11 İyun 2014 15:35
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhəri və ətraf qəsəbələrdə yeni mənzillərin satınalınması ilə əlaqədar açıq tender keçirir.

Teleqraf.com-un məlumatına görə, Nazirlər Kabinetinin ayırdığı investisiya bölgüsünə uyğun olaraq keçirilən tender ümumilikdə təxminən 6250 kvadrat metr sahəni əhatə edəcək mənzillərin alınmasını nəzərdə tutur.

Tenderin şərtlərinə görə, əlilliyi olan şəxslərə veriləcək mənzillərin daxili sahəsinin bölgüsü və təmiri onların fiziki vəziyyətinə və şəxsi tələbinə uyğun aparılmalıdır.

Ümumilikdə tələb olunan mənzillərin və əhatə etdiyi sahənin hansı hissəsinin əlilliyi olan şəxslərin istifadəsinə verilməsi yekun müqavilə imzalanmamışdan əvvəl müəyyən ediləcək.

Müvafiq hüquqi və fiziki şəxslərin tenderdə daha geniş tərkibdə iştirakının təmin olunması və daha keyfiyyətli işlərin aparılmasına xidmət edəcək çoxtərəfli rəqabət mühitinin yaradılması məqsədilə tenderin müddətinin uzadılması qərara alınıb.

Tender üzrə hüquqi sənədlərin təqdim olunma müddəti 2 iyul 2014-cü ilədək, tender təkliflərinin təqdim olunma müddəti isə 8 iyul 2014-cü ilədək davam edəcək. Tender təkliflərinin açılış tarixi isə 9 iyul 2014-cü il tarixədək uzadılıb.

Naibə


Müəllif: