19 İyul 2014 20:10

TQDK minimal bal məsələsinə də aydınlıq gətirdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 20-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Bu barədə bu gün keçirilən mətbuat konfransında TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

Onun sözlərinə görə, imtahan ölkənin 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 54 binada keçiriləcək.
İmtahanların idarə olunmasına 238 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2589 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanın gedişini işıqlandırmaq üçün 50-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib.

İmtahanda 31326 abituriyentin iştirakı gözlənilir. Onlardan 15562 abituriyent II qrup üzrə, 15764 abituriyent III qrup üzrə imtahan verəcək.

28178 nəfər (II qrup üzrə 13689 nəfər, III qrup üzrə 14489 nəfər) Azərbaycan bölməsinin, 3148 nəfər (II qrup üzrə 1873 nəfər, III qrup üzrə 1275 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 13824 nəfəri (II qrup üzrə 9710 nəfər, III qrup üzrə 4114 nəfər) oğlanlar, 17502 nəfəri (II qrup üzrə 5852 nəfər, III qrup üzrə 11650 nəfər) isə qızlardır.

24 nəfər ali təhsil müəssisələrinin, 1620 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunlarıdır. 158 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1990-cı ildən, ən gənci isə 1997-ci ildəndir.
Bakı şəhərində 13520, Naxçıvanda 1821, Gəncədə 3829, Sumqayıtda 1653, Mingəçevirdə 1544, Şəkidə 1986, Ağcabədidə 1229, Göyçayda 1452, Şirvanda 1186, Lənkəranda 1866, Xaçmazda isə 1240 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 12-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Qeyd edək ki, TQDK ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmaq üçün tələb olunan minimal müsabiqə şərtlərində dəyişiklik edərək keçid balını aşağı salıb. TQDK bəyan edir ki, müsabiqə şərtlərini ödəmiş abituriyentlər iyulun 24-dən avqustun 5-dək internetlə ixtisas seçimi ərizələrini təsdiqləməlidirlər. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin imtahan verdiyi eyni ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə bilər.

Abituriyentlər həmin vaxtadək öz ixtisas seçiminə bir daha nəzər salmalı, seçimlərini dəqiqləşdirməlidirlər. TQDK bu işdə onlara kömək məqsədilə bütün statistik məlumatları - ali təhsil müəssisələrinin ixtisaslarının plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasının saylarını, ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını ictimaiyyətə təqdim edib.

Müsabiqədə iştirak etmək üçün tələb olunan minimal bal həddi ilə hər hansı ixtisasa keçid balı arasında fərq varmı, yoxsa bunlar eynidir? Suala cavabda Elnur Nağızadə bildirib ki, bunlar tamamilə fərqli anlayışlardır: “Müsabiqə şərti TQDK tərəfindən bu və ya digər ixtisas qrupu, yaxud ixtisas üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Bu o deməkdir ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.

Tutaq ki, cari ildə I ixtisas qrupunda imtahan verən hər hansı abituriyent 160 bal toplayıb. Lakin onun istənilən iki və ya daha çox fəndən nisbi balları 10-dan azdır. Bu halda mövcud müsabiqə şərtini yerinə yetirmədiyinə görə onun müsabiqədə iştirak etmək hüququ olmayacaq".

Mətbuat sözçüsünün sözlərinə görə, keçid balı isə müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir: “Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 50 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 200 nəfər göstərib. Bu zaman həmin 200 nəfərdən ən yüksək bal toplayan 50 abituriyent bu ixtisasa qəbul edilir və 50-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur”.

SEVİL


Müəllif: