14 Sentyabr 10:26

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi məhkumu azadlığa buraxmaq adı ilə dələduzluq etməkdə təqsirli bilinən İlham Abasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, İlham Abasovun 8 il azadlıqdan məhrum edilməsini istəyib. Növbəti proses sentyabrın 21-də davam edəcək.

İttihama görə, İlham Abasov 2007-ci ilin iyul ayında təmsil etdiyi “Rüşvətxorluğa və başqa neqativ hallara qarşı vətəndaş nəzarət şurası” adlı qurum Ədliyyə Nazirliyində müvafiq qaydada hüquqi şəxs kimi qeydiyyata alımadığı halda, özbaşna özünü vəzifəli şəxs kimi, yəni həmin şuranın Nərimanov rayon nümayəndəliyinin rəhbəri kimi təqdim edib, heç bir hüquq və səlahiyyəti olmadan Cuma Ömərova qarşı dələduzluq edən Cavid Kərimbəyli, Gülazə Nuriyeva, Sahil Quliyev və başqalarını şuranın inzibati binasına dəvət edib, orada həmin şəxslərdən izahat alıb.

Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə İntiqam Sərdarlıya atası Bəxtiyar Hüseynova ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində ibtidai istintaq aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz narkotik) maddəsi ilə ittihamı daha yüngül cəza verəcəyi adı ilə aldadıb.

O, bu adla tanışları Şakir Həşimov və Təyyar Şirinovun vasitəsi ilə 2008-ci ildə ümumilikdə İntiqam Sərdarlının 40 min 561 manatını dələduzluq yolu ilə ələ keçirib

Daha sonra zərərçəkmişlərin şikayəti əsasında İlham Abasov barəsində cinayət işi başlanıb. Lakin o, istintaqdan yayınaraq, Rusiyaya qaçıb.

2009-cu ildə Səbail Rayon Məhkəməsinin qərarı ilə İlham Abasovun barsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məhkəmə onun barəsində axtarışla bağlı qərar çıxarıb.

2017-ci il fevralın 16-da İlham Abasov Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərində Beynəlxalq Hava Limanında saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) maddələri ilə ittiham olunur.


Müəllif: Hacı Zeynalov