14 Fevral 2015 06:42

2015-ci ildə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) və “BOS Shelf” MMC arasında imzalanmış müqaviləyə əsasən Qobustan Regional Təlim Mərkəzində istehsalatdan ayrılmaqla “quraşdırıcı çilingər” peşəsi üzrə yenidən hazırlanma kursları təşkil olunub.

Teleqraf.com ARDNŞ-nin saytına istinadən məlumat verir ki, kurslarda 3 qrupda 51 nəfər quraşdırıcı çilingər hazırlanır. Tədrisin nəzəri hissəsi əyani vəsait və avadanlıqlarla təmin edilmiş sinif otaqlarında, praktiki hissəsi isə “Quraşdırıcı çilingər” təlim emalatxanasında və qaynaq sexində keçirilir.

Burada dinləyicilərə istənilən profilli metal konstruksiyaların quraşdırılması, metalların kəsilməsi və qaynağa hazırlanması, işçi çertyoju üzrə quraşdırılması, texnoloji boru xətlərinin, boru armaturlarının və klapanların, həmçinin avadanlıqların, nasos-kompressorların quraşdırılması və təmiri işləri öyrədilir.

İxtisas fənləri ilə yanaşı kurslarda həmçinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları, elektrik təhlükəsizliyi, yanğından mühafizə, ilk tibbi yardım da tədris edilir. Kursun sonunda nəzəri və praktiki imtahanlardan müvəffəqiyyətlə keçən dinləyicilərə TTSİ-nin sertifikatları veriləcək.


Müəllif: