2 Mart 2015 15:48

Bakı Dövlət Universitetində “2015 – Çin Yeni iliniz mübarək” adlı tədbir keçirilib.

BDU-nun nəzdindəki Konfutsi İnstitutu tərəfindən təşkil olunan tədbirdə müvafiq qurumların nümayəndələri, azərbaycanlı və çinli tələbə gənclər iştirak ediblər.

Tədbirdə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə ölkəmiz ilə Çin arasındakı əlaqələrin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb, Bakı Dövlət Universitetinin Çin Xalq Respublikasının (ÇXR) Anhoy Universiteti ilə əlaqələri və BDU-nun nəzdindəki Konfutsi İnstitutunun fəaliyyəti barədə məlumat verib.

Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli
isə bildirib ki, rəhbərlik etdiyi institut 2011-ci ildə yaradılıb. Tələbələr, gənclər burada Cin dilini, ədəbiyyatını öyrənir, Çinin tarixi, mədəniyyəti ilə tanış olurlar.

Universitetin nəzdindəki Konfutsi İnstitutunun bu ali məktəbin “Gənc İstedadlar” liseyində, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında, “ADA” Universitetində, Azərbaycan Dövlət İnformasiya Agentliyində, Xəzər Universitetində və digər qurumlarda filialları yaradılıb.

Çinin Azərbaycandakı səfiri Xun Tsyuin ölkələrimizin dostluq münasibətlərindən bəhs edib. Diplomat BDU-nun nəzdindəki Konfutsi İnstitutunun fəaliyyətini yüksək dəyərləndirib.

Konfutsi İnstitutunun ÇXR tərəfindən direktoru Hu Fenxua Yeni il bayramı münasibətilə xoş arzularını bildirib.

Tədbirdə Çinin milli adət-ənənələri, mərasimləri, bayramları barədə məlumat verilib. Sonra Çin Yeni ili bayramına həsr edilən şənlik olub.


NİGAR


Müəllif: