22 Aprel 2014 19:30

Bakı Ağır Cinayətlər Məhkəməsində İrlandiya vətəndaşını qarət etməkdə günahkar bilinən Şirvan şəhər sakini, 1990-cı il təvəllüdlü Azad Adişirinovun məhkəməsi başlayıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçən prosesdə prokuror ittiham aktını elan edib.

Teleqraf.com xəbəbr verir ki, ittihama görə, ötən ilin yayında Azad Adişirinov İrlandiya vətəndaşı Niyam Bakiyevi soyub. İrlandiya vətəndaşının bir qızla İçərişəhərdəki “Kings Plaza” otelindən çıxdığını görüb ona yaxınlaşan soyğunçu əcnəbidən içərisində 300 manat olan pul kisəsini alıb. Nabələd qonağın müqaviməti fayda verməyib. Azad Adişirinov Niyam Bakiyevin qolunu dişləyib həm pul kisəsini, həm də mobil telefonunu alaraq aradan çıxıb.

Prosesdə ifadə verən Azad Adişirinov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, hadisə vaxtı içkili olduğunu deyib. Müttəhimin sözlərinə görə, əcnəbi ilə İçərişəhərdə məhlələrdən birində rastlaşıb: “Onunla təxminən 10-15 dəqiqə söhbət etdik. Mən hər insanla tez ünsiyyət qurmağı bacarıram. Bu müddət ərzində həmin əcnəbi ilə də münasibət qurdum. Sonra 10 manat istədim, o da pul kisəsini çıxararaq mənə 10 manat verdi. Gördüm kisədə yenə pul var. Bütün pulları götürmək qərarına gəldim. Buna görə də əlində olan pul kisəsini qapdım. Bu zaman əcnəbi mənə müqavimət göstərdi və qolumdan yapışdı. Onun əlindən çıxmaq üçün barmağını dişlədim. İttihamda yazıblar ki, guya onu döymüşəm. Əslində belə bir hal olmayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, əcnəbi vətəndaşı vurmağa ürəyi gəlməyib. Buna görə də barmağını dişləyib: “Əgər barmağını dişləməsəydim, məni buraxan deyildi. Bu zaman onun mobil telefonu da yerə düşdü. Buna görə telefonu da götürdüm. Həmin vaxt yanımda başqa heç kim olmayıb. Cinayəti tək törətmişəm. Əməlimdən də peşmanam”.

Zərərçəkmiş şəxsin özü Azərbaycanda olmadığı üçün məhkəmədə onun nümayəndəsi iştirak edib. Əcnəbinin nümayəndəsi təqsirləndirilənə qarşı şikayət və tələblərinin olmadığını deyib. Məhkəmə davam edir.

Hacı


Müəllif: