17 May 14:17

Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etdi.

Azərbaycan-Rusiya əlaqələri, həmçinin, ÜAK-ın Rusiya cəmiyyətində tutduğu mövqe fonunda bu qərar təəssüf doğurmaya bilməz. Lakin məsələnin alt qatında nələrin baş verdiyi, bu oyunun arxasında kimlərin dayandığını da aydınlaşdırmaq vacibdir. Çünki məhkəmənin əsas gətirdiyi arqumentlər və bu bəsit arqumentlərə əsasən Bakı-Moskva münasibətlərinə zərər vura biləcək qərarın qəbul edilməsi düşündürücüdür.

“Təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi”: “rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması və s.

Bu və digər dəlillərin hər hansı bir qurumun, xüsusilə, ÜAK kimi geniş çaplı bir təşkilatın ləğvi üçün yetərli olmadığı aydındır. Lakin gətirilən dəlilləri asanlıqla dırnaq arasına almaq olar. Çünki məsələ məhkəmə keçirib, müxtəlif “dəlillər” gətirmək yox, bu oyunu quranların kimliyi və məqsədləridir.

ÜAK-ın ləğvi ilə bağlı qərar veriləndə ilk nəzərlər Moskvaya, birbaşa Kremlə yönəlir. Belə rəy yaranır ki, iki ölkə arasındakı münasibətlər fonunda bu qədər ciddi qərarın verilməsində Rusiya prezidenti Vladimir Putinin rolu var. Lakin Rusiyanın böyük güc etmək istiqamətində mübarizə aparan Putinə Azərbaycanla münasibətlərə zərər verəcək addım atmaq lazımdırmı? Həqiqətənmi Rusiya rəhbərliyi indiki məqamda Bakını incidəcək gedişlər edərmi?

Birincisi, Rusiya-Azərbaycan münasibətləri ən yüksək dövrünü keçirir. Hələ ümummilli lider Heydər Əliyev dövründə Azərbaycan Rusiya ilə münasibətlərə böyük önəm verirdi. Eyni siyasi kurs Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan Prezidenti ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atıb. Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin siyasi və diplomatik əlaqələrlə yanaşı, şəxsi dostluq münasibətləri də iki ölkənin qarşılıqlı əlaqələrinə müsbət təsirini göstərir. Faktiki olaraq, iki ölkənin münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Münasibətlərin bu səviyyəsi hər iki ölkənin dövlət maraqlarına uyğundur. Bu baxımdan, ÜAK-la bağlı qərarın arxasında birbaşa Rusiya rəhbərliyinin dayanması ehtimalı zəifdir.

İkincisi, Azərbaycan beynəlxalq arenada həmişə Rusiyaya açıq dəstək verib. Misal üçün, Bakının anti-Rusiya sanksiyalarına qoşulmaması və bu ölkə ilə iqtisadi əlaqələri davam etdirməsi, rusların Qərb qarşısında duruş gətirə bilməsinə öz töhfəsini verdi. Bu gün regionda Rusiyanın müttəfiqi hesab olunan Ermənistan belə istənilən vaxt Moskvaya arxadan zərbə vurmağa hazırdır, lakin Azərbaycan daim etibarlı münasibətlərin əsas tərəflərindən biri olub.

Üçüncüsü, Bakını incitmək, ən azından bunu indi etmək Moskvanın marağına uyğun deyil. Çünki ABŞ-la qarşıdurmada olan Rusiyaya regionda strateji tərəfdaşlar vacibdir. Bu da faktdır ki, ABŞ-ın Cənubi Qafqazı tamamilə təsir dairəsinə ala bilməməsinin əsas səbəbi məhz Bakının balans siyasətidir. Hansı ki, Azərbaycan balans siyasətindən imtina etsə, onun yer aldığı cəbhə regiona hakim olacaq.

Bütün bunlar Azərbaycana qarşı hücumun arxasında Putinin yox, Kremldəki anti-Azərbaycan, ermənipərəst, eləcə də Rusiyanın dövlət maraqlarının əleyhinə hərəkət edən qüvvələrin dayandığını göstərir.

Burada bir məqamı xatırlamaq vacibdir: Kremlin mediada “sözçüsü” hesab olunan jurnalist Vladimir Solovyev Bakıda Prezident İlham Əliyevlə görüşü haqda sonradan maraqlı bir açıqlama verdi: “Biz Prezident İlham Əliyevlə Rusiya-Azərbaycan münasibətləri haqda danışanda mən dedim ki, “Rusiya Azərbaycanı heç vaxt satmaz”. O, etiraz etdi və bildirdi: “Putin heç vaxt satmaz”.

Bu kiçik detal özlüyündə Rusiyanın Azərbaycana münasibətini aydın göstərir və o fikri gücləndirir ki, “Kremldə Putinə qarşı olan qüvvələr var”.

