15 Yanvar 2018 13:11
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qaynını öldürməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin atası Abdulla Abıyev ifadə verib.

O bildirib ki, Amin Bayramovu oğlunun qətlə yetirməsindən xəbərsiz olub: “Oğlum bizimlə bir yerdə yaşamırdı. Eşitdim ki, Seymur dəniz kənarından mərhum Amin Bayramovun telefonunu tapıb. Oğlumun onu öldürməsi barədə məlumatı cinayətin üstü açılanda bildim”.

Qətlə yetirilən Amin Bayramovun atası isə bildirib ki, hadisədən sonra təqsirləndirilən şəxs oğlunun telefonunu dəniz kənarından tapıb. Onun sözlərinə görə, oğlunun kredit götürməsini əvvələr bilməyib.

Amin Bayramovun atası oğlunun qatilinə ən ağır cəzanın verilməsini istəyib.

Hakim bildirib ki, təqsirləndirilən Seymur Abıyev Amin Bayramovu qətlə yetirəndən sonra onun telefonunu dəniz kənarından tapdığını deyib: "Belə yalan danışmaqda məqsəd nə idi?" Seymur Abıyev cavab verib ki, hadisədən sonra ilk ağlına gələn bu olub: “Əvvəl hadisəni gizlətmək istədim, sonra gedib könüllü təslim oldum”.

Növbəti proses yanvarın 22-də davam edəcək.

İttihama görə, bu il avqustun 13-də Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşdüyünü, bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib.

İlkin araşdırmalarla Amin Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu Seymur Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib.

Barəsində polis əməkdaşlarında yaranmış şübhəli məqamlara aydınlıq gətirilməsi məqsədilə Sabunçu rayon Polis İdarəsinə çağırılmış Seymur Abıyev izahatında qaynı Aminin onlara gəldiyini, şəxsi ehtiyaclarını ödəmək məqsədilə ona 90 manat məbləğində pul verdikdən sonra mənzili tərk etdiyini göstərib.

Bundan iki gün sonra isə o, cinayətin izini itirmək məqsədilə həqiqiliyi şübhə doğuran növbəti izahat verib və bununla da Amin Bayramovun itməsi faktı ilə birbaşa əlaqəsi olduğu üzə çıxıb.

Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu rayon Polis İdarəsi və prokurorluq əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Amin Bayramovun avqustun 12-də Binə qəsəbəsində münaqişə zəminində Seymur Abıyev tərəfindən küt alətlə qətlə yetirildiyi və həyətdə basdırıldığı müəyyən edilib.

Polis və prokurorluq əməkdaşları avqustun 25-də dərhal Binə qəsəbəsinə gələrək məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirib, meyit basdırıldığı yerdən çıxarılıb. Seymur Abıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seymur Abıyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. O, özünü elan olunan ittiham üzrə təqsirli bilib. Etiraf edib ki, qaynı Amini öldürməkdə günahkardır. Seymur Abıyev qaynı ilə pul borcu üstündə mübahisə etdiyini və onu öldürdüyünü deyib.


Müəllif: Hacı Zeynalov