9 İyul 2016 13:32
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanda 68 min 773 nikah qeydə alınıb. Bu, son 6 il ərzində nikaha daxil olanların sayında qeydə alınan ən aşağı göstəricidir.

2010-cu ildə Azərbaycanda 79172, 2011-ci ildə 88145, 2012-ci ildə 79065, 2013-cü ildə 86 852, 2014-cü ildə 84 912, 2015-ci ildə isə 68 773 nikah qeydə alınıb. Ötən il Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da son 6 ilin ən aşağı göstəricisi olub.

2010-cu ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə 8,9 nikah düşdüyü halda, 2015-ci ildə bu rəqəm 7,2 olub.

Azərbaycandakı boşanmaların sayında nisbətən artım baş verib. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764 boşanma olub. Boşanmaların sayında artımın baş verməsinə baxmayaraq, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayına görə olan göstərici əvvəlki illərdə olduğu kimi, yəni 1,3 qalıb.

Niyə Azərbaycanda qurulan ailələrin sayı azalır?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, Dövlət Statistika Komitəsinin son illər nikaha daxil olma və boşanma ilə bağlı açıqladığı rəqəmlər hamını narahat edir: “Bu sahədə çalışan mütəxəssislər müxtəlif səbəbləri qeyd edir. Ortada ciddi bir sual var: Ailə bağlarının möhkəmliyi ilə fəxr edən Azərbaycan ailəsinə nə olub? Nədən ən müqəddəs bir ocağın odu belə zəifləyib? Təbii ki, səbəblər müxtəlifdir.

Öncə onu deyək ki, ailə münasibətlərində bağların qopmasına səbəb dəyərlər sisteminin tamamilə iflasa uğramasıdır. Mövcud dəyərlər sistemi daha əvvəlki kimi işləmir. Nikaha girən şəxslər arasında etibar və inam bağları yoxa çıxıb”.

Mehriban Zeynalovanın sözlərinə görə, qadına qarşı inamsızlıq, zorakılıq, namus cinayətləri nikahların dağılmasına səbəb olur: “Bu səbəbdən də rəsmi nikaha daxil olanların sayı azalır. Kişilər arasında məsuliyyət və öhdəlik hissini demək olar ki, yoxa çıxıb. Ailə bəzi hallarda nəsil artırma xarakteri alıb. Lakin nəsil artırmada belə, uşaqların taleyinə biganəlik hiss edilir. İllərlə formalaşdırılmış kişi obrazı yoxa çıxır. Ailənin müdafiəçisi və dayağı saydığımız kişilər artıq o obrazda görünə bilmir. Bunun üçün Azərbaycan qadını sabit ailə qurmaq üçün kənardan ər axtarmalı olur”.

“Ailə modelimizin xilasına böyük ehtiyac var”

Əhalinin mədəni səviyyəsinin aşağı düşməsinin ailə münasibətlərinə təsirsiz ötüşmədiyini deyən Mehriban Zeynalova əlavə edir ki, bu gün nikaha daxil olanların sayını göstərən statistik rəqəmlər qədər nikahsiz ailələrin mövcud olduğunu da iddia etmək olar: “Çünki qanunsuz uşaqların doğulması, alimentlə bağlı ciddi problemin olması ailəyə münasibətin bəsitləşdiyini bir daha sübut edir. Millət olaraq biz keçmişə qayıdıb stereotiplərə daha çox söykənirik, lakin bu stereotiplər mentalitet deyil. Qərb və şərq arasında qalmış ailə modelimizin xilasına böyük ehtiyac var”.

Psixoloq Elnur Rüstəmovun fikrincə, gənclərin ailə qurmaması, ailədaxili konfliktlərin çoxalması kimi halların artımı davam edir: “Problem varsa, onun həllinə dəstək göstərilməsi vacibdir. Araşdırmalar göstərir ki, boşanma ilə bağlı problemlərin kökündə də ciddi səbəb yoxdur. Daha çox məişət məsələsi, 3-cü şəxsin peyda olması, yaxud fərdin özünün aqressivliyi səbəb kimi ortaya çıxır. Nə qədər ki, bu cür problemlər həll olunmur, təbii ki, evlənənlərin sayı azalacaq, bosanmaların sayı isə artacaq”.

Psixoloq deyir ki, hazırda bizim cəmiyyətə yad olan vətəndaş nikahlarını artmasına şahidik: “Bunlar önə keçdikcə, bizim mənəvi dəyərlərimiz arxa planda qalır. Nəzərə almaq lazımdır ki, ailənin qorunmasında hüquqdan çox, mənəvi dəyərlər böyük rol oyanır. Düşünürəm ki, statistika ilə bağlı tədbirlərin aparılması vacibdir. Nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi ilə yanaşı psixoloji müayinə də aparılmalıdır.

Digər tərəfdən, məhkəmələrdə boşanan cütlüklərə psixoloji dəstək verilməlidir. Çünki elə ailələr var, boşanma ərəfəsində psixoloqa müraciət edir və böyük əksəriyyəti boşanma ərizələrini geri götürürlər. Hazırda psixoloqlara ailə problemi ilə bağlı yetərli qədər müraciətlər var. Dəstəyə ehtiyacı olan çoxsaylı ailələrimiz var ki, onların bir qismi müəyyən kompleks yaşayır və kənara müraciət etmirlər”.

Ailə quran kişilər azadlığı qurban verir?

Kişilər arasında evlənmək qorxusu deyilən narahatlığın yaşandığını bildirən Elnur Rüstəmov qeyd edir ki, bəzi kişilər ailə qursa, bunun öhdəsindən gələ bilməyəcəyini düşünür: “Bu, onlarda müəyyən qorxu yaradır. Gənclər düşünür ki, evlənsələr azdlıqlarını itirəcəklər. Bir nəfərə məxsus olmaq istəmirlər. İnsan ailəli olmaq məsuliyyətini öz üzərinə götürürsə, şübhəsiz, öz azadlığını iki nəfərin əhatə dairəsində qurmalıdır. Bu, azadlığın məhdudlaşması deyil. Sadəcə, dostlarla görüş, əyləncə zamanı azalır. Kişilər düşünməlidirlər ki, ailə qurmaq azadlığı qurban vermək yox, yeni azadlıq qurmaqdır”.

İlhamə ƏBÜLFƏT


Müəllif: