2 Fevral 2015 10:16
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində ağır yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən Gündüz Balakişiyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin mayın 11-də Xətai rayonu Nobel prospektində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Gündüz Balakişiyevin idarə etdiyi “Mercedes” markalı və 1970-ci il təvəllüdlü Bəxtiyar Həbibovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə, “Mercedes” markalı avtomobilin sərnişini 1989-cu il təvəllüdlü Natiq Cəfərov Neyrocərrahiyə xəstəxanasına, Bəxtiyar Həbibov və sərnişinləri 1944-cü il təvəllüdlü Firəngiz Həbibova, 1961-ci il təvəllüdlü Təranə Həbibova 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Firəngiz Həbibova xəstəxanada ölüb. Digər şəxslərə tibbi yardım götərilməsi nəticəsində həyatlarını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı müəyyən edilib ki, yol qəzasının törədilməsində Gündüz Balakişiyev günahkardır.
Onun barəsində Cinayət Məcəlləsinin 263-cü (yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır, ağır zərər vurma və yaxud ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gündüz Balakişiyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Gündüz Balakişiyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan olunub. Qərara görə, Gündüz Balakişiyevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 7 ilə endirilib.

Hacı Zeynalov


Müəllif: