23 May 2014 15:41
1 258

Mayın 23-də Gənclər və İdman Nazirliyi, Təhsil, İqtisadiyyat və Sənaye nazirliklərinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) IX “Məzun-2014” ümumrespublika yarmarkası keçirilib. Yarmarkada 100-dən çox dövlət qurumu, sənaye müəssisələri, şirkət və banklar iştirak edib.

Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Təhsil naziri Mikayıl Cabbarov, İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev və ADİU-nun rektoru Ədalət Muradov yarmarkaya baxış keçiriblər.

“Məzun-2014” yarmarkasında rekord göstərici qeydə alınıb, tədbirdə 2500-ə qədər məzun iştirak edib. Eyni zamanda 12 ölkənin (ABŞ, Türkiyə, Rusiya, Kanada, Böyük Britaniya, Almaniya, Avstriya, Estoniya, Litva, Bolqarıstan, Ukrayna, Gürcüstan) 67 universitetinin məzunu da qatılıb.

“Məzun-2014” yarmarkasında gənclərə 1000-ə yaxin vakant iş yeri təklif olunub. Bu da indiyə kimi qeydə alınmamış nəticədir.

Yarmarka çərçivəsində işəgötürənlər məzunlara müxtəlif ixtisaslar üzrə vakant iş yerləri, staj keçmə, təqaüd və təcrübə proqramları da təqdim ediblər.

Tədbir çərçivəsində Bakının Səbayel rayonunun 132-134 saylı təhsil kompleksinin XI sinif şagirdlərinin yarmarka ilə tanışlığı da təşkil olunub.

Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatı ilə “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi birgə yarmarkada valideyn himayəsindən məhrum olmuş, xüsusi diqqət və qayğıya ehtiyacı olan yeniyetmələrin hazırladığı rəsm və tətbiqi sənət işlərindən ibarət satış-sərgisi də keçirilib. Sərgidə satılan əl işlərindən yığılan vəsait ehtiyacı olan şəxslərə veriləcək.

Bundan başqa, gün ərzində tələbə və məzunlar üçün özəl şirkətlər tərəfindən müxtəlif uduşlu lotereyalar, hədiyyə kampaniyaları, müsabiqələr, mükafatlandırmalar və digər həvəsləndirmə tədbirləri həyata keçirilib.

Yarmaka bitdikdən sonra müraciət edən bütün məzunların CV-ləri dövlət qurumlarına və özəl şirkətlərə təqdim edilib.

NİGAR


Müəllif: