19 İyul 2017 18:38
1 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu görüşlərin əsas məqsədi tərəfləri kompromisə meyilləndirmək və son nəticədə prezidentlərin görüşünü təşkil etməklə böyük sülh sazişinin imzalanmasına zəmin hazırlamaqdır. Ermənistan tərəfi həm görüşə razılıq verir, həm də görüşü tamamilə mümkünsüz edən radikal bəyanatlar səsləndirir. İrəvan həm prezident, həm də xarici işlər naziri səviyyəsində destruktiv fikirlər səsləndirir və güzəştə getməyəcəklərini bəyan edir”.

Bu fikirləri Teleqraf.com-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşlərini hazırlamağı haqda xəbəri şərh edərkən deyib.

Qeyd edək ki, Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün Moskva-Vyana videokörpüsündə bildirib ki, həmsədrlər iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünə hazırlaşır.

Qabil Hüseynli isə xatırladır ki, prezident Sarksiyan iki gün əvvəl bəyan edib ki, torpaq məsələsində güzəşt olmayacaq, 20 il keçsə də buna gedilməyəcək: “Bu dərəcədə həyasız və siyasi baxımdan savadsız olan, özünün əvvəlki fikirlərini təkzib edən şəxsdən söhbət gedir. Dağlıq Qarabağın hüdudundan kənarda Azərbaycanın 16 % ərazisini qəyyumlarının dəstəyi ilə işğal edirsən və indi də deyirsən ki, güzəştə getmərəm. Ancaq bu şəxs bir müddət əvvəl deyirdi ki, Dağlıq Qarabağın hüdudlarından kənar torpaqlar bizim deyil və Azərbaycan əraziləridir. İndi erməni ritorikası dəyişib. Biri deyir ki, İsgəndər raketlərindən istifadə edib Azərbaycana zərbə vuracağıq, digəri deyir ki, torpağı güzəştə getmərik. Siyasi baxımdan ab-havanı korlayan, danışıqlar prosesində ciddi əngəllər yaradan məsuliyyətsiz bəyanatlar var. Odur ki, görüş və onun nəticəli bitəcəyinə ümidlərim azaldır. Hər halda görüş vacibdir və məsələnin sülh yolu ilə tənzimlənməsi üçün danışıqlar prosesinə bir dəfə də cəhd etmək lazımdır. Əgər, bu dəfə də ermənilər danışıqlar prosesində destruktuiv xətti davam edəcəksə, deməli özləri könüllü müharibə xətti seçir. Bu halda Azərbaycan da məcburən müharibə xəttini seçmək məcburiyyətində buraxılır. Lakin sülh danışıqları prosesinin irəliləməsi üçün hər şey Ermənistan və onun siyasi rəhbərliyindən asılıdır”.


Müəllif: Cavad