19 Fevral 2018 14:38
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 3-də Ankaradakı Türk Hüquq Qurumunun salonunda Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Araz Qurbanov “Nə üçün həmşinlilər? Ermənistanın sözdə “erməni məsələsi” siyasətində həmşinlilər üzərində oyunlar” mövzusunda çıxış edəcək.

Teleqraf.com xəbər verir ki, Türkiyədəki Çamlıhəmşin Təhsil və Mədəniyyət Dərnəyinin (ÇAMDER) və Çamlıhəmşin Vəqfinin (ÇAHEV) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyənin Şərqi Anadolu və Qara dəniz bölgəsinin alim və ziyalıları iştirak edəcəklər.

Səfər müddətində A.Qurbanov özlərini etnik türk kimi identifikasiya edən həmşinlilərin sıx yaşadığı Rizə, Hopa, Artvin, Çamlıhəmşin, Ərdahan, Van və sair bölgələrdə ekspedisiyada olacaq, tarixi-etnoqrafik materiallar toplayacaq.

Qeyd edək ki, A.Qurbanovun ötən ilin sonlarında çapdan çıxmış “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında qaldırılan etnosiyasi məsələlər, eləcə də Ermənistanın “müsəlman ermənilər” və məqsədli şəkildə “etnik erməni” kimi təqdim etdikləri həmşinlilər amilindən istifadə etməklə Azərbaycana və Türkiyəyə qarşı fəaliyyətlərinin ifşası Türkiyədə də maraqla qarşılanıb.


Müəllif: Səxavət