21 Avqust 2014 11:15

Ehsan Zahidov: “Silahı könüllü təhvil verənlər məsuliyyətdən azaddırlar”

Bakıda, regionlarda silah-sursat tapılması barədə məlumatlara tez-tez rast gəlirik. Sonuncu dəfə iki gün əvvəl paytaxtın Nəsimi rayonunda, Tibbi Universitetinin ərazisində silah-sursat aşkarlanaraq götürüldü.
Yəqin ki, silahların necə tapılması və onların sonrakı aqibəti çoxlarına maraqlıdır. Silah-sursata döyüş bölgəsində deyil, paytaxtda tez-tez rast gəlinməsi isə mövzunun daha diqqətçəkən məqamlarındandır.
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, əslində silah-sursat tapılmasında bəzilərinə məlum, bəzilərinə isə naməlum olan məqamlar var: “Bəzən bu üsuldan müəyyən instansiyaların peşəkarlığını önə çıxaran bir vasitə kimi istifadə olunur.

Ekspert deyir ki, iyirimi ildən artıqdır atəşkəs elan olunub və bu müddət ərzində kimdə hansı silahların qalması barədə polis idarələrində də, aidiyyəti şəxslərdə də kifayət qədər məlumat var: “Sadəcə, eyni silahı bir neçə dəfə ”axtarıb tapmaqla" məsələni gündəmdən düşməyə qoymurlar. Hər bir silahın nömrəsi, seriyası, hansı quruma aid olduğu barədə məlumat verilməlidir. Nadir hallarda ola bilər ki, silahın nömrəsi pozulsun və ya nömrəsiz olsun. Nə qədər ki, tapılan silahların seriyası açıqlanmayacaq, ortada müəyyən şübhələr qalacaq. Maraqlıdır silah-sursat döyüş bölgəsində deyil, paytaxtda tapılır. Bu da müəyyən suallar yaradır".

“Xüsusi komissiya yaradılaraq onların nəzarətində məhv edilir”

Hərbi ekspert Azad İsazadə də deyir ki, indiyədək tapılan silahlar barədə ətraflı açıqlama verilməyib. Yəni, silahla cinayət törədilib-törədilmədiyi, kimə məxsus olduğu və sair vacib məlumatlar barədə açıqlama olmayıb: “Bir şey aydındır ki, yoxlanılır, xüsusiyyətləri araşdırılır, silahla cinayət törədilib-törədilmədiyi müəyyənləşdirilir. Silah-sursat tapılması nə vaxtsa baş vermiş cinayət işinin açılması üçün də vasitə ola bilər”.

Tapılan silahların sonrakı aqibətinə gəlincə, ekspert uzun müddət istifadəsiz qalmış, qulluq olunmayan silahların məhv edildiyini bildirdi: “Silahın üzərindəki seriyadan hansı quruma məxsusluğunu müəyyən etmək olur. Silahlar tapılanda yararsızdırsa məhv edilir, yararlıdırsa aidiyyəti quruma təhvil verilir. Qeyd edim ki, silah uzun müddət qulluq olunmayanda istifadəyə yararsız sayılır və xüsusi komissiyanın nəzarəti altında məhv edilir”.

“Bu həm də qanunsuz silah gəzdirənlər mesajdır”

Silahlardan cinayət törətmək məqsədilə istifadə edənlər də az deyil. Bunu il ərzində silahla törədilən cinayətlərin çoxluğu da sübut edir. Bu o deməkdir ki, əhalidə silah var və kiminsə istənilən vaxt cinayət törədə biləcəyi də istisna deyil. Bu barədə keçmiş polis rəisi Əmir Mehdiyev məlumat verdi.
Müsahibimiz deyir ki, sahə müvəkkilləri əhali arasında təbliğat aparır, qanunsuz silah saxlanmasının təhlükəli olması barədə məlumatlar verir: “Rayon və şəhər polis idarələrinin il ərzində əhalidən aşkar etdiyi qanunsuz silah-sursat müəyyən sənədləşdirmə işləri aparıldıqdan sonra Daxili İşlər Nazirliyinin anbarına təhvil verilir. Sonra isə silahların yararlı olub-olmaması ilə bağlı ekspert rəyi alınır. Yararlı silahlar saxlama anbarına təhvil verilir, yararsızlar məhv edilir. Tapılanlar arasında adətən kiçik ölçülü silahlar üstünlük təşkil edir. Tapançalar, avtomat, pulemyot, qumbara və patronlar çox olur”.

Bu silahlardan hər hansı bir güc orqanında istifadəyə gəlincə, Əmir Mehdiyev polislərin daha çox xidməti silahlarından yararlandığını bildirdi: “Qanunsuz saxlanılan odlu silahdan ağır cinayətlər törədilməsi hallarına rast gəlinir. Ona görə də bu istiqamətdə təbliğat aparılır, əhalidəki qanunsuz silahlar yığılır. Bu həm də qanunsuz silah gəzdirənlər mesajdır ki, silahınız varsa, gətirib təhvil verin”.

“Vətəndaş özü silahı qoyduğu yeri nişan verir”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, sözçüsü olduğu qurumda cinayətlərin törədilməsinə şərait yaradan qanunsuz silah-sursatın yığılması məsələsinə böyük önəm verilir və bu məqsədlə mütəmadi təbliğat aparılır: “Polislər yerlərdə profilaktik tədbirlər görür, söhbətlər aparırlar ki, kimdə və harada qanunsuz silah varsa, polisə təqdim etsinlər. İndiyədək törədilən cinayətlərdə belə qanunsuz silahlardan az istifadə olunmayıb. Silahların tapılması və bu yöndə təbliğat ancaq və ancaq əhalinin təhlükəsizliyinə yönəlmiş məqsədlə edilir”.

Silahların necə tapılmasına gəlincə, müsahibimiz deyir ki, çox vaxt vətəndaş özü anonim olaraq zəng vurub silahı qoyduğu yeri nişan verir: “Bu yolla polis əraziyə baxış keçirərək silahı götürür. Bəzən isə silah gəzdirməyin qanunsuz olduğunu dərk edən vətəndaş özü silahı polisə təslim edir ki, bu zaman könüllü təhvil verdiyinə görə məsuliyyətdən azad olur”.

Naibə Qurbanova


Müəllif:
Загрузка...