1 Noyabr 16:19
266

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə – Mingəçevir şəhərində və Yevlax rayonunda 2-15 oktyabr tarixlərində süd vəzisinin xərçəngi, 9-22 oktyabr tarixlərində prostat vəzi xəstəliklərinin profilaktikasına həsr olunmuş sağlamlıq həftələri təşkil edib.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, süd vəzisi sağlamlıq həftələri ərzində müxtəlif yaş qruplarına aid 552 qadın tibbi müayinələrdən keçib. 112 qadına instrumental müayinələrdən, 48 nəfərə isə laborator müayinələrdən keçmək üçün göndəriş verilib.

Müraciət edən vətəndaşların 53 nəfəri 16-25 yaş, 134 nəfəri 26-35, 149 nəfəri 36-45 yaş, 122 nəfəri 46-55 yaş, 86 nəfəri 56-70 yaş arasında, 8 nəfəri isə 70 yaşdan yuxarı olub.

Müraciət edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir: 210 nəfər son 1 ay ərzində, 71 nəfər 3 ay öncə, 49 nəfər son altı ay ərzində, 68 nəfəri 1 il ərzində, 30 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçib. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 30 nəfər təşkil edib.

94 nəfər sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Əldə olunan statistik göstəricilər deməyə əsas verir ki, icbari tibbi sığortanın tətbiqi ilə pilot ərazilərin sakinlərinin müayinələrə cəlb olunma tezliyində artım müşahidə olunub. Ümumi müraciət etmiş 552 nəfərdən 330 nəfəri son 6 ay ərzində müayinələrdən keçib.

Müayinələr zamanı 379 nəfərdə süd vəziləri ilə bağlı patologiyalar və yenitörəmələr aşkarlanıb. Digər müraciətçilərdə süd vəzisi ilə bağlı heç bir patologiya görünməyib.

Sidik-cinsiyyət sistemi xəstəliklərinin erkən aşkarlanması, mümkün qədər tez müalicəyə cəlb edilməsi məqsədilə təşkil edilmiş və prostat vəzi xəstəliklərinin profilaktikasına həsr olunmuş sağlamlıq həftələrində 197 nəfər kişi müxtəlif şikayətlərlə ASM-lərə müraciət edib. Onlardan 54 nəfərə instrumental müayinələrdən, 65 nəfərə isə laborator müayinələrdən keçmək üçün göndəriş verilib.

Müayinələrdən keçənlərin 3 nəfəri 0-15 yaş, 9 nəfəri 16-25 yaş, 36 nəfəri 26-35, 35 nəfəri 36-45 yaş, 36 nəfəri 46-55 yaş, 55 nəfəri 56-70 yaş arasında, 23 nəfəri isə 70 yaşdan yuxarı olublar.

Sakinlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir. Belə ki, 62 nəfər şəxs son 1 ay ərzində, 34 nəfər 3 ay öncə, 25 nəfər son altı ay ərzində, 31 nəfəri 1 il ərzində, 9 nəfər isə son 3 il ərzində tibbi müayinələrdən keçib. 36 nəfər sonuncu dəfə 5 və daha çox il öncə tibbi müayinədə olub.


Müəllif: İlhamə Əbülfət