Əslində Rusiya kimi böyük ölkədə hakimiyyət daxilində maraq dairələrinin olması təəccüblü deyil. O da təəccüblü deyil ki, bu dairələr bir çox hallarda dövlətin əleyhinə addımlar atır. Belarus prezidenti Aleksandr Lukaşenkonun bir neçə ay öncə dediyi “Mən onu yaxşı başa düşürəm, hər şeyi o, həll etmir, Rusiyada Putinə qarşı olan qüvvələr var” sözlər də bu gün ÜAK-la bağlı verilən qərarın Azərbaycan-Rusiya münasibətlərinə “çomaq soxmaq” istəyənlərin işi olduğunu göstərir.

Və Türkiyə-Rusiya qarşıdurmasına səbəb olan təyyarə hadisəsi və bunun arxasında FETÖ-nün dayandığı faktının ortaya çıxması da Putinə qarşı qüvvələrin ola biləcəyinə əsas nümunədir.

Anti-Azərbaycan və Rusiya dövlətinin maraqlarına qarşı çıxanların kimliyini görmək üçün lupaya ehtiyac yoxdur:

- Rusiyada yaşayan ermənilər
- Bu ölkənin dövlət strukturlarındakı erməni lobbisi

(Burada Putinə hakimiyyətinə qarşı olan qüvvələrin olması ehtimalı da var, lakin məsələ ümumilikdə ermənipərəst maraqlardan gedir. Güman ki, anti-Putinçilər öz hədəflərinə nail olmaq üçün bu situasiyadan yararlanırlar).

Hədəf aydındır:

a) ÜAK-ın qeydiyyatının ləğvi edilməsi Rusiyada Azərbaycan diasporunun fəaliyyətinin zəifləməsi ilə nəticələnə bilər. Halbuki, son zamanlar Azərbaycan diasporunun güclənməsi bu ölkədəki erməni diasporunun mövqelərinin zəifləməsinə səbəb olmuşdu. Bu isə Rusiya ictimaiyyətində xüsusilə Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın mövqeyini müdafiə edənlərin sayının artması ilə müşahidə olunurdu.

b) Bu qərarı verənlər Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq və Ermənistanın maraqlarını təmin etmək niyyətindədirlər. Ötən il baş verən “aprel müharibəsi”ndə Ermənistanın gözlədiyinin əksinə olaraq, Rusiyanın neytrallıq nümayiş etdirməsi sübut etdi ki, Bakı-Moskva münasibətləri düşmənlərin istədiyi səviyyədə deyil. Bu, Ermənistan üçün ciddi zərbə oldu.

c) Bakı-Moskva münasibətlərində soyuqluq yaranması Rusiya-Türkiyə münasibətlərinə də mənfi təsir göstərə bilər. Rusiya-Türkiyə yaxınlaşmasını istəməyən əsas ölkə Ermənistandır. Çünki bu, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ədalətli mövqeyinə uyğun həllinə təsir edə bilər. Lakin Ermənistanla yanaşı, Moskva-Ankara münasibətlərinin soyuqlaşmasında Qərb dairələri də maraqlıdır.

Bura qədər məsələnin mahiyyəti aydın görünür: ermənilərin əlinə oynayan gediş.

Lakin ÜAK-ın qeydiyyatının ləğv edilməsinin son dövrlər Rusiyanın Ermənistana artan dəstəyi fonunda baş verməsi əlavə suallara səbəb olur.

Rusiyadan Ermənistana hərbi yardımlar artır; Gümrüdəki 102-ci hərbi bazanın genişlənməsi ilə bağlı razılıq əldə olunub; Gümrüdə Rusiya-Ermənistan birgə müdafiə sənayesinin yaradılması müzakirə edilir.

Bu ilin aprel ayında Moskva restoranlarının birində Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın 60 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Mərasimdə iki qonaq xüsusilə diqqət çəkirdi: Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov və Rusiya xarici işlər naziri Sergey Lavrov. Vladimir Putin də erməni yubilyara təbrik məktubu göndərmişdi.

Rusiya Erməniləri İttifaqının sədrinə təntənəli yubiley keçirən Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsinin səbəbi nədir? Bu prosesdə Rusiyanın siyasi rəhbərliyi hansı mövqedə dayanıb? Ermənini təbrik edən Putin azərbaycanlılara qarşı hücumla bağlı niyə susur? Moskva Azərbaycan kimi strateji tərəfdaşı itirməkdən çəkinmirmi? Bu suallar hələlik açıq qalır.

Amma bu prosesdə Rusiyanın itkiləri də az deyil:

1. Rusiyanın regionda birtərəfli mövqeyinə faktiki olaraq kölgə düşdü.
2. Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri missiyasında şübhəli suallar meydana çıxdı.
3. Və bütün bunlardan ən böyük zərəri Rusiyanın regiondakı maraqları görəcək. Təbii ki, Putin prosesin qarşısını almasa...


Müəllif: Asif Nərimanlı