addımlar atıb? Ondan öncəki prezident Əhməd Nicat radikal, dindar və Amerikanı söyən biri olaraq nəyə nail oldu? Bu seçkilərin adının necə qoyulmasından asılı olmayaraq quş qoymaq naminə keçirilən tədbirdir. İran cəmiyyətini də aldatmaqdan ötrü addımdır. Mənim heç bir gözləntim yoxdur və inanmıram ki, İran üçün də bir gözlənti olsun. Bunlar öz yolunu müəyyən ediblər və bu istiqamətdə davam edirlər. Müəyyən dövrlərdə də seçkilər keçirirlər, amma mahiyyət baxımından heç nə dəyişmir. İranın hazırkı siyasəti dəyişməzdir, 1979-cu ildən həyata keçirilir, kimin prezident olmasından asılı olmayaraq bu xətt davam etdiriləcək”.

KXCP sədri hesab edir ki, İran siyasətinə vahid baxmaq lazımdır: “Bu imperiya siyasətidir, özlərinin quruluşlarını qoruyub saxlamaqdır: “Təbii ki, parlament və prezident seçkiləri də keçirilir. Amma dəyişən bir şey yoxdur. 1979-cu ildən əsası qoyulan siyasi kurs davam edir. Mənim fikrimcə, indiki prezident öz yerində qalacaq. Beynəlxalq konyunktura sadəcə konyunkturadır. Əlbəttə, beynəlxalq konyunkturanın seçkilərə təsiri olur. Başqa sözlə, beynəlxalq konyunktura əgər yeni münaqişə ocağı istəyəcəksə, kimin prezident olmasından asılı olmayaraq bunu edəcək. Yox, əgər istəməyəcəksə, sadəcə hədələmə olacaqsa, deməli belə də davam edəcək. Adətən İran beynəlxalq konyunkturaya uyğun siyasət müəyyənləşdirir. Amma şərtlər dəyişəndə vəziyyət də dəyişir. Əgər dünyanın İranla bağlı siyasəti dəyişəcəksə, kimin prezident olmasından asılı olmayaraq vəziyyət də dəyişəcək. Amma bu gün belə bir siyasət yoxdur. Hər kəs də bununla razılaşır. İranda nəhəng bir coğrafiya olaraq nəzərdə tutulur və qalır. Həm də İrandan istifadə olunur, nəinki İran beynəlxalq konyunkturadan istifadə edir”.

Cavad


Müəllif: Teleqraf.com