20 Aprel 2017 12:44
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının son 10 ildə Azərbaycan vətəndaş cəmiyyətinə ayırdığı vəsait 90 milyon deyil, 19 milyon avro təşkil edib. Çox ehtimal ki, bu yanlışlıq ingilis dilindən tərcümə xətasıdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mardın Avropa İttifaqının 90 milyon avroluq qrantının hansı layihələri əhatə etdiyinə dair sosial şəbəkələrdə başlanan müzakirələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat son 10 ildə Avropa Birliyindən vəsait alan qurumların siyahısında olmayıb: “Avropa Birliyinin 2007-2015-ci illərdə Azərbaycana ayırdığı vəsaitin ümumi məbləği 179 milyon avro olub. Bu vəsait əsasən dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində büdcə yardımı, tvininq (Avropa Birliyi standartlarına və qanunvericiliyinə uyğunlaşdırma), regionların və kənd yerlərinin inkişafı, ədliyyə və təhsil islahatları, metrologiya sisteminin, dəniz adminstrasiyasının, ombudsmanın təkmilləşdirilməsi, statistik məlumatların emalı və digər sahələri əhatə edib. 2015-ci ildən sonra ayrılan vəsaitlər isə əsasən, dövlət institutlarının proqramlaşdırılması, elektronlaşdırılması və Avropa standartlarına uyğun metodologiyaların tətbiqinə sərf edilib”.

Umud Rəhimoğlu hesab edir ki, vətəndaş cəmiyyəti qurumlarına ayrılan vəsait təkcə regiondakı qadınların inkişafı layihələrinə deyil, insan haqları, yerli bələdiyyələrin imkanlarının artırılması, sosial-iqtisadi inkişaf layihələri, ekoturizm, uşaq hüquqları və uşaqlara qarşı zorakılığın, təhsildən yayınma hallarının qarşısının alınması, kənd yerlərində su təchizatının yaxşılaşdırılması və s. istiqamətlərə sərf edilib: "Layihələri həyata keçirən vətəndaş cəmiyyəti qurumları sırasında ölkəmizdə kifayət qədər nüfuzlu – Ümid Sosial İnkişafa Dəstək İctimai Birliyi, ARAN Sosial Humanitar Mərkəzi, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Sosial Hüquqların İnkişafı birliyi, Sahibkarlığın İnkişafı Fondu, UNİCEF Azərbaycan və s. yerli və beynəlxalq statuslu təşkilatların adı var. Amma bütün bunlarla yanaşı, ayrılan vəsaitlərin şəffaf qaydada hesabatının yayılması, ictimai nəzarət, seçilən qurumların cəmiyyətə təqdim edilməsi, layihələr haqda ictimaiyyətin geniş məlumatlandırılması, eləcə də həyata keçirilən layihələrin nəticələrinin maraqlı tərəflərə çatdırılması diqqətdən yayınmamalıdır. Bu gün də sosial şəbəkələrdə aparılan müzakirələr bəzi insanların məlumatsızlığı səbəbindən geniş diskussiyaya səbəb olub və davamlılığına dair məsələlər hökmən ciddi surətdə nəzərə alınmalıdır”.

Umud Rəhimoğlunun sözlərinə görə, təəssüf ki, bu gün bir sıra media nümayəndələri, ictimai fəallar eləcə də fikirlərinə hər zaman sayğı ilə yanaşdığı insanlar QHT-lərlə bağlı xoş olmayan ifadələr işlədir: “Heç zaman yaddan çıxarmaq olmaz ki, Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülündə və inkişafında QHT-lərin gördüyü işlər əvəzsizdir. Bu gün də Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, vətəndaş təşəbbüslərinin ictimailəşdirilməsi, insan haqları, vətəndaş cəmiyyəti və dövlət strukturlarının birgə fəaliyyətinin qurulmasında, ictimai nəzarətin təşkilində QHT-lərin rolu danılmazdır”.

Qeyd edək ki, Malena Mardın Avropa İttifaqının 90 milyon avroluq qrantının hansı layihələri əhatə etdiyinə dair sosial şəbəkələrdə müzakirələr başlayıb. “Yeni Müsavat” qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxan məsələ ilə bağlı Feysbukda sərt mövqe nümayiş etdirib.

Nərgiz


Müəllif: