24 Aprel 2018 13:15
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirləndirilən Vüqar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Vüqar Həsənovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili bildirib ki, müvəkkili qətli müdafiə zamanı törədib, onun niyyəti özünü qorumaq olub. O, müvəkkilinə yüngül cəza təyin edilməsini xahiş edib.

Son sözlə çıxış edən Vüqar Həsənov bildirib ki, o, qətli törətməsəyidi, zərərçəkmiş onu öldürəcəkdi. O, barəsində ədalətli qərar qəbul edilməsini istəyib.

Daha sonra hakimlər hökm müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakim heyəti hökmü elan edib.

Vüqar Həsənovun cinayəti qətli özünümüdafiə məqsədilə törətdiyi qanyyətinə gələrək onun barəsində bəraət hökmü çıxarıb. Onun silah saxlama maddəsi ilə isə 9 ay müddətinə azadlıq məhrum edilib.

İttihama görə, ötən ilin oktyabrında Xətai rayonu ərazisində paytaxt sakini, 31 yaşlı Vüqar Həsənov Elşən Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb isə mərhumun Allaha və peyğəmbərə qarşı üsyanedici ifadələr işlətməsi olub.

Elşən Məmmədovun azyaşlı övladı xərçəng xəstəliyindən dünyasını dəyişib. Vüqar Həsənov da dostunun oğlunun yas mərasimi günü orada iştirak edib.

Elşən Məmmədov oğunun ölməsinə üzüldüyünü söyləyib, buna görə Allahı və peyğəmbəri günahkar bilib, həmçinin nalayiq ifadələr işlədib. Daha sonra Vüqar Həsənov dostuna etiraz edib. Onlar mübahisəni yas mərasimindən kənarda etməyə başlayıblar.

Mübahisə qanlı sonluqla nəticələnib. Onlar bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər. Nəticədə ağır xəsarət alan Vüqar Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı Elşən Məmmədov isə hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, onlar eyni məhəllədə yaşayıb və dost olublar. Hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.


Müəllif: Hacı Zeynalov