7 İyul 2015 23:22

Bu gün ədliyyə naziri yanında İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iclasda Komitənin son iki illik fəaliyyəti dövründə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Çingiz Qənizadə qurumun koordinatoru seçilib.

Tədbirə qatılan ədliyyə naziri Fikrət Məmmədov ölkə başçısı cənab İlham Əliyevin respublikamızda həyata keçirilən proseslərdə, dövlət orqanlarının fəaliyyətində ictimai nəzarətə müstəsna əhəmiyyət verdiyini, ictimaiyyəti daha fəal olmağa çağırdığını vurğulayaraq bildirib ki, ədliyyə sistemində aşkarlığın genişləndirilməsi, ictimai etimadın yüksəldilməsi, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi daim diqqətdə saxlanılır, bu sahədə ictimai iştirakçılıq geniş tətbiq olunur.

Nazir ədliyyə fəaliyyətində səmərəli ictimai nəzarət mexanizmi kimi İctimai Komitənin mühüm rolunu vurğulayaraq ədliyyənin müxtəlif sahələri üzrə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, müvafiq tövsiyələr verib.

Komitə üzvləri Ədliyyə Nazirliyinin fəaliyyətində aşkarlığa və şəffaflığa xüsusi önəm verilməsini, ictimaiyyət üçün açıqlığını qeyd edərək bu sahədə vətəndaş məmnunluğuna xidmət edən məqsədyönlü islahatların şahidi olduqlarını qeyd edib, Komitənin ədliyyənin ayrı-ayrı istiqamətləri üzrə fəaliyyətdə iştiraka cəlb olunmalarından məmnunluqlarını ifadə edərək bu sahədə görülən mühüm işlərə töhfə verməyə hazır olduqlarını vurğulayıb, konkret təkliflər irəli sürüblər.

Sonda nazir qurumun üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim edib və uğurlu fəaliyyət arzulayıb.

Qeyd edək ki, ötən dövr ərzində Komitə tərəfindən penitensiar müəssisələrə 315-dən artıq başçəkmə həyata keçirilərək məhkumların saxlanma şəraiti və islah prosesinə xüsusi diqqət yetirilib, müvafiq tövsiyələr verilib, 1600-ə yaxın məhkuma müxtəlif məsələlərlə bağlı hüquqi yardım göstərilib.


Müəllif:
Загрузка...