16 May 2017 11:32
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:15

Kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarına yeni binada mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb.

Jurnalistlər üçün tikilən ikinci binada mənzillərin verilməsi qaydaları və şərtləri açıqlanıb.

“Report” xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə bildirilib ki, ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürə bilər.

Şərtlərə əsasən, televiziya və radio yayımçıları 10, gündəlik qəzetlər və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytlar 3 namizəd müəyyənləşdirə bilərlər.
Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.

KİV-lər ümumi iclas çağırmalı, komissiyanın şərtlərinə uyğun namizədlərini müəyyənləşdirməli, komissiyaya təqdimat verməlidir (möhürlü və imzalı).

KİV-lərin təqdimatına namizədin şəxsiyyət vəsiqəsinin surəti, namizədin əmək kitabçasının surəti (KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada), namizədin ailə tərkibi haqqında arayış, namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil şəraiti ilə bağlı arayışın əsli, namizədin tərcümeyi-halı (hazırda yaşadığı ünvan və əlaqə telefonları) əlavə olunmalıdır.

Təqdimatlarda namizədin mənzil-məişət şəraitinin yaxşılaşdırılması kriteriyalarına uyğun gəldiyi əsaslandırılmalıdır (jurnalistikanın inkişafında xidmətləri, peşəkarlığı, cəmiyyət tərəfindən tanınması və mənzilə ehtiyac kimi meyarlara üstünlük veriləcək).

Dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları barədə Komissiyaya müvafiq şərtlərə və qaydalara uyğun təqdimatlar verilə bilər.

Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun Komissiyaya fərdi qaydada müraciət edə bilərlər.

Adları Mətbuat Şurasının “qara siyahı”sına daxil edilən, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə, Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzlər.


Müəllif: